(Yazı "Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi" mövzusu üzrə hazırlanıb)
Fikir, söz və məlumat azadlığı, plüralizm əsas insan hüquq və azadlıqlarının tərkib hissəsidir və təcrübədə, onların inkişafından deyil, təmin edilməsindən söhbət gedə bilər. Azərbaycan Respublikasının Konstitusiyası və sahəvi qanunlar ölkəmizdə istisnasız olaraq, bütün əsas insan hüquq və azadlıqlarının qorunmasına təminat verir.
Ölkənin hüquqi-normativ aktlarının əsasını Konstitusiyada təsbit olunmuş hüquqi mexanizmlər təşkil etdiyi üçün "Məlumat azadlığı haqqında", "Fərdi məlumatlar haqqında", "İnformasiya əldə etmək haqqında", "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" və digər qanunvericilik aktları söz, fikir, məlumat azadlığının təmin edilməsinə maneə yarada biləcək amillərin özünü hüquqi müstəvidə büruzə verməsinə imkan vermir.
"Xalq cəbhəsi" qəzetinin direktoru Elçin Mirzəbəyli Qaynarinfo-ya açıqlamasında bildirib ki, hazırda söz, fikir və məlumat azadlıqları ilə bağlı ən böyük problem, əsasən ayrı-ayrı dövlətlərin əlində "yumşaq güc", yaxud geosiyasi təzyiq aləti funksiyanını yerinə yetirən, mexanizm olaraq, milli qanunvericiliyə tabe etdirilməsi mümkün olmayan sosial şəbəkələrdə yaşanır:
"Bu sahədə olan boşluqların aradan qaldırılması üçün isə beynəlxalq hüquqi nihilizmə son qoyulmalı, real hüququn virtual məkana transformasiya edilməsi istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilməlidir. Real həyatda tətbiq olunan qanunlar virtual məkanda da tətbiq edilməli, qlobal media resursları, yaxud sosial şəbəkələr müvafiq seqmentlər üzrə milli qanunvericiliklərə tabe etdirilməlidir. Yalnız bu halda fikir, söz və məlumat azadlığının hüquqi müstəvidə tam qorunmasından söz açmaq olar".
"Cəbhə.info"un baş direktoru Rəfael Becanovun fikirincə, fikir, söz və məlumat azadlığının inkişafı cəmiyyətin əsas inkişaf priroritetlərindən biridir:
"Söz, məlumat azadlığı və cəmiyyətin inkişafı bir-birilə üzvi surətdə bağlıdır. Ona görə də bu məsələ hər zaman diqqət mərkəzindədir. Bunun üçün xüsusi konsepsiya və təlimatlara ehtiyac varmı, yoxmu - bunu demək çətindir. Təlimat və ya konsepsiya ilə hansısa direktivlə buna nail olmaq mümkün deyil. Demokratik düşüncə sisteminin cəmiyyətin bütün sferalarında oturuşması fikir və söz, məlumat azadlığına təkan verən əsas amildir. Biz hamımız, vətəndaş cəmiyyətinin bütün subyektləri, xüsusən media buna çalışmalıdır ki, demokratik düşüncə sistemi bütövləşsin və cəmiyyətin bütün spektrlərində bu dəyərlər adi həyat norması kimi qəbul edilsin. Yalnız bu halda fikir, söz və məlumat azadlığına nail olmaq mümkündür. Bu isə tədrici prosesdir. Buna birdən-birə, spontan nail olmaq mümkün deyil".
Rəfael Becanov hesab edir ki, söz və fikir azadlığına hansısa məhdudiyyətlərin olması haqda fikirlər düzgün deyil:
"Ümumilikdə, insanların fikir və söz azadlığına qarşı müqavimət ola bilər və bunu kimsə də inkar etmir. Amma ciddi şəkildə məhdudiyyətlər olması kimi fikirləri düzgün hesab etmək yanlışdır. İnternetin, sosial şəbəkələrin indiki durumunda bu iddia dayanıqlı deyil. İnsanlar indi düşüncələrini gizlətmir. Mövqelər, fikirlər təkcə ənənəvi media, yaxud yeni media vasitələri ilə paylaşılmır. Sosial şəbəkələr sərhədsiz və məhdudiyyətsizdir. Dünyada peşəkar jurnalistika ilə bərabər vətəndaş jurnalistikası adlandırdığımız blogerlik, vlogerlik və s. kimi yeni fəaliyyət imkanları var. Ona görə də indi söz və fikir azadlığına əngəl olmaq mümkün deyil. Bəzən sosial şəbəkələrdə fikir, söz və məlumat azadlığı adı altında bütün bəşəri dəyərlər belə tapdalanır. Əsassız, təsdiqlənməmiş, yalan, insanları şantaj edən materiallar, məlumatlar yayılır. İnsanlar tənqid yox, təhqir olunur. Təbii ki, bunlar həmin azadlıqların məhdudiyyətsizliyidir. Amma əsassız paylaşımlara, böhtan və şantaja görə məsuliyyət var və bütün ölkələrdə bu kimi hallar qanunla tənzimlənir. Təbii ki, Azərbaycanda da bu hallar qanunvericiliklə tənzimlənir. Ona görə də "fikir və söz azadlığına məhdudiyyətlər var" fikri ilə birmənalı razılaşmaq mümkün deyil. Sadəcə, məsuliyyət var".
Bahar Rüstəmli
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.
Şərhlər