Xəbər lenti

Şagirdlərin məktəbə telefon aparması qadağa oluna bilərmi?
Ölkə 14:45 04.09.2024

Şagirdlərin məktəbə telefon aparması qadağa oluna bilərmi?

"Azərbaycanda müəllim nifuzunun aşağı salınmasının birinci səbəbi şagirdlərin özləri ilə məktəbə telefon gətirməsi və dərs zamanı telefondan istifadə etməsidir".
 
Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Məzahir Məmmədli Rusiya və Türkiyədə orta məktəblilərin dərs zamanı mobil telefondan istifadə edə bilməməsi ilə bağlı qanundan danışarkən deyib. 

Ekspert hesab edir ki, dünyanın bir çox ölkəsində olan təcrübə nəhayət Azərbaycanda da qəbul olunmağa başlayacaq:


 
"Azərbaycanda kifayət qədər təhsil ekspertləri, digər bu sahəyə məsul şəxslər və eləcədə adi vətəndaşlar tərəfindən dəfələrlə səsləndirilib ki, təhsil müəssisələrinə mobil telefonların gətirilməsi qadağan olunsun. Xüsusi ilə də smart telefonların gətirilməsi qadağan olunmalıdır. Bir vaxtlar məktəblərdən kütləvi şəkildə videoların çəkilib paylaşılması, müəllimlərin aşağılanması faktları vardı ki, buna görə də bu məsələ gündəmə gəlmişdi. Milli Məclisшт Elm və Təhsil Komitəsində bu məsələ bir neçə dəfə müzakirə olunub. Görünür müzakirədə vahid bir mövqe olmadığından hələ də qərar qəbul edilə bilməyib. Ümid edirəm ki, yeni parlament bu məsələ ilə bağlı qərar qəbul edəcək". 

Təhsil eksperti Elçin Əfəndi isə qeyd edib ki, bu pilot layihə olaraq Azərbaycanın bəzi məktəblərində həyata keçirilir:



"Bu əsasən məktəb direktorları tərəfindən nəzarət altında olan bir prosesdir. Şagird məktəbə daxil olanda üzərində olan müvafiq telefonu təhvil verməlidir və geri dönüş edərkən götürməlidir. Bu şagird davranış qaydalarında öz əksini tapıb. Ümumi 4400-dən çox təhsil müəssisəsi var, amma bu qaydanın onların hər birinə tətbiq olunması mümkün deyil. Bir müddətdən sonra isə ola bilər ki, belə bir qayda tətbiq olunsun. Çünkü dərs zamanı mobil telefonlardan istifadə şagirdin fikir dağınıqlığına gətirib çıxardır, dərs şagirdə maraqlı olmur və yaxud da digər səbəbdən şagird dərsin gedişatını, yaxud da qeyri-etik davranış qaydaları sərgiləyirlər, onu-bunu çəkirlər. Rusiyada, Türkiyədə şagirdlərə telefon daşıması qadağan olunub. Ümid edirəm ki, Azəraycanda da tədricən dərs zamanı mobil telefonlardan istifadənin məhdudlaşdırılması vacibdir". 

Elçin Əfəndinin sözlərinə görə, aşağı nəticə göstərən abituryentlər gündəlik fəaliyyətində mobil telefona daha çox vaxt ayıran şəxslərdir:
 
"Bu il ali təhsil istiqamətində təxminən 85-87 min müraciət qeydə alınıb. Onlardan 27 mini müsabiqədən kənarda qaldı. Araşdırsaq, təxminən onların arasında 100-150 nəfəri normal bal toplayıb, amma düzgün seçim etmədiyindən kənada qaldı. Amma qalan hissəsi balı aşağı olanlardır. Bundan əlavə nəticəsi 0-150 arasında kifayət qədər abituryent var. Bunların hər birindən maraqlansaq onların əksəriyyəti vaxtın çox hissəsini dərsə deyil, telefon və digər əyləncəyə vaxt sərf ediblər. Ona görə şagirdlərə telefon qadağan olunsa məqsədəuyğun olar". 

Elçin Əfəndi əlavə edib ki, bunu bəziləri söz azadlığının məhdudlaşdırılması, şagirdlərin hüquqlarının əlindən alınması kimi başa düşəcək:

"Amma bu belə deyil. Bu şagirdin təhsilə daha çox yaxınlaşmasıdır”. 

Qeyd edək ki, Rusiyada məktəblilər dərs zamanı mobil telefondan istifadə edə bilməməsi ilə bağlı qanun qüvvəyə minib. Bir müddət əvvəl Türkiyədə də məktəbə telefonla gəlmək qadağan olunub. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->