Xəbər lenti

Hərbi anbara görə həbsdə olan iş adamı bəraət istəyir
Ölkə 11:28 03.06.2024

Hərbi anbara görə həbsdə olan iş adamı bəraət istəyir

Bakıda 9 milyon manat mənimsəmədə ittiham olunan "Bina Tikinti Kompaniyası” MMC-nin rəhbəri Üzeyir Həsənovun barəsindəki hökmdən apellyasiya şikayəti verilib.

Qaynarinfo Musavat.com-a istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək ilkin hazırlıq iclası iyunun 3-nə təyin edilib.

Şikayət hakim İbrahim İbrahimlinin sədrliyi ilə araşdırılacaq. Üzeyir Həsənov barəsində bəraət hökmünün çıxarılmasını istəyir.

Üzeyir Həsənov Müdafiə Nazirliyi və Tarix Muzeyində mənimsəmələrə görə ittiham edilərək 11 il müddətinə azadlıqdan məhrum olunub. O, Müdafiə Nazirliyinin sifarişi əsasında rayonlardan birində silah-sursat anbarının tikintisi, o cümlədən ərazinin abadlaşdırılması, mebel avadanlıqlarının quraşdırılması üçün büdcədən ayrılmış 7 milyon manatdan artıq vəsaiti mənimsəməkdə suçlu bilinib. Üzeyir Həsənova Cinayət Məcəlləsinin 179.4 (külli miqdarda mənimsəmə və ya israfetmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə ittiham verilib. Şirkət rəhbəri 2011-2017-ci illərdə silah-sursat anbarının tikintisi, orada kommunikasiya xətlərinin, mebellərin quraşdırılması zamanı öhdəliklərini tam şəkildə yerinə yetirməməklə, qiymətləri sənədlərdə şişirtməklə 7 milyon 353 milyon manat büdcə vəsaitini mənimsəyib.

Muzey məsələsinə gəlincə, Üzeyir Həsənov 2018-2019-cu illərdə Əmlak Məsələləri Dövlət Xidmətinin sifarişi əsasında Tarix Muzeyinin ekspozisiyasının təkmilləşdirilməsi, işıqlandırma və yanğın siqnalizasiya sistemlərinin yenidən qurulması, təmir-bərpa işlərin aparılmasını üzərinə götürüb. Lakin öhdəliyə əməl olunmayıb. Bu epizod üzrə 1 milyon 800 min manatlıq yeyinti müəyyən olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsində iş üzrə araşdırmalar aparılarkən şirkət rəhbəri demişdi ki, ittiham üzrə özünü təqsirli bilmir. Onun özü də, vəkilləri də deyirdi ki, hərtərəfli araşdırma aparılmadan, mötəbər sübutlar olmadan həbs edilib.

"Mən niyə həbs olunmuşam, bilmirəm. Maliyyə Nazirliyinin bir sənədi ilə tutublar. İstintaqda vəkillərim vəsatət verdi ki, şahidlər dindirilsin, təmin olunmadı. Mən özümü təqsirli bilmirəm. Amma çatışmayan nəsə varsa, ödəyərəm. Əmlakım varsa, həbs qoyulubsa, daha mən niyə həbs olunuram...”, - təqsirləndirilən şirkət rəhbəri birinci instansiyadakı məhkəməsində belə demişdi.

Vəkillər də narazılıq etmişdi ki, Maliyyə Nazirliyinin əməkdaşları yoxlama aparıb, bir akt tərtib edib, onun əsasında ekspertiza rəy verib və Üzeyir Həsənov həbs olunub. Müdafiəçilərin sözlərinə görə, Üzeyir Həsənov özünü təqsirli bilmir, mənimsəmə ittihamı ilə razılaşmır. Bununla belə, ödəniş etməyə razıdır.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->