(Yazı "İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması" mövzusunda hazırlanıb)
Hər kəsin doğulduğu andan toxunulmaz, ayrılmaz hüquq və azadlıqları var. Bu hüquq və azadlıqlar şəxsin cəmiyyət və digər şəxslər qarşısında məsuliyyət və vəzifələrini əhatə edir.
Vətəndaşın hüquqları şəxsin müəyyən dövlətə məxsusluğu ilə bağlıdır. Onlar dövlət tərəfindən müdafiə olunur.
Hüquq müdafiəçisi Əkrəm Həsənov Qaynarinfo-ya açıqlamasında bildirib ki, insan hüquq və azadlıqlarının müdafiəsi, eyni zamanda siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi tək Azərbaycanda deyil, bütün dünyada müzakirə olunan məsələlərdən hesab olunur:
"Sadəcə, bu məsələdə Azərbaycanın aparıcı ölkələrdən bir fərqi var. Nədir o fərq? Biz nə qədər desək, yazsaq da ki, mədəniyik, etiraf etməliyik ki, Azərbaycanda mədəni səviyyə başqa ölkələrlə müqayisədə aşağıdır. Məsələn, hüquq mədəniyyəti, yəni birinin başqasının haqqına girməsi. Bundan əlavə, yol hərəkəti qaydalarına əməl etmək mədəniyyəti... Mən hər bir xalqın mədəniyyətini, hüquqi düşüncəsini bir şeylə ölçürəm - yol hərəkəti qaydalarına riayət etməsi ilə. Bu məsələdə bizdə hər şey açıq görünür”.
Əkrəm Həsənov təəssüf hissi ilə bildirir ki, Azərbaycanda, xüsusi ilə də Bakı şəhərində hər bir insan yol hərəkəti qaydalarını pozur:
"Adi piyadalar yol gedərkən heç bir keçid gözləmir, haradan və necə gəldi yolu keçir. İcazə var, ya yoxdur, yaxud da işıqfor, piyada keçidləri var, ancaq hamı bunları görməzlikdən gəlir. Bu da nəyi göstərir? Yol hərəkəti mədəniyyətinin formalaşmadığını. Vətəndaşlar qanun-qaydalara riayət etmək istəmirlər. Əksinə, qayda-qanunları pozanda özlərini gözlərində böyük görürlər. "Görürsünüz, mən filan yerdə qayda-qanunu pozdum” deyə hələ özümüzlə qürur da duyuruq. Bunları görəndə düşünürsən ki, nə qədər mədəni olduğumuzu desək də, həqiqət belə deyil. Bu, başqasının haqqına girməkdir”.
Vəkil bu problemin bünövrəsinin orta məktəbdən qoyulduğunu vurğulayıb:
"Bunun üzərində bəlkə də on illərlə işlənməlidir. O ki qaldı məsələnin hüquqi müstəvidə həllinə, burada məsələ belədir - ilk növbədə insanların mədəniyyət səviyyəsinin yüksəlməsi üçün maarifləndirici təbliğat işlərini artırmalıyıq. Bunun üçün dövlətin mexanizmi də var. Məhkəmə, hüquq... Əgər kiməsə böhtan atılıbsa, məhkəməyə müraciət etməli, məsələni hüquqi müstəvidə həll etməlidir. Ya böhtan, ya şantaj xarakterli təhdidlər varsa, qanunla onu məhkəmyə verməyə haqqımız var. Desin ki, mənə sosial şəbəkədə böhtan atılıb. Qanunvericiliyə görə, böhtan, təhqir cinayətdir. Kimisə cəzalandırsalar, artıq insanlar başa düşəcək ki, sosial şəbəkələrdə ağızlarına gələni danışa bilməzlər. Yoxlanılmamış məlumatları ictimaiyyətə yaymaq olmaz. Onda insanlar ayılacaqlar ki, kiməsə şər atmaq olmaz”.
Əkrəm Həsənov insanların maariflənməsində ən effektiv metodu məhkəmə hesab edir:
"Qoy insanlar məhkəmədə cavab versinlər. Məsələn, hər hansı bir tanınmış şəxs haqqında şəbəkələrdə məlumat yayılır. Ola bilər ki, belə məlumatlar bir müddət yayılmaqda davam etsin, amma sonra qanun sözünü deyəcək və hamı da sakitləşəcək. Bizdə belə anlarda kütlə dərhal kimi linç etməyə başlayır? Uğurlu hesab edilən adamları. Hansı ki, adı-sanı, imkanı, pulu olanların üstünə gedirlər. Məsələn, aktyor, müğənni, yaxud da tanınmış bir adam evlərini, avtomobilini reklam etdirir. Deyir, "məndə elə bir avtomobil var ki, şəhərdə heç kəsdə yoxdur”. Bu, kütlədə qıcıq yaradır. Həmin adamların ətrafında bir hadisə olan kimi başlayırlar ona hücuma, nədir-nədir, pulu, imkanı var. Həsəd, paxıllıq... Bu, az-çox hər kəsdə var. İnsanlar pullu adam görəndə düşünür ki, bu adamlar var-dövləti qanunsuz yolla əldə edib. Ya da həmin adam sərvətinə layiq deyil. Bunun səbəbləri var. İnsanlar marifəndirilməlidir”.
Vəkil hesab edir ki, bu gün ən böyük problemlərdən biri də insanların maarifləndirici verilişlərə baxmamasıdır:
"Bütün kanallarda hamı çalıb-oynayır. Baxırsan ki, elə bu verilişlər müzakirə olunur. Adamları belə verilişlər maraqlandırır. İnsanlar ciddi verilişlərə baxmır. Hamı atlanıb-düşmək istəyir və bunu edir də. Maarifləndirici verilişlər adamları maraqlandırmır. Bu da bizm mədəni səviyyəmizin aşağı olmasının göstəricisidr. Bu gün maarifləndirmə işlərinin aparılmasının özü də çox çətindir”.
Bahar Rüstəmli
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.
Şərhlər