Peru prezidenti Dina Boluartenin evində və iqamətgahında qanunsuz varlanma işi çərçivəsində axtarış aparıldıqdan sonra Peru hökumətinin altı naziri istefa verib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters” məlumat
yayıb.
Aprelin 1-də Perunun daxili işlər naziri Viktor Torres, ardınca isə təhsil naziri və qadın məsələləri üzrə nazir istefa verib. Üçü də president Boluarteni dəstəkləyib. Agentlik xəbər verir ki, nazirlər prezident iqamətgahında aparılan axtarışları "lazımsız” və "həddindən artıq” adlandırıblar. Peru Prezidentinin iqamətgahı Hökumət Sarayının daxilində yerləşir. Torres ailə problemləri və səhhəti ilə əlaqədar vəzifəsini tərk etdiyini vurğulayıb. Digər iki hökumət üzvü istefalarının səbəblərini açıqlamayıb.
Həmin gün Perunun prezidenti daha üç naziri - istehsal, ticarət və kənd təsərrüfatı nazirini vəzifəsindən azad edib. Boluarte yeni daxili işlər naziri vəzifəsinə əvvəllər mütəşəkkil cinayətkarlıqla mübarizə departamentinə rəhbərlik etmiş Valter Ortizi təyin edib.
Peru prezidentinin evində və iqamətgahında axtarışlar martın 29 və 30-da aparılıb. Yerli "La Encerrona” qəzeti jurnalistlərin prezidentin rəsmi tədbirlərdə müxtəlif "Rolex” saatları ilə görünməsinə dair araşdırmanı dərc etdikdən sonra prokurorluq ilkin araşdırmaya başlayıb. Prokurorluq Boluartedən saatın alınması ilə bağlı halları izah etməyi xahiş etsə də, prezident aparatı müraciətə vaxtında cavab verməyib. Prezident bütün ittihamları rədd edir.
Nizami Bağırov
Şərhlər