Xəbər lenti

Siyasət 13:00 10.02.2024

"Akıncı" Azərbaycan Ordusunun arsenalında: Yeni PUA-lar nə vəd edir?

"Bu silahların cəbhəxanamıza daxil olması Azərbaycan Ordusunun döyüş imkanlarını iki dəfə artıracaq". 

Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert İbrahim Rüstəmli Azərbaycanın Türkiyədən "Akıncı" PUA-larını almasını şərh edərkən deyib.

Hərbi ekspert bildirib ki, Azərbaycanın Türkiyədən "Akıncı"ları alması iki qardaş ölkə arasında hərbi əlaqələrin ən uğurlu mərhələsinin ifadəsidir:

"Bu PUA-lar həddən artıq yüksək dəqiqliyə, döyüş və manevr imkanlarına malikdir. Azərbaycan 30-dan çox ölkə ilə hərbi sahədə əməkdaşlıq edir. Bu ölkələrə dünyanın hərbi baxımdan inkişaf etmiş dövlətləri daxildir. Onlardan biri də Türkiyədir. Türkiyə öz tarixinin ən yeni dövrünü yaşayır. Bu ölkənin hərbi sənayesi son 5-10 ildə ciddi uğurlara imza atıb, dünya hərb tarixində yer alan silahlarla bazara daxil ola bilib".


 
Həmsöhbətimiz bildirib ki, Azərbaycanın Türkiyədən aldığı bu kimi silahlarla öz cəbhəxanasını gücləndirməsi birmənalı şəkildə Ordumuzun döyüş və manevr imkanlarını artıracaq:

"Canlı qüvvə itkilərinin qarşısını almaq baxımından "Akıncı"ların böyük əhəmiyyəti var. Müasir dövrdə ən yeni silahlardan istifadə olunur ki, burada da pilotsuz uçuş aparatlarına geniş yer verilir. Bu mənada müasir hərb elminin nailiyyətlərindən istifadə etməyimiz əslində onun verdiyi üstünlüklərə yiyələnməyimiz deməkdir".



Ekspert qeyd edib ki, zaman-zaman bu cür silahlarla hərbi cəbhəxanamızı gücləndirməliyik:

"Düşmən həmişə ayaqdadır. Müharibə istəmiriksə, döyüşə hazır olmalıyıq. Cənubi Qafqazda yeni geosiyasi vəziyyətin yaranması da əslində Azərbaycanın hərbi gücünün bariz nümunəsidir. 44 gün ərzində Azərbaycan Ordusu Ermənistan ordusunu, onun infrastrukturunu iflic vəziyyətə saldı. Bu da əldə etdiyimiz müasir hərbi silahlar və onları idarə edən yüksək peşəkarlı hərbçilərimiz hesabına başa gəldi. Ölkəmiz belə silahları gələcəkdə də alacaq. Çünki gərginliklərlə dolu bir dünyada yaşayırıq".

Qeyd edək ki, Azərbaycan Türkiyədən yeni "Akıncı" pilotsuz hücum uçuş aparatları (PUA) alıb. Həmin PUA-lar Hərbi Hava Qüvvələrində silahlanmaya qəbul edilib. Ötən gün Ali Baş Komandan, Prezident İlham Əliyev onlara baxış keçirib.

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->