Xəbər lenti

Rusların da, türklərin də, Allah canını sağ eləsin!
Amal Abuşov
İdman 13:03 09.12.2023

Rusların da, türklərin də, Allah canını sağ eləsin!

10-12 ilin söhbətidir, AFFA qadın futbolunun inkişafı adı altında Azərbaycana Almaniyadan Sissi Rayt adında bir qadın məşqçi gətirmişdi. Deyirdilər ki, Sissi xanım ayağına çarıq geyinib, bölgələrimizi gəzəcək və yeni istedadlar kəşf edəcək. Beləcə Azərbaycanda qadın futbolu ildırım sürətiylə inkişaf yoluna qədəm qoyacaq...

Sissi Raytın bura gəlişi o dövrlərə təsadüf edirdi ki, AFFA-nın digər sevimli qocası Berti Foqts Bakıda at oynadırdı, onun da qılıncının dalı-qabağı kəsirdi. Sissi Raytın təbliğatından beşqat artığını Foqtsun Azərbaycana gəlişi ətrafında aparırdılar. Uzun sözün qısası, bir alman kişisi, bir də zənən xeylağı əl-ələ verib bizim futbolun inkişafına çalışmalıydılar. Çalışdılarmı? Bu sualın cavabını hamımız yaxşı bilirik. Elə sonrası da bizə məlumdur. Alman Sissi getdi, onun yerinə ispan Patrisiya Qonzales gəldi. Bir müddət o da bizim pulumuzdan qazandı, sonra vətəninə yollandı. 

Qadın futbolundan olduğu kimi, AFFA kişilərin də futbolunda əcnəbi mütəxəssislərə qarşı daim səxavətli davranıb. Berti Foqtsdan sonra Robert Prosineçki quzu ətindən kababımızı yeyib, Bakıda səfa çəkib. Elə onun həmyerlisi Nikola Yurçeviç də ailəsi ilə birlikdə azərbaycanlıların (oxu: AFFA-nın) qonaqpərvərliyindən feyziyab olub. Heç şübhə etmirəm ki, Qəbələdə gördükləri, ona verilən qonaqlıqları unutmayıb. Dünənə qədər italyan Canni De Byazi Bakıda əsl şahlara layiq həyat sürürdü. Ara-sıra bostanımıza daş atır, azərbaycanlı futbolçuları xaraktersiz adlandırıb, təhqir etməkdən çəkinmirdi. Ölkənin ən yaxşılarından olan Qara Qarayevə böhtan atıb, qara yaxmaq cəhdini də hamımız gördük. Amma biz Qaranı o qədər yaxşı tanıyırıq ki, De Byazinin ona atdığı qara böhtan heç yapışmadı, ciddi qəbul olunmadı.

Mən nə irqçiyəm, nə də yerlipərəst. Mənim üçün ən dəyərli olan şey həqiqətdir. Onu da qəbul etməyi, üzə söyləməyi və sona qədər üzərində dayanmağı bacarmaq lazımdır. AFFA milliyə yenidən əcnəbi mütəxəssis gətirib, onun vasitəsiylə işbazlara pul qazandırmaq həvəsinə düşübsə, yuxarıda qeyd etdiklərimi yaxşı-yaxşı oxusunlar. Ortada dağ boyda əlahəzrət fakt var. Həmin fakt da ondan ibarətdir ki, bizim futbolun ümumiyyətlə, əcnəbi mütəxəssisə ehtiyacı yoxdur. İtalyan və alman sevdalıları sakitləşib, ortaya "yeni qüvvələr” çıxıb. Kimlərsə milliyə türkiyəli məşqçi soxuşdurmaq arzusundadır. Rusdilli dəstə 10 il əvvəl təbliğatını apardıqları "Çerçesov arzusu”nu yenidən diriltməyə çalışır. Məşhur səhnəcikdə deyildiyi kimi, rusların da, türklərin də, Allah canını sağ eləsin. Əl və ayaq saxlayın, cənablar! Bu dəfə yeni bir cinayətə qol qoymayın!

Sissi Raytın, Patrisiya Qonzalesin bacarmadığını azərbaycanlı balası Siyasət Əsgərov bacardı. Qadınlardan ibarət Azərbaycan millisi tarix yazdı, Millətlər Liqasında qrupunu lider bitirdi. Özü də bir-birindən möhtəşəm qələbələr qazanmaqla. Deməli, məsələ əcnəbi mütəxəssis məsələsi deyilmiş, futbolçu potensialı imiş. Qadınlardan ibarət millinin əksər üzvləri legioner həyatı yaşadı, öz səviyyələrini xaricdə yüksəltdilər. Nəticə göz qabağındadır. Məşqçidən yox, futbolçulardan başlamalıyıq. Onlar inkişaf etsə, millinin nəticələri də düzələcək. Bu əcnəbi sevdasından əl çəkin!

Amal Abuşov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->