(Yazı "Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişafı üçün hansı addımlar atılmalıdır” mövzusu üzrə hazırlanıb.)
Azərbaycan ildən-ilə dünyada öz mövqeyini möhkəmləndirir. Bu mövqe sadəcə neft ölkəsi kimi deyil, həm də Şərqi, Qərbi, Avropa, Asiyanı, ümumiyyətlə, dünyanın müxtəlif dövlətlərini birləşdirən və onlar arasında konfliktləri aradan qaldıran bir dövlət olaraq beynəlxalq güclər sırasına daxil olub.
Azərbaycanın həm BMT-də, həm YUNESKO-da, həm insan hüquqları ilə bağlı qurumlarda, həm müxtəlif dövlətlərarası üst qurumlarda, dünya təşkilatlarının rəhbərliklərində təmsil olunması, o cümlədən prezident İlham Əliyev 150-dən çox ölkəni özündə birləşdirən platformanın - Qoşulmama Hərəkatının rəhbəri olaraq Azərbaycanda tolerantlığı istər dini baxımdan, istərsə də millətlərarası münasibətlərdəki sivil əlaqələri beynəlxalq dəyərlərə çevirib. Bu da dünyada Azərbaycana olan marağı daha da artırıb.
Kulturoloq Aydın Xan Əbilov Qaynarinfo-ya açıqlamasında bildirib ki, multikulturalizmin, sivilizasiyalararası dialoqun zəiflədiyi bir vaxtda, hətta qohum, qonşu, qardaş olan ərəb ölkələri arasındakı problemlər, yaxud Rusiya-Ukrayna müharibəsi, Avropada və dünyanın müxtəlif ölkələrində mühacirlərə qarşı olan kəskin mövqe və s. bu kimi qlobal problemlər Azərbaycanın sülhpərvər, multukultural dəyərlərə verdiyi töhvə qlobal bir alətə çevrilib:
"Bütün bunlar həm də Azərbaycan daxilində 60-dan çox azsaylı xalqları, millətləri, etnik qruplar, müxtəlif dini konvensiyalara inanan insanları özündə birləşdirən Azərbaycan cəmiyyəti üçün xas olan cəhətdir. Azərbaycan cəmiyyəti tarixən, elə indinin özündə də həm xristianların, həm yəhudilərin, həm atəşpərəstlərin, həm də islam dininin müxtəlif qollarını birləşdirən, tolerantcasına münasibət bəsləyən bir cəmiyyət kimi tanınır. Azərbaycanda həm də etnik qrupların rəngarəngliyi və bu qruplara dövlətin verdiyi xüsusi qayğı digər xalqlar və dövlətlər üçün nümunədir. Məsələn, həm milli, həm də etnik qrupların ədəbiyyatı, mediası, mədəniyyəti, internet resursları, kitablarının inkişafı ilə bağlı həyata keçirilən layihələri Azərbaycan dövlət strukturlarını hər bir insana olan münasibətlə bərabər, həm də digər xalqların nümayəndələrinə olan münasibəti beynəlxalq dəyərə çevrilə bilər”.
Kulturoloq əlavə edib ki, Avropda mühacirlərə, islamçılara, eyni zamanda Amerikada çinlilərə qarşı olan kəskin münasibətin get-gedə dərin böhrana çevrildiyi bir vaxtda Azərbaycanın daxilində, həm də Azərbaycanın ixrac etdiyi multikultural dəyərlərin belə uğur qazanması dövlət olaraq ölkəmizi beynəlxalq aləmdə tanıdır:
"Eyni zamanda bir güc-qüvvəyə çevrilir. Hətta İslam ölkələri təşkilatında sünni və şiə parçalanması vardı. İstər Heydər Əliyev, istərsə İlham Əliyev, istərsə də Birinci vitse-prezident Mehriban Əliyevanın səyi nəticəsində parçalanma yox oldu. Ayrı-ayrı münaqişələr var, amma bütövlükdə bu parçalanma artıq yoxdur. Türkdilli xalqların birləşdirilməsi, MDB ölkələri ilə bağlı münasibətlərimiz, iri ölkələri özündə birləşdirən beynəlxalq platformalarda Azərbaycanın mövqeyi və tədbirlərə dəvəti əslində bu multukultural və millətlərarası münasibətlərin inkişafı baxımından çox maraqlı faktlardır. İsər Avropa, istər İslam ölkələri oyunları, istərsə də türkdilli ölkələrin idman yarışlarında və yaxud da musiqi festivallarında Azərbaycanın iştirakı, eyni zamanda da bu tədbirlərin əksəriyyətinin yüksək səviyyədə təşkilinin nəticəsidir. Bu, dini və milli tolerantlıq münasibətlərinin bir növ yüksək səviyyəsinin nümayiş etdirir”.
Aydın Xan Əbilov vurğulayıb ki, Azərbaycanda sinaqoq, kilsə, atəşpərəstlik məbədləri, eyni zamanda islamın müxtəlif qollarına aid olan məcidlərin yanaşı fəaliyyət göstərməsi, gecə-gündüz onların qapılarının açıq olması, heç bir konfliktin olmaması bizim dini sahəyə verdiyimiz dəyərin nəticəsdir:
"Azərbaycanda hər il dini konvensiyalara pullar ayrılır. Qafqaz Müsəlmanlar İdarəsi həm də Qafqazda yaşayan 120-dən çox milləti özündə birləşdirir. Bu həm Azərbaycanın daxilində, həm də xaricdə olan digər xalqlar üçün nüminə olmalıdır. Amma gəlin qonşu xalqlara baxaq, biz bunu görmürük. O xalqların adlarını çəkmək istəmirəm. Konflikt olduğumuz Ermənistanı götürək, inanclı insanların birini orada saxlamayıblar. 300 mindən çox azərbaycanlının oradan qovulması, məscidlərimizin donuzxanaya çevrilməsi, qəbirlərimizin təhqir edilməsi və s. Bunun müqabilində Azərbaycanda, Bakıda hələ də erməni, katolik, Alban kilsələri, Zərdüşt məbədlərinin fəaliyyəti dini tolerantlığın bir növ nümunəvi göstəricisidir. Bu baxımdan biz Azərbaycanın Şimal və Cənubunda yaşayan milli azlıqlar, azsaylı xalqların, millətlərin dinləri, mətbəxt, incəsənət, folklor nümunələrinin, ən asası isə dilinin inkişaf etdirilməsi ilə bağlı Azərbaycanda görülən işlərdən danışmırıq. Azərbaycan unikal bir ölkədir ki, burada Beynəlxalq Miltikulturalizm Mərkəzi fəaliyyət göstərir. Bütün bunları biz daha da inkişaf etdirməyi qarşımıza məqsəd kimi qoymuşuq. O xalqlar da özlərini Azərbaycanda rahat hiss edirlər”.
Bahar Rüstəmli
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.
Şərhlər