Xəbər lenti

Azərbaycanın xaricdən 3 milyard borc alması təhlükəlidirmi? - Ekspert
Ekonomiks 15:36 18.09.2024

Azərbaycanın xaricdən 3 milyard borc alması təhlükəlidirmi? - Ekspert

"3 milyard manatlıq borc indilikdə kredit resurslarından daha effektiv istifadə etməyə imkan verəcək". 

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Azərbaycan hökumətinin gələn il üçün 3 milyard manatdan bir qədər artıq borc almaq niyyətinin verəcəyi nəticələri şərh edərkən deyib.  

"Azərbaycanda borc səviyyəsi postsovet məkanında ən aşağı və ən yaxşı səviyyədədir. Azərbaycanda ümumdaxili məhsula nisbətən ölkənin borcu heç 10 faiz nisbətində deyil. Bu da yaxşı nəticədir. Ona görə də ölkəmiz üçün kredit və borc almaq o qədər də problem deyil. Problem odur ki, Azərbaycan borc alma prosesinin sürətini artırıb. Əvvəlki illərə nisbətən daha çox borc almağa məcburiyyət yaranıb", deyə Natiq Cəfərli bildirib.



Ekspert qeyd edir ki, borc almağa ehtiyacın artması ölkə iqtisadiyyatının gəlirliyinin aşağı düşməsindən qaynaqlanır: 

"Bu isə daha düşündürücü məsələdir. Gələcəkdə borc yükünün artmaması üçün indidən lazımi tədbirlər görülməlidir ki, Azərbaycan iqtisadiyyatı özü-özünü dolandıracaq qədər pul qazana bilsin. Hazırda büdcəmiz daha çox Neft Fondu hesabına formalaşır. Eyni zamanda, neft gəlirlərində azalmalar müşahidə edilir. Bu da hasilatın azalması və qiymətin düşməsilə bağlıdır. Nəticədə müəyyən problemlər yaranır. Bir sözlə, xaricdən 3 milyard manat borc almağımız indilikdə təhlükəli hal deyil. Əksinə, bu hal ölkəmizə kredit resurslarından daha effektiv istifadə etməyə imkan verir".

Qeyd edək ki, Azərbaycan 2025-ci ildə dövlət büdcəsinin 3 milyard 51,6 milyon manat proqnozlaşdırılan kəsirini əsasən borclanma hesabına maliyyələşdirəcək. Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, borclanma 2 milyard 672,3 milyon manat nəzərdə tutulur ki, bu da kəsirin 87,6 %-ni təşkil edəcək. Bundan başqa, kəsirin 2025-ci ilin əvvəlinə ehtimal edilən vahid xəzinə hesabının qalığı hesabına 250 milyon manat, özəlləşdirmədən daxilolmalar hesabına 110 milyon manat, məqsədli büdcə fondlarının vəsaitinin qalığı hesabına 19,3 milyon manat olmaqla maliyyələşdirilməsi planlaşdırılır.

Rüfət Sultan


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->