Xəbər lenti

Rusiya XİN: “Almaniya senarisi”nin Ukraynada qətiyyən yeri yoxdur”
Dünya 15:36 31.10.2024

Rusiya XİN: “Almaniya senarisi”nin Ukraynada qətiyyən yeri yoxdur”

Rusiya hakimiyyəti Ukraynada müharibənin başa çatması üçün Kiyevin Rusiya tərəfindən işğal olunmuş ərazilər olmadan NATO-ya daxil olmasını ehtiva edən "Almaniya senarisini” istisna edir.

Qaynarinfo xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik "İzvestiya”ya bildirib.

"Ukraynanın istənilən bir hissəsinin NATO-ya daxil olması qəbuledilməzdir və yalnız münaqişəni daha da gərginləşdirmək cəhdi kimi qiymətləndirilə bilər. Bundan əvvəl NATO-nun Şərqi Avropa ölkələrinə irəliləməsi artıq Ukrayna ərazisində hazırkı münaqişənin səbəbi olub, ona görə də onların sonrakı irəliləyiş cəhdləri heç bir şəkildə həll variantı kimi qəbul edilə bilməz”, - Miroşnik deyib.

Qeyd edək ki, Ukraynanın NATO-ya daxil olması üçün "Almaniya senarisi” İkinci Dünya Müharibəsindən sonra Almaniyanın təcrübəsinin təkrarlanmasını nəzərdə tutur. Həmin dövrdə ölkənin yalnız qərb hissəsi (Almaniya Federativ Respublikası) Şimali Atlantika Alyansına daxil ola bilib, şərq hissəsi isə (Almaniya Demokrtaik Respublikası) SSRİ-nin təsir zonasında olub və Varşava Müqaviləsi Təşkilatına daxil edilib. 

İyulda Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, itirilmiş ərazilərsiz ölkənin NATO-ya daxil olub-olmamasına yalnız Ukrayna xalqı qərar verə bilər. "Əgər bizə alman modeli və ya hansısa başqa model, Koreya və s. modellər təklif olunursa, hər halda anlamalıyıq ki, bizə nə təklif olunur, kim təklif edir, nə üçün edilir. Bundan sonra bizim hamımızın fikri öyrənilməlidir. Təkcə mənim deyil, ilk növbədə cəmiyyətin, Ukrayna xalqının”, - deyə Zelenski vurğulayıb.

Eyni zamanda, Ukraynanın Qərb müttəfiqləri bu ilin payızında "Almaniya senarisini" ciddi şəkildə müzakirə etməyə başlayıblar, "Financial Times” yazır. NATO-nun keçmiş baş katibi Yens Stoltenberq bildirib ki, Kiyev NATO-ya üzvlük müqabilində ərazilərdən imtina edə bilər. "İstək varsa, həmişə həll yolu olacaq. 5-ci maddənin tətbiqini müəyyən edəcək bir xətt olmalıdır və Ukrayna bu sərhədə qədər olan bütün ərazilərə nəzarət etməlidir. Bu, beynəlxalq səviyyədə tanınan sərhədlə mütləq üst-üstə düşən xətt olmaya bilər”, - Stoltenberq bildirib.

Eyni zamanda, FT mənbələri etiraf ediblər ki, "ərazi müqabilində NATO” ideyasının həyata keçirilməsi həm Ukraynanın alyansa üzvlüyünə qəti şəkildə qarşı çıxan Rusiyanın mövqeyi, həm də ABŞ və digər NATO ölkələrinin bunu etməyə hazır olub-olmaması barədə dəqiq bir fikrin olmaması səbəbindən çətinliklə üzləşir.  

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->