Xəbər lenti

Azərbaycan-Avropa İttifaqı: Saziş bağlana bilərmi?
Aydın Səlimli
Siyasət 09:48 20.07.2022

Azərbaycan-Avropa İttifaqı: Saziş bağlana bilərmi?

Rusiya Ukrayna müharibəsinin başlama səbəblərindən biri də diplomatiyanın uğursuzluğa düçar olmasıdır. Bəli, uğurlu diplomatiya olsaydı, yəqin ki, son nəticədə müharibə də olmazdı. 

Ən azı bu qədər insan tələfatıyla, dağıdılmış və viran qoyulmuş şəhərlərlə qarşılaşmazdıq. Misal üçün deyək ki, Ukraynanın NATO üzvülüyü deyil, öncə Avropa İttifaqına üzvlük məsələsini gündəmə gətirməsi daha uğurlu bir senari olardı. 

Məsələ bundadır ki, Rusiya post-soviet ölkələrinin Avropa İttifaqına inteqrasiyasını məqbul sayır. Çünki Rusiyanın özünün bu ölkələrə təqdim edə biləcək heç nəyi yoxdur. Buna görə də Rusiya ətrafındakı ölkələrin Avropa dövlətləri ilə iqtisadi əlaqləri inkişaf etdirməsilə barışıb. Ancaq Rusiyanın NATO ilə bağlı mövqeyi hələ dəyişməyib. Rusiya NATO-nun genişlənməsini özünün geosiyasi maraqlarına zidd hesab edir.Xüsusi ilə Ukraynanın Rusiyanın təsir dairəsindən çıxandan sonra Belarus və Mərkəzi Asiya ölkələri yeganə bölgələrdir ki, Rusiya burada özünü imperiya kimi hiss edə bilir.

4 aydan artıq davam edən Rusiya-Ukrayna müharibəsinin fonunda Ukrayna və Moldova iyun ayının 23-də Avropa İttifaqına üzvlüklə bağlı namizəd dövlət statusu aldı.

Gürcüstanın isə Avropa Şurasının Komissiyasının rəyində göstərilən prioritetlər nəzərə alınandan sonra üzvlüyə namizəd ölkə statusunu alacağı bildirildi. 

Gürcüstanın namizəd ölkə statusu ala bilməməsinin səbəbi daha çox ölkənin indiki hökumətinin Qərb yönümlü olmaması, ölkədə insan haqları ilə bağlı göstəricilərin zəifləməsi, həmçinin Rusiyaya qarşı təzyiqlərə lazımı dəstəyi göstərməməsilə əlaqəli ola bilər. Ancaq unutmaq olmaz ki, ehtimallardan biri də budur ki, rəsmi Brussel Avropa İttifaqının qapısını yalnız Gürcüstan üçün deyil, hər üç Cənubi Qafqaz ölkəsi üçün açmaq istəyir. Bu da Gürcüstanın namizəd dövlət statusunu yaxın perspektivdə ala bilməməsilə nəticələnə bilər.

Hazırda Ukrayna və Moldovanın üzvlüyə namizəd ölkə statusunun Avropa İttifaqının əsas qaydalarına uyğun aparılacağı və prosesdə heç bir sürətləndirilmiş mərhələninin olmayacağı bildirib. Bu səbəbdən Ukraynanın namizəd dövlət stasusunu Türkiyənin Avropa İttifaqına üzvlük ilə bağlı apardığı uzun müddətli danışqlara bənzədənlər də az deyil. Hələ 1978-ci ildə Avropa İttifaqına qoşulmaq təklifi Türkiyə tərəfindən rədd edilmişdi. Hazırda Ukraynanın qarşılaşdığı problemlər daha fərqlidir və onlar daha çox Ukraynanın daxili situasiyasından asılıdır. Müharibə ilə yanaşı Ukraynanın qarşılaşdığı çətinliklərdən biri də ölkədə ciddi korrupsiyanın hökm sürməsidir. Bu faktorun aradan qalxacağı təqdirdə, Ukraynanın da Avropa İttifaqına üzvlük məsələsində ciddi irəliləyiş əldə edə biləcəyini demək olar.

Həmçinin Avropa İttifaqı təkcə bu ölkələrlə deyil,  Azərbaycanla da uzun müddətdir ki, əməkdaşlıq aparır. Azərbaycan xeyli vaxtdır, Avropanın enerji ehtiyaclarının qarşılanmasında önəmli ölkələrdən sayılır. Belə ki, hazırda Azərbaycan Avropanın enerji ehtiyaclarının 5%-ni öz təbii resursları hesabına ödəyir. Rəsmi Bakı Avropa ilə münasibətlərdə, ikitərəfli əlaqələrə üstünlük versə də, uzun müddətdir ki, Avropa İttifaqı Şərq Tərəfdaşlığı proqramı çərçivəsində Azərbaycanla əməkdaşlığı daha yüksək səviyyədə davam etdirməkdə maraqlı görünür. Rəsmi Bakı çoxdandır ki, Avropa İttifaqı ilə bərabərhüquqlu sadələşdirilmiş sazişlə bağlı danışıqları davam etdirir. Sazişin imzalanması ilə bağlı deyilən fikir, onun 90%-nin artıq hazır olduğu və qalan 10%-nin də yaxın zamanda hazır olacağı haqqındakı bəyanat və açıqlamalardır.

Qeyd etmək istərdik ki, bu saziş o qədər sadələşdirilib ki, onun heç bir siyasi təsir imkanları yoxdur. Saziş yalnız müxtəlif sosial kateqoriyalı insanların həyat səviyyəsinin yaxşılaşdırılması, ölkədə bir çox sahələrdə normativlərin Avropa Standartlarına yaxınlaşdırılması və digər məsələləri əks etdirir.

Rəsmi Bakı uzun müddət beynəlxalq təşkilatlar tərəfindən insan haqlarının pozulmasına görə qıranıb, ancaq indiyə qədər Azərbaycanla bağlı heç bir ciddi sanksiya tədbiri görülməyib, həmçinin insan haqları məsələsi daim gündəmdə olsa da, rəsmi Bakı ilə danışıqlarda bu elə də irəli çəkilməyib. Azərbaycan tərəfinin də bildirdiyinə görə, sazişin siyasi tərəfi çoxdan razılaşdırılıb, müzakirə olunan məsələlələrin daha çox iqtisadi məsələlərlə əlaqəli olduğu bildirilir. Həmçinin, təhlillər göstərir ki, rəsmi Bakı Rusiya amilinə görə bu müqaviləni imzalamaqdan çəkinir. Əsas səbəb kimi həm də Azərbaycan hökumətinin ölkədəki siyasi iqlimi dəyişməkdə maraqları olmadığını demək olar. Avropa İttifaqı ilə əlaqələrin genişləndirilməsi, Şərq Tərəfdaşlığı proqramı çərçivəsində Bərabərhüquqlu Sazişin imzalanması istər-istəməz rəsmi Bakı qarşısında müəyyən siyasi islahatlara getmək, ölkədəki iqtisadi mühiti yaxşılaşdırmaq tələbi qoyacaq. Bu nüans da rəsmi Bakını sazişin imzalanmasından çəkindirən əsas amillərdən biridir.

Halbuki Rusiya bildirir ki, onlar müəyyən kompromisə razıdırlar. Rəsmi Moskva post-sovet ölkələrinin NATO-ya inteqrasiyasının əleyhinə olsa da, Avropa İttifaqına inteqrasiyasına qarşı çıxış etmir.

Misal üçün qeyd edək ki, Rusiya ilə daha sıx əməkdaşlıqda olan Ermənistan Avropa İttifaqı ilə saziş imzalaya bilib və müəyyən yardımlar alıb. Bu yaxınlarda, qeyd etdiyimiz kimi, Ukrayna və Moldovaya namizəd ölkə statusu verildi.

Həmçinin, ölkədəki siyasi təşkilatlar arasında da Avropa İttifaqi ilə Sazişin bağlanılması məsələsi, demək olar ki, gündəmdə deyil və yaxud bu məsələ ilə bağlı hər hansı təbliğat aparılmır. Əhalinin isə Avropa İttifaqı ilə bağlı hələ tam məlumatlı olmaması əsas gətirilir, ancaq qonşu Gürcüstanda Avropa İttifaqına qoşulmaqla bağlı 30000-lik mitinqlər keçirirlirsə, Azərbaycanda əhalinin bu məsələlərdən məlumatlı olmaması həqiqəti əks etdirmir. Görünən odur ki, əhali arasında məsələylə bağlı biganəlik və etinasızlıq var.

Ancaq həm rəsmi Bakının və həm də cəmiyyətin unutduğu nüanslardan biri də budur ki, bu təkliflər əbədi olmayacaq. Təhlillər göstərir ki, əgər rəsmi Bakı bu təkliflərə reaksiya verməsə, bir müddət sonra Avropa İttifaqı da ölkə ilə bağlı prioritetlərini dəyişə bilər.

Rəsmi Bakı Aİ ilə sazişdən daha çox hal-hazırda Ermənistan-Azərbaycan münasibətlərini tənizmləyən sülh sazişinin imzalanmasında maraqlı görünür. 

Ancaq işğaldan azad olunmuş rayonların yenidən qurulması da rəsmi Bakı üçün vacib işlərdən biridir. Azərbaycanın çox güclü iqtisadi resursları olsa da, o, bu bölgələrin yenidən qurulmasını tək başına həyata keçirə bilməz. Məhz bu məsələdə Avropa İttifaqının və onun təklif etdiyi Şərq Tərəfdaşlığı Programının böyük rolu ola bilər.
 
Aydın Səlimli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->