"Hansı partiya yeni qanunun tələblərinə cavab verəcəksə, onun qeydiyyatı reallaşacaq. Hansı partiya ki, tələblərə cavab verməyəcək, onların qeydiyyata alınmaması ehtimalı böyükdür”.
Bunu Qaynarinfo-ya açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə deyib. Onun sözlərinə görə, "Siyasi partiyalar haqqında” yeni qanunda konkret olaraq şərtlər göstərilib və bütün partiyalar həmin şərtlərə əməl etməlidir:
"Bu şərtlər daxilində də partiyaların bundan sonra qeydiyyatdan keçməsi proseduru həll olunmalıdır. Hansı partiyaların qeydiyyata alınıb, hansının qeydiyyata alınmaması haqqında indidən fikir demək düzgün olmaz. Hesab edirəm ki, bu barədə danışmaq doğru da deyil. Köhnə partiyaların qeydiyyata alınması ilə bağlı deyilənlərlə razı deyiləm. Təmasda olduğumuz bəzi partiyalar var, siyahılarını yekunlaşdırdıqlarını bilirik. Hətta 5 mindən yuxarı üzvün mövcudluğu ilə bağlı siyahıları var. Bizdə də bu proses gedir, lazım olan səddi keçmişik. Partiya üzvlərimiz çoxdur”.
Arzuxan Əlizadə AMİP-ə birləşməklə bağlı heç bir partiyadan təklif gəlmədiyini vurğulayıb:
"Təklif gəlməyib. Əvvəlcədən demişdik ki, əgər belə təklif olarsa, dəyərləndirilə bilərik. Az müddət qalıb, bundan sonra birləşmə ilə bağlı hansı partiyadan təklif gəlməsi bir o qədər də əhəmiyyət daşımır”.
Bahar Rüstəmli
Şərhlər