Xəbər lenti

Görün hələ Medvedev nə deyir...
Hüseynbala Səlimov
Dünya 11:02 27.05.2024

Görün hələ Medvedev nə deyir...

Cəmi bircə həftə bundan əvvəl Ukrayna mövzusundan yazsaq da, yenə bu məsələyə qayıtmalı olduq. 
 
Ona görə ki, ötən həftə Ukrayna məsələsində yeni hərbi mərhələ olmasa da, yeni bir ideoloji – təbliğat mərhələsi başladı. 

Səbəbi də bu oldu ki, prezident Volodimir Zelenskinin qanunla müəyyən olunmuş prezidentlik müddəti bitdi. 

Əslində burada hər hansı hüquqi problem yoxdur – ölkə qanunvericiliyinə görə hərbi vəziyyət şəraitində prezident seçkiləri keçirilmir və bu o deməkdir ki, Zelenski prinsip etibarilə, bundan sonra da ölkəyə rəhbərlik edə bilər. 

Avropa üçün burada qeyri-adi heç nə yoxdur. Məsələn, İkinci dünya müharibəsi zamanı bu müharibədə həlledici rol oynayan siyasi simalardan biri olan Uinston Çörçil də ümumi seçki yolu ilə baş nazir olmamışdı, sadəcə, müharibə dövrünün qanunlarına görə, hökumət qurulmuş və onun da başçısı cənab Uinston Çörçil təyin olunmuşdu... 

Bəs onda problem nədədir? Ruslar bu mövzuda böyük kampaniya başlayıblar. Guya ki, bu vaxta qədər işləri-gücləri yalnız və yalnız sülh danışıqları üçün imkan aramaq olub!.. 

Onların sözündən belə çıxır ki, guya Zelenskinin legitim prezident olmaması "işləri” əməlli-başlı "dolaşdırıb”! Qəribədir, deyilmi? Amma burada da müəyyən "məntiq” tapmaq olar – Kreml bəlkə də ümid edirdi ki, Zelenski gedər və onun yerinə Rusiyaya daha loyal olan birisi gələr və onlar da üç il ərzində hərbi yolla işğal edə bilmədikləri Ukraynanı siyasi yolla işğal edərlər! 

Amma proseslər göstərir ki, onların deyəsən, bu "planı” da puç olur – necə ki, Ukraynaya qarşı müharibənin adını "xüsusi əməliyyat” qoyaraq onu bir-iki həftəyə yekunlaşdırmağı düşünürdülər!..

"Legitimlik” məsələsinə gəldikdə isə, ruslar hətta Ukraynanı legitim dövlət hesab etmirdilər və indi də etmirlər. Ona görə ki, əgər onlar Ukraynanı legitim dövlət, Kiyev rejimini də legitim hakimiyyət hesab etsəydilər, onların geosiyasi və geoiqtisadi seçiminə də hörmətlə yanaşardılar. Amma etmədilər bunu və indi də başlayıblar ki, guya Zelenski legitim prezident deyil!

Hələ bu, azmış kimi, görün, Dmitri Medvedev nə deyir? O, ərz edir ki, guya Zelenski rus və Ukrayna xalqlarına qarşı "cinayət”lərinə görə, hətta bir terrorçu kimi məhkəmə qarşısına çıxarılmalıdır! 

Diqqət edirsinizmi? Bir görün, kim kimi mühakimə edir! Beynəlxalq məhkəmə, dünyanın demək olar ki, bütün dövlətləri Rusiya prezidentini və Rusiya dövlətini ittiham edir, bunlarsa Zelenskini mühakimə etməyə hazırlaşırlar! Lətifə deyilmi bu?..
 
Dünyada barmaqla sayılası qədər ölkə qalıb ki, prezident Vladimir Putin ora sərbəst səfər edə bilsin. Qeyd edək ki, bu ittihamlara Gürcüstan, hətta Ermənistan kimi ölkələr də qoşulub, amma Kreml bunun fərqində deyil, onlar Ukraynanın qanuni haqlarını qoruyan, onları müdafiə edən insanlara qarşı guya ki, Banderanın davamçıları kimi yeni Nürenberq kimi məhkəmə prosesi başlamaq istəyirlər! Gülüncdür, deyilmi? Əlbəttə ki, gülüncdür, özü də tamam! 

Amma bu Kreml əhlinə bunları izah etmək, başa salmaq mümkün deyil. Biz hələ onu demirik ki, Vladimir Putin müxtəlif oyunlar, siyasi kombinasiyalarla 25 ildir ki, hakimiyyətdədir! V.Zelenskinin hakimiyyətinin beş ili isə ötən həftə tamam oldu.

Demirik ki, Zelenski tamam mələkdir. O da bu çətin günlərdə ən müxtəlif siyasi kombinasiyalarla məşğuldur. Məsələn, bəzi təhlilçilər son vaxtlar baş verən hərbi uğursuzluqları müdafiə nazirinin dəyişdirilməsilə bağlayırlar. Bəli, Zelenski bu adamı ölkədən tamam uzaqlaşdıraraq hətta İngiltərəyə səfir göndərdi. Əlbəttə, bütün bunlar yozumlar və ehtimallardır, amma məsəl var, deyirlər ki, müharibə də siyasətin başqa üsullarla davamı deməkdir, yəni bu lənətə gəlmiş siyasət heç vaxt bitmir və qurtarmır. Amma Ukrayna qanunvericiliyinə görə, Zelenski hələ də legitim dövlət başçısıdır və yaxşı olardı ki, Kreml əhli öz vətəndaşlarını və başqalarını məşğul etməkçün nəsə digər şey tapsın...
 
Hüseynbala Səlimov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->