"Ədalət və İnkişaf Partiyası (AKP) Türkiyə siyasətinin favoriti olaraq qalır və bələdiyyə seçkilərində də üstünlüyünü qoruyub saxlayacaq".
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Kənan Rövşənoğlu Türkiyədə martın 31-də keçiriləcək bələdiyyə seçkilərini şərh edərkən deyib.
"Türkiyədə bələdiyyə seçkiləri hər zaman siyasətin əsas barometrlərindən hesab olunub. Partiyalar üçün mərkəzi hakimiyyətə gedən yolda əsas keçid bələdiyyələr hesab edilir. Çünki bələdiyyə birbaşa xalqla təmas, dəstək almaq üçün əlverişli vasitə, eyni zamanda, idarəçilik təcrübəsidir. Bu mənada adətən bələdiyyə seçkiləri zamanı partiyalar 30 böyük şəhər bələdiyyəsi uğurunda deyil, hətta ən ucqar kənd və məhəllə muxtarlığı uğurunda ciddi mübarizə aparırlar", deyə Kənan Rövşənoğlu bildirib.
Siyasi şərhçi bildirib ki, əvvəlki illərdə olduğu kimi hazırda da əsas mübarizə hakim AKP və ana müxalifət CHP arasında gedir:
"Amma digər partiyalar da bölgələrdə görə ciddi rəqib hesab olunur. Məsələn, dindar bölgələrdə Yenidən Refah Partiyası AKP üçün ciddi rəqibdir. Kürd bölgələrində DEM nüfuz qazanmaqdadır. Bu partiya həm CHP, həm də keçmiş HDP üçün ciddi rəqibdir. Bundan başqa, 2019 seçkilərində CHP ilə ittifaqda olan İYİ Partiyanın bu dəfə müstəqil şəkildə iştirak etməsi birinci üçün ciddi riskdir. AKP ötən seçkilərdə itirdiyi Ankara və İstanbul bələdiyyələrini geri almaq üçün qollarını çırmalayıb. CHP üçün yuxarıda qeyd etdiyim risklər olsa da, partiya mübarizə aparır.
İndidən nəsə demək çətindir, amma əsas rəqabət İstanbulda olacaq. Mansur Yavaşın Ankarada postunu qoruyub saxlamaq ehtimalı yüksəkdir, çünki ötən dövrdə yaxşı işləyib, rəğbət qazanıb. İstanbulun bələdiyyə sədri də pis işləməyib, amma bu şəhərdə siyasi intriqalar daha dərin olub və AKP ölkənin ən böyük şəhərinin geri almaq üçün ciddi hazırlaşır. Bu mənada İstanbul haqqında indidən nəsə demək çətindir. Amma ümumilikdə düşünürəm ki, AKP Türkiyə siyasətinin favoriti olaraq qalır və bu seçkilərdə də üstünlüyünü qoruyub saxlayacaq".
Qeyd edək ki, martın 31-də Türkiyədə bələdiyyə seçkiləri keçiriləcək. Mübarizənin yenə də hakim AKP ilə əsas müxalif partiya olan CHP arasında gedəcəyi ehtimalı daha böyükdür. Xüsusən də onlar arasında əsas mübarizə böyük şəhərlər uğrunda olacaq.
Rüfət Sultan
Şərhlər