Aprelin 29-da Tbilisidə hakim "Gürcü arzusu” partiyasının təşkil etdiyi "xarici agentlər haqqında” qanuna dəstək aksiyası keçirilib. Orada yüz minə yaxın insan iştirak edib. Qanuna dəstək aksiyasında baş nazir İrakli Kobaxidze və parlamentin sədri Şalva Papuaşvili ilə yanaşı, "Gürcü arzusu”nun qurucusu, partiyanın fəxri sədri vəzifəsini tutan milyarder Bidzina İvanişvili də çıxış edib. O, çıxışında tərəfdarlarına Mixail Saakaşvilinin və onun Vahid Milli Hərəkat partiyasının "hakimiyyətə qayıdışının qarşısını alacaqlarına” söz verib. İvanişvili həmçinin "Qərbdəki müəyyən qüvvələri” Gürcüstanı yeni müharibəyə sürükləməyə hazır olan "anti-xalq qüvvələrin” maraqlarına lobbiçilik etməkdə ittiham edib.
Qaynarinfo xəbər verir ki, bu barədə "The İnsider” nəşri
yazır.
"Mən missiyamın tamamlandığını düşünürdüm, amma yox. Mən Gürcüstanın suverenliyinin tam bərpası üçün mübarizəmi davam etdirəcəyəm. (...) Qlobal müharibə partiyası Gürcüstan və Ukraynanı top yeminə çevirib. Onlar ilk dəfə 2008-ci ildə Gürcüstanla Rusiya arasında münaqişə yaradıb, 2014 və 2022-ci illərdə isə Ukraynanı daha da çətin vəziyyətə salıblar. Qlobal müharibə tərəfinin Gürcüstana qarşı təcavüzünün səbəbi bütün cəhdlərinə baxmayaraq, Gürcüstanı ikinci cəbhəyə çevirə bilməmələridir. Və agentlər hakimiyyətə qayıtsalar, buna çox asanlıqla nail olacaqlar. (...) İndiki Gürcüstan Şevardnadze dövrünün Gürcüstanı deyil, Yanukoviç dövrünün Ukraynası deyil”, - İvanişvili bildirib.
Politoloq David Xacişvilinin fikrincə, İvanişvili cəmiyyətdə qütbləşməni daha da dərinləşdirmək üçün Kremlə bağlılığını bilərəkdən açıq nümayiş etdirir, lakin bu, onun əleyhinə işləyir, çünki real ictimai dəstək müxalifətin tərəfindədir:
"İvanişvili açıq şəkildə bəyan etdi ki, o, Qərbə və bütün sivil dünyaya müharibə elan edir. Bilir ki, payızda keçiriləcək seçkilərdə uduzacaqlar. Əgər onlar cəmiyyətdəki qütbləşməni tam dərinləşdirməsələr, deməli, pis iş aparırlar. Ona görə də kollektiv Qərbin qlobal müharibə tərəfi olduğunu bəyan edirlər. Gürcüstan müstəqillik əldə edəndən bəri bütün bu illər ərzində bizə kömək edən ölkələri məhz belə adlandırırlar. Kremlin vəzifəsi ondan ibarətdir ki, onlar xarici agentlər haqqında qanun layihəsini qəbul etməlidirlər, çünki belə qanun artıq Kreml hökumətinin peykləri olan digər ölkələrdə qəbul edilib.
Bütün bunlar Kremldən gəlir. Bunu elə izah edirlər ki, güya bu ölkələr onların müstəqilliklərini, kimliklərini, milli dəyərlərini əllərindən alırlar. Təbii ki, bu, doğru deyil. Rusiya və xüsusən də Kreml milli dəyərlərimizi həmişə əlimizdən alıb. Dilə gəlincə, onlar hələ Sovet İttifaqı dövründə də dillə mübarizə aparıblar və 1978-ci ildə Gürcüstanda böyük etirazlar olub. Sonra daima gürcü kilsəsinə hücum edirlər. Ruslar vaxtilə bizim avtokefaliyamızı əlimizdən alıb, torpağımızın 20 faizini işğal ediblər. Gürcü kimliyi ilə mübarizə aparan varsa da, o da Rusiyadır.
Maydanımız olmayacaq, amma seçkiyə getmək fikrindəyik. İvanişvili, onun partiyası və Rusiya geriyə böyük bir addımdır. Hər gün yüz minlərlə vətəndaşımız Tbilisi küçələrinə çıxaraq Rusiyanın xarici agentlərlə bağlı qanununa etiraz edir. Dünən iqtidaryönlü aksiyaya rayonlardan adamlar gətirilib. Onların arasında maksimum 10-15% hakimiyyətə səs verir, qalanları aksiyada iştirak etmək üçün zorla gətirilir. Bunlar hazırkı hakimiyyətin 26 oktyabr 2024-cü il seçkilərində uduzacağının açıq əlamətləridir.
"Rus arzusu” çox güman ki, tamamilə dağılacaq, çünki onların heç bir fikri yoxdur, ancaq oliqarxlardan və Kremldən pul var. Dünən bizim üçün - siyasətçilər, vətəndaş cəmiyyəti və bu gücün Kremldən gəldiyini artıq anlayan Qərbdəki tərəfdaşlarımız üçün çox vacib idi. İndiki hakimiyyət artıq Avropa yolundan əl çəkib. Dünən İvanişvili özü də bunu təsdiqləyib. Gürcü xalqı heç vaxt Avropa İttifaqı ideyasından əl çəkməyəcək. Əhalimizin 85%-i Aİ üzvlüyünü istəyir və biz buna nail olacağıq. 2030-cu ildə biz artıq Aİ-nin üzvü olacağıq. Mən buna dərindən inanıram, çünki bu il hakimiyyət dəyişəcək, bugünkü müxalifət hakimiyyətə gələcək və biz ölkəmizin Aİ-yə üzv olması üçün hər şeyi edəcəyik”.
Politoloq Gela Vasadzenin fikrincə, "Gürcü arzusu” partiyasının yaradıcısı ABŞ-ın dəstəklədiyi Saakaşvilinin qayıdışından qorxur:
"Onun fikrincə, qlobal müharibə tərəfi Gürcüstan və Ukraynanı Rusiyaya qarşı qoyan, bizdən top yemi kimi istifadə edən Gürcüstan hökumətinə qarşı mübarizə aparır. İndi də ikinci cəbhəni açmadığımızdan narazıdırlar.
O, Putindən fiziki olaraq qorxur. Siyasi baxımdan o, Saakaşvilidən qorxur, çünki o, hakimiyyəti ondan ala bilər. O, ABŞ-dan qorxur, çünki pulları əlindən ala bilərlər. Və bu üçü arasında hərəkət edir. Hamı elə bilirdi ki, etirazlardan sonra çıxıb deyəcək ki, "Yaxşı, uşaqlar, gəlin mehriban olaq”. Hətta sərt çıxış gözləyənlər belə beləsini gözləmirdilər.
Bunu udmaq Qərb üçün çətin olacaq. Onlar [Gürcüstana] Aİ-yə namizəd statusu verməyə qədər getdilər, baxmayaraq ki, ölkə heç bir kriteriyaya cavab vermir. Ona görə verdilər ki, bayraq asmaq lazım idi. İndi isə bayraq təhdid olunur. Qərb özü bu ölkəni təslim etdi. Bütün bu müddət ərzində baş verənlərdən - onun heç kəsi incitməməsindən, özünü yaxşı aparmasından, siyasi baxımdan Qərblə, iqtisadi cəhətdən isə Rusiya ilə olmasından razı idilər. Saakaşvili çox problemli idi.
İstənilən zəiflik mümkün olmayacaq. O, çox güman ki, belə düşünür: "İndi oynayacağam, geri addım atmaq lazım olsa, yalnız seçkilərdən sonra”. Mən şübhələnirəm ki, Qərb artıq "stavka”ları qaldırıb, o isə buna indi sadəcə reaksiya verir. O, tam axmaq deyil ki, "stavka”nı elə-belə qaldırsın. Başa düşür ki, hər küncdə onu sıxacaqlar. Onlar onu hakimiyyətə gətirdikləri və onlara xəyanət edən adam kimi cəzalandırmalı olacaqlar”.
Siyasi karyerası ərzində hakim "Gürcü arzusu” partiyasının yaradıcısı Bidzina İvanişvili siyasətdən getdiyini dəfələrlə bəyan edib.
2021-ci ilin yanvarında o, partiyanın sədri postunu tərk etdiyini və partiya üzvlüyündən çıxdığını açıqlayıb. Lakin 2023-cü ilin dekabrında Bidzina İvanişvili siyasətə qayıtdığını və "Gürcü arzusu”nun fəxri sədri olacağını bəyan edib. İvanişvilinin son illərdə heç bir dövlət vəzifəsində çalışmamasına baxmayaraq, gürcü müxalifəti onu ölkənin əsl hökmdarı adlandırır.
Bundan əvvəl Gürcüstan parlamentinin müxalifətdə olan Vahid Milli Hərəkat Partiyasından olan deputatı David Xadcişvili "The Insider”ə bildirib ki, hakimiyyətdəki dəyişikliklər İvanişvilinin rəsmi qayıdışı ilə bağlıdır.
Nizami Bağırov
Şərhlər