Xəbər lenti

Yazıçı-şairlərimiz necə düşünür: Sülh, yoxsa savaş? (SORĞU)
Sənət 18:15 14.10.2020

Yazıçı-şairlərimiz necə düşünür: Sülh, yoxsa savaş? (SORĞU)

Çoxları tərəfindən qəbul olunmuş belə bir ifadə var ki, yazıçılar gərək bütün hallarda müharibəni dəstəkləməsin, sülhpərvər, humanist olsun.


Qaynarinfobu fikrə yazarlarımızın münasibətini öyrənib.

 

Mübariz Örən:


- Yazıçı da hər şeydən əvvəl insandı, vətəndaşdı. Mənim torpaqlarım 30 ildir işğal altındadır, atamın məzarı o yerlərdə əsirdi. Düşmən də sülh dili bilmir. Belə yerdə müharibədən başqa yol qalmır. Bizim kiminsə torpaqlarında gözümüz yoxdur. Biz öz vətənimizi müdafiə edirik. Bu bizim haqq işimizdir, borcumuzdur. Qələmin öz missiyası var, lakin elə məqamlar var ki, orda əsas sözü silah deyir. Vətəni qorumaq hər kəsin müqəddəs borcudur, kimliyindən asılı olmayaraq.

 

 


Şərif Ağayar:


- Məncə, bu gün söz Azərbaycan Ordusunundur. Bu müharibə ədəbiyyata necə təsir göstərəcək, yazıçı hansı pozisiyadan çıxış edəcək, sonranın işidir. Təklif edirəm, azı bir ay yazıçılığı kənara qoyaq, vətəndaş kimi düşünək. Əmin edirəm, bununla heç nə itirmərik. Azərbaycan Ordusu öz sərhədləri daxilində döyüşür, ona görə də ədalətli müharibə aparır. Bu, mənim yox, tarix elminin təsbitidir. Bir ölkənin ərazi bütövlüyü pozulubsa, sakinləri öldürülübsə, şəhər və kəndləri talan edilibsə, qələm yox, silah danışmalıdır. Danışır da. Mən 30 il işğal altında qalan torpaqlarımızın azad edilməsi uğrunda aparılan hərbi əməliyyatları qalıcı sülhə doğru atılan ən vacib addım sayıram. Kompüter arxasında sülhdən danışmaq asandır. Adam istəyirəm, müharibəni istisna edən çıxış yolunu göstərsin. Hardadır o sülh? Şərtləri nədir? Onu necə əldə edək? Bunlar vacib suallardır.

 

 


Cəlil Cavanşir:


- Müharibənin olmaması üçün ilk növbədə kapitalizmi məhv etmək lazımdır. Təsadüfi gözə çarpan bir qrup idealist lümpen tərəfindən təbliğ olunan kiçik və aciz burjua pasifizminin humanizmlə, sülhpərvərliklə heç bir əlaqəsi yoxdur. Bu, sadəcə dəcəl idealistlərin avantürasıdır. Müharibəni dəstəkləməyən "humanist" yazıçı, sənətçi zəhmət olmasa, müharibəyə şərait yaradan qaniçən imperializmə də baş qaldırsın. Bunu etməyən heç bir sülhsevərin, antimilitaristin, pasifistin səmimiyyətinə inanmıram.

 

Müharibəni, hətta faşizmi dəstəkləyən, əlində silah döyüş meydanında savaşan yazıçılar var. Və bu yazıçıların əsərlərində humanizm heç də başqalarınkından az deyil. Təbii ki, mən müharibəyə də, insan ölümlərinə də bütün qəlbimlə qarşı çıxıram. Müharibə bütövlükdə bəşəri faciədir. Heç bir ağıllı insan bu bəlanı dəstəkləmir.

 

Konkrer olaraq sürükləndiyimiz, məhkum olduğumuz Qarabağ savaşından söhbət gedirsə, bizim savaşdan başqa yolumuz yoxdur. Biz illərlə sülhə inandıq, sülhü dəstəklədik. Ancaq göründüyü kimi, erməni xalqı bu sülhün dəstəkçisi olmadı. 27 il əvvəl əlimdən tutub məni məktəbə aparan gənclər şəhid oldu. Bu travma ilə, bu ağrı, nisgillə böyüdüm. Bu gün də əlindən tutub məktəbə apardığım uşaqlar şəhid olur...

Qısası, ölkəmdə savaş gedir, tanıdığım insanlar ölür və bu məni sarsıdır. Bunun bitməsi üçün ölkəmin işğalda olan torpaqları azad edilməlidir. Bunun üçün savaşmağa da, ölməyə də hazıram.

 

Anlayıram ki, bu imperialistlər, kapitalizmin ağzı qanlı köpəkləri bu müharibədən qazanclı çıxacaq. Bu qaçılmazdır. Heç olmasa, bu böyük oyundan mənim vətənimin də bütöv çıxması üçün bu günkü sülh çağırışlarını faydasız hesab edirəm. Bu savaş gələcək nəsillərə miras qalmamalıdır.

 


 

Mirmehdi Ağaoğlu:


- Sülhlə təslimiyyət fərqli-fərqli anlayışlardır, bunları bir-birindən ayırmaq lazımdır. Biz nə müharibə istəyirik, nə də təslimiyyət. Müharibə istəyəsdik, Amerika kimi okeanın o tayından gəlib İraqda müharibə aparardıq. Biz yalnızca torpaqlarımızı düşməndən azad etməyə çalışırıq.

Bu müharibə deyil.

Həkim də xəstəni sağaltmaq üçün qanqrena edən bədən üzvünü kəsməyə məcburdur. Xəstə nə qədər çığırıb-bağırsa da, söysə də, müqavimət göstərsə də həkim bu addımı atmağa məcburdur. O zaman biz həkimə deyə bilərik ki, necə qəddar adamsan, cəllad kimi xəstənin ayağını kəsirsən?! Yox. Çünki qanqrena eləmiş yeri kəsib atmasa, o iltihab bütün bədənə yayılar və nəticədə xəstəni itirə bilər. Biz də bu 30 il müddətində iltihablamış, qanqrena eləmiş bu məsələni kökündən həll etməyə çalışırıq. İndi eləməsək, sonra gec olacaq.


30 ildir bizim ərazimizə soxulub burda özünə dövlət yaratmaq istəyən, dinc əhalini qıran, özü də məhz etnik mənsubiyyətinə görə qıran düşməni öz torpaqlarımızdan çıxarıb sakit, sülh içində yaşamaq istəyirik. Əks təqdirdə düşmən əlində olan torpaqlarla kifayətlənməyəcək, daha böyük əraziləri işğal edəcək.

 

Musa peyğəmbər deyirdi ki, "dişə diş, gözə göz”, ondan sonra İsa peyğəmbər gəlib dedi ki, "sol üzünə şillə vurana, sağ üzünü çevir”, Məhəmməd peyğəmbər isə "vuruşun, sizinlə vuruşanlarla vuruşun” dedi. Biz də hazırda bizimlə vuruşanlarla, torpaqlarımızı işğal edənlərlə vuruşuruq, ayrı niyyətimiz yoxdur.

 


 

Fərid Hüseyn:


- Müharibələr bir-birinə bənzəmir. Çünki səbəbləri fərqlidir. Ermənistanın bizim torpaqları işğal etməsi, 30 ilə yaxın müddətdə atəşkəs rejimini ardıcıl pozması, beynəlxalq öhdəlikləri yerinə yetirməməsi nəticəsində danışıqlar prosesi illərdir ki, dalana dirənib. Danışıqlar prosesinin dalana dirənməsi dolayısı ilə humanizmin dalana dirənməsi deməkdir. Azərbaycan münaqişənin həlli üçün bütün humanizm üsullarını sınaqdan keçirdi. Bu gün də torpaqlarımızı tərk edəcəkləri halda ermənilərə güzəştlər olacaq. Sadəcə, ermənilər hədər yerə ölmək istəyirlər. Hansı tərəfdən baxırsansa, problemdən çıxış yolu tapa bilmirsən. Əgər belədirsə, hansı humanizmdən söhbət gedə bilər?! Biz oturub gözləməliyik ki, atəşkəs olsun və bizi bir-bir, iki-iki atəşkəs dönəmində qırsınlar?! Yazıçı, əlbəttə, humanist olmalıdır, amma əgər o humanizmə gedən yol varsa. Yoxdursa, qan tökülməsi aqibət məsələsidir.

 

 


Aqşin Evrən:


- Müəllifin boynuna belə bir yük qoymaq quldarlıq təfəkkürüdür. Söhbət insan ölümlərindən gedirsə, onda gərək yazıçı silaha müxalif olduğu kimi, içində tələfat olan hər həyat detalından uzaq gəzsin. Belədə müəllif insan ömrü yox, paltaryuyan maşın taleyi yaşamış olar. Bilirəm, bu mövzu Qarabağ savaşına görə gündəmə gəlib. Keçən dəfə bu haqda bir yerdə danışmışdım, həmin fikirlərimi bölüşüm yenə.

Bizim apardığımız Qarabağ müharibəsinin "insanların ölümü" kimi qiymətləndirmək cəhalət və düşüklük faktıdır. Belə insanların nəinki normal, heç primitiv analiz qabiliyyətləri də yoxdur. Belələri əksər hallarda insan hüquqları haqda boş-boş çərənləyirlər. Əgər sənin qonşuluğundakı məcburi köçkün öz doğma torpağında yaşamaq haqqından məhrumdursa və sən onun torpağına (Qarabağa) qayıtmaq haqqını, arzusunu görməzdən gəlirsənsə, tüpürələr sənin müdafiə etdiyin demokratik, liberal və s. haqq və dəyərlər sisteminə.


İnsanlarımız adi haqlardan - öz doğmalarının qəbirlərini ziyarət etməkdən məhrumdurlar. Bu cür ağrılı məqam qala-qala söz azadlığı, nə bilim, demokratiyadan danışmaq yumşaq desək, ultra-bambılılıqdır.

 

Sənin ölkənin vətəndaşı əvvəlcə öz torpağında, evində yaşamaq haqqına sahib olmalıdır.


Ümumiyyətlə, Qarabağ probleminin daha dərin qatları var. O dərin qatlara enə bilməyən adamların bu haqq savaşına qarşı orda-burda çərənləməsi mənə gülməli gəlir.


Müharibə yaxşı şey deyil. Amma bizim Qarabağ savaşımız tamam başqadır. Təxminən misal çəkim. Bir adam sənin evinə girib oğlunu öldürür, qızını əsir alıb hər gün zorlayır, otağının birini zəbt edib çıxmırsa və sən buna tolerant yanaşırsansa, demək, səndə şərəf, mənlik kimi keyfiyyətlər yoxdur. Belə adamları da buraxmaq lazımdır özlərini rüsvay eləsinlər.

 

 


Fərhad Amur:


- Ümumən mən, Dostoyevskinin məşhur müsahibəsində müharibənin insanlığa, humanizmə qazandırdıqları yöndə fikirlərinə başdan-ayağa qatılıram. Konkret bizim vəziyyətimizdə isə 27 il göstərdi ki, xalqımızı atəşkəs, sülh deyil, indi müharibə sakitləşdirməyə başlayıb. Başqa çıxış yolu buraxmadılar bizə. Bircə itkilərimiz az olsun.

 


 

Orxan Saffari

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->