Aydın Səlimli
2008-ci ildə Rusiyanın Tiflisin cəmi 60 kilometrliyində olan tankları Qərb dövlətlərinin diplomatik təzyiqlərindən sonra geri çəkildi.
Ümid etmək olardı ki, bu, Rusiyanın post-sovet məkanında sonuncu hərbi müdaxiləsi olacaq. Ancaq 2014-cü ildə Rusiya daha bir ölkəyə - Ukraynaya müdaxilə etdi və Ukraynanın ərazilərinin bir hissəsində qondarma respublikalar yaratdı.
Bu ilin fevral ayının 24-də isə Rusiyanın Ukraynaya qarşı yeni hücumu başladı. Burada ABŞ politoloqu Z.Bjezinskinin sözləri yada düşür. Bjezinski "Böyük şahmat taxtası” kitabında qeyd edirdi ki, Rusiya Ukraynanın öz nəzarətinə qaytarmasa, heç bir zaman imperiya ola bilməz.
2021-ci ilin 26 noyabrında Rusiyanın vasitəçiliyi ilə Ermənistanla Azərbaycan arasında imzalanmış Soçi razılaşmasına əsasən, Moskva qoşunlarını sülhməramlı adı ilə Dağlıq Qarabağda yerləşdirdi. Bu baxımdan əgər 2020-ci ilə qədər Rusiya iki cənubi Qafqaz ölkəsində idisə, artıq Rusiyanın hər üç Cənubi Qafqaz ölkəsində qoşunları var.
Elə bu yaxınlarda, avqust ayının 26-da Soçi razılaşmasına əsasən, Laçın şəhərindən və bir sıra ətraf bölgələrdən Ermənistan silahlı qüvvələri çıxarıldı və yeni dəhliz verilmək şərti ilə keçmiş Laçın dəhlizi də Azərbaycana qaytarıldı. Ancaq sazişin bir çox bəndləri hələ də yerinə yetirilməyib və onun gələcəyi ilə bağlı birmənalı optimist yanaşma yoxdur.
Müstəqil ekspertlərin fikirincə, Rusiya qoşunları bu ərazidə 20 il və yaxud daha çox qalacaq.
Rusiyanın Ukraynada müharibəni uduzmasından və ya udmasından asılı olaraq Cənubi Qafqazda da siyasəti ona uyğun dəyişəcək. Ola bilsin ki, nə vaxtsa Rusiya qoşunları Ukraynanın, hətta Gürcüstanın ərazisindən çəkiləcəklər. Ancaq bu proses Dağlıq Qarabağa şamil olunacaqmı?
Anoloji müqayisə aparsaq, vaxtilə Mixail Qorbaçovla Qərb dövlətləri arasında aparılan danışıqların əsasında keçmiş Sovet İttifaqının üç Baltik ölkəsinin Sovetlər blokunu tərk etməsini razılaşdırıldığını demək olar. Ancaq proseslər elə cərəyan etdi ki, müstəqillik dalğası digər post-soviet ölkələrində də yayıldı. Ancaq Rusiya Baltik ölkələrini istisna eləməklə digər post-soviet ölkələrinə münaqişələr vasitəsi ilə qayıtdı. Həmin ölkələri öz təsir dairəsində saxlamaq və onlara qarşı təzyiq vasitəsi kimi istifadə etmək üçün Moskva geniş şəkildə özünün yaratdığı etno-ərazi konfliktlərindən faydalanır.
Bu baxımdan indiki vəziyyətdə Azərbaycan üçün ən məqbul yollardan biri 14 dekabr, 2021-ci ildə Avropa İttifaqının vasitəçiliyi ilə başlamış üç tərəfli görüşdə əldə olunmuş razılaşmalardan birini - Sərhədlərin Delimitiasiyası və Demarkasiyası prosesini davam etdirmək olardı. Həmçinin Türkiyə ilə hərbi-strateji əməkdaşlığı da bir qədər də inkişaf etdirmək məqsədəuyğun hesab olunardı.
Sazişin rəsmi tərəfinə gəldikdə, 2020-ci il imzalanmış Soçi Bəyannaməsininə əsasən, Sülhməramlı qüvvələrin mandatının 5 ildən sonra bitməsi planlaşdırılır və razılaşmaya əsasən, tərəflərdən birinin etiraz edəcəyi təqdirdə sülhməramlı qüvvələr bölgəni tərk edəcəklər. Ancaq burada sual yaranır: tərəflərdən hansısa biri rus qoşunlarının bölgədən çıxarılmasını tələb etmək üçün etiraz etməyə cəsarət edəcək?..
Şərhlər