Xəbər lenti

Siyasət 13:54 23.08.2024

"Lobbiçilik istiqamətində üzümüzü türkdilli dövlətlərə, Turana tutmalıyıq" - İsmayıl Ağayev

(Yazı "Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi" mövzusu üzrə hazırlanıb)

Azərbaycan diaspor quruculuğu sahəsində ildən-ilə fəaliyyətini aktivləşdirir. Hazırda dünyanın 51 ölkəsində 561-ə qədər Azərbaycan Diaspor təşkilatı fəaliyyət göstərir. 

Onlar yarandığı dövrdən Azərbaycan dövlətinin mövcud olduğu dövlətlərdə maraqlarının təmin edilməsi istiqamətində müəyyən işlər görüblər. Diaspor təşkilatlarının fəaliyyəti xüsusən də 44 günlük müharibə dövründə özünü daha qabarıq şəkildə göstərdi. Bu dövrdə Azərbaycanın haqq səsinin dünya xalqlarına çatdırılmasında diaspor təşkilatları da müəyyən qədər rol oynadılar. 

Mövzu ilə bağlı Qaynarinfo-ya açıqlamasında Beynəlxalq Diaspor Mərkəzinin rəhbəri İsmayıl Ağayev bildirir ki, lobbiçilik istiqamətində indiki halda üzümüzü əsasən türkdilli dövlətlərə, Turana tutmalı, çevrəmizi daha da gücləndirməliyik: 



"Bu yöndə Azərbaycan diasporu fəaliyyətini genişləndirmək üçün yeni metodlar seçməlidir. Yerli QHT və diaspor təşkilatları ilə işləri gücləndirməliyik. Bu istiqamətdə Özbəkistan, Qırğızıstan, Türkmənistanda fəaliyyətimiz artmalıdır. Növbəti mərhələdə bu yöndə bütün gücümüzü haqq səsimizi daha çox eşidən Bolqarıstan, Serbiya, Macarıstana yönəltməliyik. Fransa, Yunanıstan kimi ölkələr isə istəsək də, istəməsək də, erməniləri müdafiə edir. İran daxilində də işləri gücləndirməliyik. Azərbaycan Prezidentinin apardığı siyasət nəticəsində Rusiya ilə münasibətlərimiz normallaşıb. Diaspor təşkilatları bu fonda Rusiyadakı fəaliyyəti də daha da sürətləndirməlidir".

İ. Ağayevin fikrincə, diaspor qurumlarımızın Şərqi Avropa ölkələrində fəaliyyəti müsbətdir: 

"Onların bu istiqamətdə fəaliyyəti dövlətimizin təbliğatında mühüm rol oynayır. Amma Avropanın mərkəzində, Fransa və Almaniyadakı fəaliyyətimiz zəifdir. Habelə, İsveç, Danimarkada da bu fəaliyyət qənaətbəxş deyil. Çexiya və digər bu kimi dövlətlərdə saytlar, internet resursları aça bilmirik. Bu ölkənin ali dövlət və bələdiyyə orqanlarında bir nəfər də olsa, seçkili adamımız yoxdur. Diaspora o zaman həqiqi diaspora olacaq ki, Çexiya parlamentində bir azərbaycanlı parlament deputatı olsun. Diaspor təşkilatları yerli vətəndaşları azərbaycançılıq məfkurəsinə yönəltməlidir ki, bu istiqamətdə də işlər heç də qənaətbəxş sayıla bilməz". 

Rüfət Sultan
 
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

 


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->