"Hazırda gedən müharibələr Paris Yay Olimpiya Oyunları dövründə də dayanmayacaq. Müharibənin qarşısını almaqda BMT acizdir".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Taleh Əliyev BMT baş katibi Antonio Quterreşin Olimpiya oyunları dövründə müharibələri dayandırmaqla bağlı çağırışını şərh edərkən deyib.
"II Dünya müharibəsindən sonra qalib dövlətlər tərəfindən formalaşdırılan BMT heç də tam müstəqil qurum olmayıb. BMT əsasən veto hüququna malik 5 dövlət arasında razılaşdırılmış qərarları həyata keçirib, nəinki bütövlükdə Baş Assambleyanın qəbul etdiyi dekorativ qərarları. Birinci Qarabağ müharibəsində Azərbaycan torpaqlarının işğalı zamanı BMT tərəfindən qəbul olunan 4 qətnamənin həyata keçirilməməsinin canlı şahidləriyik", deyə Taleh Əliyev bildirib.
Ekspert qeyd edir ki, son illər, xüsusən də Rusiyanın Ukrayna ərazisinin bir hissəsini işğal etməsindən sonra böyük dövlətlər arasında münasibətlərin kəskin şəkildə pisləşməsi fonunda, BMT və onun strukturlarının, o cümlədən qurumun baş katibinin nüfuzu kifayət qədər zədələnib:
"Yaxşı olardı ki, BMT baş katibi belə bir qeyri-səmimi çağırışla müraciət etməyəydi. Çünki bu gün BMT o qədər də mötəbər institut deyil ki, onun rəhbərinin çağırışı ilə yeni dünya düzənini formalaşdıran, qanlı müharibəni başlayan dövlətlər hər hansı bir formada müharibəni dayandırıb, idman həmrəyliyi ətrafında birləşsinlər. Fikrimcə, BMT baş katibinin həmin çağırışı onun özünə simpatiyadan daha çox, antipatiya qazandırır. Özü də yaxşı bilir ki, bu çağırışına əməl edən olmayacaq. Ona görə də belə bir çağırışı etməkdənsə, susqun qalmaq daha səmimi olardı. Qanlı müharibə hələ özünün pik nöqtəsinə çatmayıb. İrəlidə daha amansız, daha kütləvi qətliamlarla müşayiət olunacaq müharibələr gözlənilir. Onların qarşısını almaqda BMT acizdir".
Qeyd edək ki, iki gündən sonra Parisdə növbəti Olimpiya Oyunları start götürür. Bütün dünyanın diqqət mərkəzində olan bu yarışlar ərəfəsində bir sıra ölkələr yarışların keçirildiyi dövrdə müharibələrin dayandırılmasını təklif ediblər. Son olaraq belə bir təkliflə BMT baş katibi Antonio Quterreş də çıxış edib. O, Olimpiya Oyunları ərəfəsində dünyaya çağırış edib ki, silahlar yerə qoyulsun. Bu barədə Quterreş Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Parisdə keçirilən 142-ci sessiyasında çıxışı zamanı bildirib. Paris Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək.
Rüfət Sultan
Şərhlər