"FES bu azalmaya gedərsə, Amerikaya kapital qoyuluşu üzrə faiz dərəcəsi də enəcək və dollar ucuzlaşacaq".
Bunu Qaynarinfo-ya açıqlamasında maliyyə-bank eksperti Əkrəm Həsənov ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FES) uçot dərəcəsinin azaldılması dövrünə qədəm qoyması üçün hər cür səbəbinin yetişdiyi qənaətinə gələn "BCS World of Investments"in əməkdaşı Oksana Xolodenkonun səsləndirdiyi proqnozun dünya iqtisadiyyatına təsirini şərh edərkən deyib.
Əkrəm Həsənov bildirib ki, FES-in uçot dərəcəsini 1-1,25 faiz bəndi aşağı salması baş verərsə, Amerikaya kapital qoyuluşların faiz dərəcəsi enəcək:
"Bu da o deməkdir ki, yaranmış vəziyyətdə dollar digər valyutalara nisbətdə ucuzlaşa bilər".
Maliyyə eksperti düşünür ki, uçot dərəcəsinin 1-1,25 faiz bənd aşağı düşməsilə digər ölkələr daha çox Amerika malları almaq imkanı əldə edəcək:
"Hansı ki, bu digər ölkələrə o qədər də sərf etmir. Ona görə ki, belə vəziyyətdə başqa ölkələr öz mallarını satmaqda çətinlik çəkəcək".
Əkrəm Həsənovun fikrincə, digər tərəfdən belə vəziyyətdə başqa ölkələrin milli valyutaları dollara nisbətən möhkəmlənəcək:
"Bu da onlara öz valyuta ehtiyatlarını artırmağa imkan verəcək. Yəni FES sözügedən addımı atarsa, digər dövlətlər prosesdə həm udacaq, həm də uduzacaqlar. Hazırda dünya iqtisadiyyatına geosiyasət və müharibələr ciddi təsir edir. Ona görə hər an hər şey dəyişə bilər".
Amma ekspertə görə, bu vəziyyət yaransa belə, onun Azərbaycana təsiri olmayacaq:
"Çünki Azərbaycanda üzən məzənnə, normal bazar iqtisadiyyatı yoxdur. Ölkəmizdə manatın məzənnəsi inzibati yolla təyin olunur".
Qeyd edək ki, "BCS World of Investments"in analitika və təşviqat şöbəsinin rəhbəri Oksana Xolodenko FES-in aqressiv şəkildə uçot dərəcəsinin azaldılması dövrünə qədəm qoyması üçün hər cür səbəbinin olduğu qənaətinə gəlib. Onun fikrincə, ilin sonuna qədər FES-in əsas faiz dərəcəsi 1-1,25 faiz bəndi düşə bilər.
Çərşənbə günü, sentyabrın 18-də FES pul siyasətinin yeni mərhələsinə qədəm qoya bilər. Söhbət əsas dərəcəsin azaldılmasından gedir. Bu dəfə 50%-dən çox. Hazırda uçot dərəcəsi 5,25-5,5% təşkil edir.
Rüfət Sultan
Şərhlər