Xəbər lenti

Qərb mediası Zelenskini niyə
Dünya 20:26 22.11.2023

Qərb mediası Zelenskini niyə "vurur"? (ŞƏRH)

"Hər bir demokratik cəmiyyətdə, ölkədə müxalifət var. İqtidar opponentləri mövcud səhvləri tənqid edir və seçkilər zamanı bu məqamdan məharətlə istifadə edirlər. Hesab etmirəm ki, rəsmi Kiyevin tənqidi Ukrayna elitasını Kreml ilə danışıqlara vadar etmək üçün edilir".
 
Bunu Qaynarinfo-ya açıqlamasında "Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu son zamanlar Qərb mediasında Ukrayna prezidenti Volodimir Zelenski əleyhinə sistemli şəkildə gedən yazıların arxasında dayanan məqamları şərh edərkən deyib.

Ərəstun Oruclu bildirib ki, Qərb mediasında Zelenski əleyhinə olan tənqidlər ilk növbədə bu ölkədəki korrupsiya ilə bağlıdır:

"İddialar var ki, Ukraynaya edilən yardımların böyük əksəriyyəti təyinatı üzrə xərclənmir. Məhz, bu kontekstdə də xeyli tənqidi qeydlər, şərhlər, məqalələr işıq üzü görür. Əlbəttə ola bilər ki, bunun arxasında başqa niyyətlər də dayanır. Bəlkə də Zelenskini sülh danışıqlarına vadar etməyə çalışırlar. Məsələ ondadır ki, savaşda balans yaranıb, artıq müharibə ölü nöqtədən tərpənmir. Çox kiçik mövqelər uğrunda taktiki döyüşlər gedir. Digər tərəfdən, Rusiya da güclənməkdədir. Amma Qərb ölkələrinin liderləri üçün müharibənin indiki mərhələdə dayanması və yaxud Rusiyanın qalib çıxması onların siyasi karyerası baxımından faciə ola bilər".



Ekspert vurğulayıb ki, Qərbin Kiyevi sülhə məcbur etməsi versiyası inandırıcı deyil. Həmsöhbətimiz bildirib ki, indiki mərhələdə danışıqlar baş tutarsa, bu, Ukraynanın məğlubiyyəti demək olacaq:

"Ukraynanın məğlubiyyəti isə Qərbin məğlubiyyəti deməkdir. Azı iki ölkə, ABŞ və Böyük Britaniya öz xarici siyasətlərində Ukraynaya ən əsas mərkəz kimi baxırlar. Bu mənada Ukrayna siyasətində iflas onların daxildə siyasi iflası deməkdir. Hər bir ölkənin daxilində müxalifət var ki, qarşıdan gələn seçkilərdə iqtidar opponentləri bu məqamdan məharətlə istifadə edəcək”. 

Ərəstun Oruclu deyib ki, "Zelenskisiz danışıqlar” formatı qeyri-mümkündür:

"Çünki onu əvəz edəcək şəxs yoxdur. Onsuz kiminsə danışıqlar aparacağına inanmıram. Təbii ki, Rusiya Zelenskini devirməyə çalışır. Zelenskinin komandasında da artıq fikir ayrılıqları var. Hərbçilərlə siyasi hakimiyyət arasında ziddiyyətlər yaranıb. Müharibə uzanır və hər iki tərəf üçün burada uğur qazanmaq getdikcə çətinləşir. Bu da istər Rusiya, istərsə də Ukraynanın daxili siyasətinə təsir edə bilər. Hər iki ölkədə daxili çəkişmələr yarana bilər. Amma Qərb Ukraynada buna yaşıl işıq yandırmasa, Zelenskini kənarlaşdırmaq qeyri-mümkün olacaq”. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->