"Bolt” şirkəti onu boykot edən taksi sürücülərinin profillərini bloklayıb.
Bu barədə Qaynarinfo-ya boykot kampanyasının təşkilatçısı Nicat Məmmədov bildirib.
O qeyd edib ki, şirkət problemləri həll etmək əvəzinə sürücülərlə prinsip aparır. "Ortada bir çox problemlər var və bu problemlər həm sürücülərə həm də müştərilərə mənfi təsir göstərir. Biz də bu problemlərin həlli istiqamətində etirazımızı bildiririk amma bunlar problemi həll etmək əvəzinə diktaturalıq edirlər. Açıq aşkar deyirlər ki, ölkədə taksi sahəsində qanunsuzluqdur, özbaşınalıqdır və biz də bundan istədiyimiz kimi istifadə edirik.
Boykotun təşkilatçısı kimi sürücülərə qarşı olan bu özbaşınalığa görə sürücülərin yaşadığı çarəsizliyi, maddi çətinliklərini ağır bir yük kimi öz üzərimdə hiss edirəm. Hüquqşünaslardan, media qurumlarından, aktivistlərdən xahiş edirəm bu məsələdə mənə köməkçi olsunlar”, - deyə aksiyanın təşkilatçısı əlavə edib.
Taksi sürücüləri boykot kampaniyasına mayın 27-dən start veriblər. Həmin gün saat 17.00-dan 19.00-a kimi "Bolt” ilə çalışan taksi sürücüləri profillərini bağlayaraq şirkəti boykot ediblər. Nicat Məmmədov bildirib ki, kampaniya problemlər həllini tapana qədər davam edəcək. O həmçinin qeyd edib ki, hər dəfə aksiyanın vaxtı artırılacaq. Yəni, ilkin olaraq 2 saatlıq aksiya növbəti mərhələlərdə daha çox müddəti əhatə edəcək.
"Bolt” şirkətindən problemlə əlaqədar hər hansı şərh almaq mümkün olmayıb.
Seyid
Şərhlər