19 yaşadək futbolçulardan ibarət millimiz Antalyada təlim-məşq toplanışını davam etdirir. Ayın 4-dən etibarən qardaş ölkədə olan Aqil Nəbiyevin baş məşqçisi olduğu komanda artıq bir yoldaşlıq matçı da keçirib. Fevralın 6-da yığmamız Tacikistanın U-20 komandası ilə oynayıb və 1:2 hesabı ilə məğlub olub.
Nəbiyev həm hazırlıq, həm də keçirdikləri yoldaşlıq görüşü ilə bağlı Qaynarinfo-ya açıqlama verib:
"U-19 Liqasının oyunlarından sonra komandanı Türkiyəyə apardıq. Ayın 4-ü 5-i məşq keçdik. 6-sı Tacikistanın bizdən iki yaş böyük komandası ilə yoldaşlıq görüşü keçirdik. Təbii ki, komandamızda çatışmazlıqlar var. Zədəli futbolçumuz yoxdur. Amma ad çəkməyəcəyəm, bəzi klublar 3-4 futbolçumuzu milliyə buraxmadılar. Çünki rəsmi oyunlar yoxdur və həmin uşaqları çempionatda oynadırlar.
Taciklərə gəlincə, keyfiyyətli yaxşı komanda idi. Üstəlik ikinci hissədə 9 dəyişiklik etdik. Bizim komandada müəyyən çatışmazlıqlar var. Hər halda Antalyaya təlim-məşq toplanışına getmişiksə, deməli, nələrisə qaydasına salmalıyıq. Fiziki durumumuzu düzəltmək üçün vaxt yoxdur. Amma taktiki-texniki cəhətdən komandanı inkişaf etdirməyə çalışırıq.
Bu gün Səudiyyə Ərəbistanı ilə oynayacağıq. Yaxşı, keyfiyyətli komandaları var. Futbolçuların hamısını görmək, onlara şans yaratmaq istəyirəm. Ayın 9-u istirahət edəcəyik. Məşqlərimiz normal şəkildə davam edir.
Bilirsiniz ki, noyabrda Avropa çempionatına gedəcəyik. Ona görə də bu təlim-məşq toplanışı bizim üçün vacibdir. Sağ olsunlar, bu toplanış üçün yoldaşlıq görüşü keçirməyə komanda tapdılar. Tacikistanla oynadıq. Səudiyyə Ərəbistanının U-19 komandası ilə iki dəfə qarşılaşacağıq. Ayın 12-i də ölkəyə qayıdacağıq”.
Səbuhi Həsənov
Şərhlər