İtaliyanın xarici işlər naziri Antonio Tayani Rusiya və Çinin Ukrayna sülh sammitində iştirakını dəstəkləyir. Bununla belə, Moskva Ukraynanın kapitulyasiyasını tələb etməməlidir.
Qaynarinfo RAI-yə istinadən xəbər verir ki, bu barədə Tayani bəyanatla çıxış
edib.
XİN rəhbəri İtaliyanın Rusiya ilə müharibə aparmadığını bir daha vurğulayıb. O, Ukrayna sülh sammitini dəstəkləyib, bu sammit çərçivəsində müharibənin dayandırılması ilə bağlı dialoqun mümkün olacağı bildirilib.
"Mən Zelenskinin özünün dediyi kimi, Rusiya Federasiyasının, eləcə də Çin Xalq Respublikasının (ÇXR) iştirak etməli olduğu sülh konfransının tərəfdarıyam", - Tayani deyib.
İtaliyalı nazirin sözlərinə görə, Rusiya sülh sammitinə Ukraynanın təslim olması ilə bağlı qərarla gəlməməlidir.
"Lakin mən hesab edirəm ki, Rusiya konfransa Ukraynanın təslim olması və ya məğlubiyyəti qərarı ilə gəlməməlidir, əks halda bu, sülh sazişi olmayacaq”, - İtaliyanın xarici işlər naziri vurğulayıb.
Xatırladaq ki, Ukrayna müharibənin diplomatik yolla həlli üçün sülh formulunu təqdim edib, həmçinin sülh sammiti çağırıb.
100-ə yaxın ölkə və təşkilatın nümayəndələrinin qatıldığı ilk Sülh sammiti iyun ayında İsveçrədə baş tutub. Rusiya sammitdə iştirak etməyib. Bununla belə, Ukrayna ikinci Sülh sammitində Rusiya nümayəndələrinin iştirakını istisna etmir.
İkinci sülh sammiti noyabrın sonuna qədər baş tuta bilər.
Nizami Bağırov
Şərhlər