Xəbər lenti

MSK indiyədək neçə beynəlxalq müşahidəçi qeydə alıb? - Rövzət Qasımov açıqladı
Siyasət 12:16 27.08.2024

MSK indiyədək neçə beynəlxalq müşahidəçi qeydə alıb? - Rövzət Qasımov açıqladı

İndiyə qədər emal olunmuş məlumata əsasən, sentyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərlə əlaqədar 50 qurumu təmsil edən və 69 ölkənin vətəndaşları olan, ümumilikdə 604 beynəlxalq müşahidəçi qeydə alınıb.

Bunu "Report”a müsahibəsində Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Rövzət Qasımov deyib.

O qeyd edib ki, onların arasında böyük qruplarla təmsil olunan təşkilatlar da var:

"Belə ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, eyni zamanda ATƏT Parlament Assambleyası, MDB-nin seçki müşahidə missiyası, bir çox ölkələrin parlamentləri və ayrı-ayrı ölkələrin ali seçki qurumlarının nümayəndələri də müşahidəçilər sırasına qoşulub”.

MSK sədrinin müavini bildirib ki, Azərbaycan tərəfindən 82 quruma seçkiləri müşahidə etmək üçün dəvətlər ünvanlanıb ki, onların 48-i Milli Məclis, 7-si Xarici İşlər Nazirliyi, 27-si isə MSK tərəfindən özünün həmkar qurumlarına göndərilən dəvətlərdir.

"Hazırda ölkədə keçirilən seçkilərə fəal beynəlxalq marağın şahidiyik. İşğaldan azad olunmuş ərazilərdə müşahidəçiliklə bağlı 2024-cü ilin fevralında keçirilmiş Prezident seçkilərində bəzi qurumlara müraciət etsək də, onlar həmin ərazilərdə müşahidəçiliyə, səsverməni izləməyə o qədər də həvəsli yanaşmırdılar. Halbuki biz bunu dəfələrlə görüşlərdə də səsləndirmişdik, çağırışlar da etmişdik”.

O, ümid etdiyini bildirib ki, bu dəfə azad olunmuş ərazilərdə müşahidə aparan beynəlxalq müşahidəçilərin sayı daha çox olacaq, beynəlxalq təşkilatlar respublikanın digər ərazilərində olduğu kimi, işğaldan azad olunmuş ərazilərdə də keçirilən səsvermə prosesinin müşahidəsində iştirak edəcəklər:

"Biz azad olunmuş ərazilərdə seçkilərin müşahidəsi ilə əlaqədar istənilən texniki yardımla bağlı məsələlərdə onlara kömək etməyə hazırıq”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->