Xəbər lenti

Venesuela müxalifəti prezident seçkisində qalib gəldiyini bildirdi
Dünya 14:28 29.07.2024

Venesuela müxalifəti prezident seçkisində qalib gəldiyini bildirdi

Venesuela müxalifəti hakimiyyət orqanlarının hazırkı prezident Nikolas Maduronun yenidən seçildiyini elan etdikdən sonra, bazar günü, iyulun 28-də keçirilən prezident seçkilərində öz namizədi Edmundo Qonzales Urrutiyanın qalib gəldiyini elan edib.

Qaynarinfo xəbər verir ki, bu barədə CNN yazır.

Ölkənin müxalifət lideri Mariya Korina Maçado bildirib ki, onların hesablamalarına görə, Qonzales 70%, Maduro isə 30% səs toplayıb.

"Biz qalib gəldik və bunu hamı bilir. Bütün beynəlxalq ictimaiyyət Venesuelada nə baş verdiyini və xalqın dəyişikliyə necə səs verdiyini bilir” deyən Maçado müxalifətin "həqiqəti müdafiə edəcəyini” bəyan edib.

Qonzales öz növbəsində seçkilər zamanı qaydaların pozulduğunu bildirib. Xüsusilə, yüksək vəzifəli müxalifət rəsmilərinin səslərin hesablanmasına qatılmasına icazə verilməyib, müxalifətin müşahidəçiləri bir neçə seçki məntəqəsindən qovulub.

Eyni zamanda, Qonzales aydınlaşdırıb ki, o, tərəfdarlarını küçələrə çıxmağa və ya hər hansı zorakılıq hərəkətləri etməyə təşviq etmir, - Reuters yazır.

ABŞ seçkiləri ilə bağlı araşdırmaları ilə tanınan "Edison Research” şirkətinin keçirdiyi sorğuya əsasən, Qonzalesin təxminən 65%, Maduro isə 31% səs alacağı proqnozlaşdırılırdı. Yerli şirkət olan "Meganalisis”, Qonzalesin 65%, Maduronun isə 14% səs alacağını proqnozlaşdırırdı.

Xatırladaq ki, iyulun 29-da Venesuela Milli Seçki Şurası səslərin 80%-nin hesablanmasından sonra Maduro-nun 51%-dən çox, müxalif Demokratik Unitar Platformanın namizədi Qonzalesin isə 44%-ni qazandığını elan edib.

ABŞ dövlət katibi Antoni Blinken bildirib ki, Birləşmiş Ştatlar "elan olunan nəticələrin Venesuela xalqının iradəsini və ya səslərini əks etdirmədiyindən ciddi narahatdırlar". O, seçki orqanlarını səsvermənin ətraflı nəticələrini dərc etməyə çağırıb.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->