Latviyada qadınlar üçün məcburi hərbi xidmət tətbiq etmək istəyirlər. Ölkənin Müdafiə Nazirliyi bu təşəbbüsün təfərrüatlarını ictimaiyyət və hökumətlə müzakirə etmək niyyətindədir.
Qaynarinfo Delfi-yə istinadən xəbər verir ki, bu barədə Latviyanın müdafiə naziri Andris Spruds bəyanatla çıxış
edib.
Latviyalı nazir qadınlar üçün məcburi hərbi xidmətin tətbiqini dəstəklədiyini bildirib. Spruds bu dəyişikliklərin dərhal həyata keçirilməyəcəyini də vurğulayıb.
"Əlbəttə, bu, bu gün və ya sabah olmayacaq", - nazir qeyd edib.
Onun sözlərinə görə, onların həyata keçirilməsi üçün ən çox ehtimal olunan tarix 2028-dir. Latviyanın müdafiə naziri əlavə edib ki, təxminən 4 min nəfərin xidmətə çağırılması planlaşdırılır.
Nazir bu təşəbbüsün həyata keçirilməsi üçün zəruri olan ictimai müzakirənin və siyasi konsensusa nail olunmasının vacibliyini qeyd edib:
"Bu, təkcə koalisiya məsələsi deyil, bu, siyasi partiyaların, parlamentin və bütün cəmiyyətin məsələsidir”.
Spruds qeyd edib ki, Latviya çağırışçıların yüksək keyfiyyətli xidmətini təmin etmək üçün bir çox hazırlıq işlərini yerinə yetirməlidir. O, həmçinin əlavə edib ki, qadınlar üçün müvafiq texnika, uniformalar hazırlamaq və ümumiyyətlə, silah da daxil olmaqla, lazım olan hər şeyin təchizatını artırmaq lazımdır.
Onun sözlərinə görə, artıq Latviya Milli Silahlı Qüvvələrinə müvafiq tapşırıqlar verilib.
Qeyd edək ki, Latviyada 18-27 yaş arası kişilər üçün məcburi hərbi xidmət var. Xidmət müddəti 11 aydır və bu müddət ərzində onlar ilkin hərbi hazırlıq keçir, taktikanın əsaslarını, atıcılıq, tibbi xidmət və digər zəruri hərbi vərdişləri öyrənirlər.
2024-cü ildən etibarən qadınlar könüllü olaraq hərbi xidmət keçə bilərlər.
Nizami Bağırov
Şərhlər