Xəbər lenti

Moskva və Tehran Qərbə qarşı koalisya yaradır? - Ekspert
Dünya 17:44 17.06.2024

Moskva və Tehran Qərbə qarşı koalisya yaradır? - Ekspert

"İran və Rusiya rəsmilərinin son görüşü bölgəmizdə Qərbin fəallaşması ilə bağlıdır". 

Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Üzeyir Şəfiyev Rusiya XİN-in Azərbaycan və Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayev İrana səfərini şərh edərkən deyib.
 
"Qısa zaman kəsiyində ABŞ Dövlət Departamenti nümayəndələrinin Ermənistana intensiv səfərləri, onların Zəngəzur dəhlizi və kommunikasiyaların açılmasına dair ardıcıl çıxışları, İrəvanla Bakı arasında münasibətlərə dair Vaşinqtonun tutduğu mövqe bu yaxınlara qədər regionda əsas aktor olan Moskva ilə Tehranı narahat etməyə başlayıb. Bölgəyə kənar oyunçuların daxil olmasını istəməyən İran və Rusiya ona qarşı müqavimət yaratmaq istəyir", deyə Üzeyir Şəfiyev bildirib.

Ekspertə görə, Xovayevlə Baqeri arasında son görüş də məhz ABŞ-ın bölgədəki son hərəkətləmələrinə müqavimət məqsədi daşıyır:

"Bu mənada İranla Rusiya arasındakı son danışıqlar yaranmış reallıqlar fonunda saatların əqrəblərini tutuşdurmağa yönəlik addımdır".

Üzeyir Şəfiyev qeyd edib ki, hazırda Qərbin Qafqazdakı forpostu rolunda Ermənistan çıxış edir:

"Bu gerçəkliklər fonunda Moskva Ermənistana qarşı hansısa bir cəzaverici tədbir görmək istəsə, Qərb onun arxasında olacağını vəd edir. O da hiss olunur ki, Qərb Azərbaycan - Ermənistan münasibətlərinin normallaşması prosesini bir qədər ləngidib öz ssenarisi üzrə diqtə etməyə çalışır. Bu hal Paşinyanın çıxışları zamanı ziqzaqvari notlarda hiss edilir. Qərb Rusiya və İranı bölgədən tam təcrid etdikdən sonra sülh müqaviləsinin öz ssenariləri üzrə bağlanmasında maraqlıdır. Moskva ilə Tehran da bu reallıqdan çıxış yolları arayırlar".

Qeyd edək ki, Rusiya xarici işlər nazirinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayev İranda səfərdə olub. O, burada İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqeri ilə Qafqaz regionundakı son prosesləri müzakirə edib. 

İran XİN-in məlumatına görə, görüş zamanı Baqeri mühüm regional və beynəlxalq məsələlərdə iki ölkənin mövqelərinin uyğunluğunu qeyd edərək, Qafqaz regionunu hər iki ölkə üçün milli maraq və təhlükəsizlik sahəsi kimi qeyd edib və bu sahədə ikitərəfli əməkdaşlığın zəruriliyini vurğulayıb. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->