"Bu gün özəl məktəblərdə ödənişlər bizim yaşayış tərzimizə uyğun deyil. Həddindən artıq yüksəkdir".
Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Məzahir Mənmmədli deyib.
Onun sözlərinə görə, özəl məktəblərlə bağlı məsələ həmişə gündəmə gəlib:
"Zamanla bu məsələ istər sosial şəbəkələrdə, istərsə də mediada müzakirə olunur. Bəziləri düşünürlər ki, özəl məktəblərin hətta qiymətlər artırılmadan belə ödənişləri adekvat deyil. Yəni burada insanların həyat tərzinə görə çox yüksək ödəniş haqqı tələb olunur. Amma imkanı az olan valideynlər birmənalı olaraq özəl məktəblərə üstünlük verirlər".
Məzahir Məmmədli bildirib ki, özəl məktəblərdə təhsil alanların valideynləri uşaqlarını dərsdən sonra əlavə müəllim yanına aparmaq istəmir:
"Qərarlıdırlar ki, bu məsələni özəl məktəblər öz üzərinə götürsünlər. Özəl məktəblərdə yemək verilir, qidalanma şərtləri əladır, valideynlər də bundan razıdırlar. Əlavə nə vaxt itkisi var, nə də nəqliyyat xərcləri. Sadəcə, ödənişləri öncədən edirlər. Onsuz da ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin də kifayət qədər xərcləri çıxır. İmkansızlar ucuz qiymətə müəllim yanına gedir, yaxud da məktəbdə öz müəllimləri dərsdən sonra az da vaxt ayırır, bundan əlavə nəqliyyat, qidalanma hamısı xərc tələb edir".
Qeyd edək ki, Azərbaycanda bəzi özəl orta məktəblərdə təhsilhaqları artırılıb. İllik ən ucuz təhsilhaqqı 5500 manat, ən bahalı təhsilhaqqı isə 16500 manat olub. Rəsmi rəqəmlərə əsasən, Azərbaycanda 34 özəl məktəb fəaliyyət göstərir. Bunlardan 13 özəl təhsil müəssisəsi illik təhsilhaqlarını artırıb.
Bahar Rüstəmli
Şərhlər