Elə həvəslə "xalq komandası”, "ölkənin ən qocaman klubu”, "Azərbaycan futbolunun flaqmanı” deyirik ki... Amma ortadakı acınacaqlı mənzərə nə bu dediklərimizə yaraşır, nə də "Neftçi”nin ad-sanına.
Misli Premyer Liqasının 24-cü turundan sonra "Neftçi” 49 xalla turnir cədvəlinin üçüncü pilləsindədir. Paytaxt təmsilçisi lider "Qarabağ”dan düz 13 xal geridə qalır. Hazırkı şəraitdə "Neftçi”nin bu fərqi qapadacağı, çempionluq mübarizəsini alovlandıracağı heç də inandırıcı görünmür. "Ağ qaralar” bu mövsüm ikinci pillədəki "Sabah”la üç dəfə qarşılaşıb, bu oyunların hamısında məğlub olub. "Qarabağ” da cari mövsümdə "Neftçi”nin iki dəfə üstələmişdi. Bazar ertəsi keçirilən oyunda "köhlən atlar” psixoloji və fiziki yorğunluqdan əziyyət çəkirdilər ki, bu da aşkar hiss edilirdi. Birinci hissədə Qurban Qurbanov meydana nisbətən ekspremental heyət buraxmışdı. "Neftçi” də bundan yararlandı, fasiləyə öndə yollandı. Amma fasilədən sonra Qurbanov əvəzetmələrlə vəziyyəti dəyişdi, təzyiqi artıran meydan sahibləri "Neftçi”nin iranlı müdafiəçisi Höccət Hacıyevi topu öz qapısına göndərməyə məcbur etdilər ki, bunun da nəticəsində yekun nəticə 1:1 oldu.
Komanda udar da, uduzar da. Meydandakı nəticələr, 24 turun mənzərəsi onu göstərir ki, "Neftçi” "Sabah”la "Qarabağ”dan aşkar zəifdi. Hətta təkcə onlardan yox. Ölkənin ən qocaman klubu "Sumqayıt”la, "Turan Tovuz”la oyunlarda da büdrəməyə macal tapıb. "Səbail”lə görüşlərdə penaltilər dada çatsa da, misal üçün, Qəbələdə yerli komandaya qarşı oyunda bu fürsət də ələ düşməyib. Bütün bunlar öz yerində. Artıq ağ-qara rənglərə könül verən azarkeşlər də taleləriylə barışıb, "Neftçi”nin qismətinin bu mövsüm də uzaq 66-cı ildə olduğu kimi, bürünc medal olacağına sakit baxırlar. Qeyd etdiyim kimi, problem bunda deyil. Problem komandanın düzgün idarə olunmamasında, baş məşqçinin vecsiz, öz işinə laqeyd kimi davranmasındadır.
"Neftçi”nin baş məşqçisinin davranışlarına, onun heyət seçiminə və əl atdığı əvəzetmələrə baxırsan, bu adamın peşəkar futbol mütəxəssis olmasına şübhə yaranır. Fikirləşirsən ki, ya bilə-bilə belə edir, ya da bilməyərəkdən. Konkret olaraq İsmayıl Zülfüqarlı nümunəsinə baxaq. Cəmi beş ay bundan əvvəl, yəni oktyabrın 1-də "Qarabağ” "Neftçi”ni "Azərsun Arena”da qəbul edirdi. Həmin oyunun 64-cü dəqiqəsində Zülfüqarlı Ömər Buludovun əvəzinə meydana çıxdı. Bundan cəmi 22 dəqiqə sonra gənc futbolçunu Rəhman Hacıyev əvəzlədi. Rumıniyalı məşqçinin bu münasibətindən qəzəblənən İsmayıl acığını meydanın kənarındakı reklam lövhələrindən çıxmaqdan başqa nə edəcəkdi?! Qəribəsi odur ki, Rege bu səhvinimi deyək, yoxsa qərəzli davranışınımı deyək, yenidən təkrarladı. Özü də bu dəfə də "Qarabağ”la oyunda və yenə də Zülfüqarlıya qarşı. Bazar ertəsi "Azərsun Arena”da keçirilən oyunun 75-ci dəqiqəsində İsmayıl Eddinin əvəzinə meydana çıxdı. Oyuna əlavə olunun 1-ci dəqiqədə, yəni 91-ci dəqiqədə isə Rege onu kənara çağırdı və Sezar Meza Kolli oyuna girdi.
Regenin məntiqi hardadır? Birincisi, əgər, İsmayıl Zülfüqarlı bu səviyyəli oyuna hazır deyilsə, onu niyə meydana buraxırsan? İkincisi, bu "səhvi” bir dəfə oktyabrda etmisənsə, nə üçün fevralda təkrarlayırsan? Üçüncüsü, "Qarabağ” onsuz da bərabərlik qolunu vurub və oyunun bitmsəinə 5 dəqiqə qalıb. Zədədən dönən, yaşı da xeyli keçmiş legioner Meza Kolli "Neftçi”yə nə verə bilər ki, ondan ötrü İsmayılı əzirsən? Sən yaşlı legioneri qazanıb, yerli gənci itirmək istəyirsən? Bu cür sualların sayını çoxaltmaq mümkündür, amma adım kimi əminəm ki, rumıniyalı çalışdırıcının həmin sualların heç birinə məntiqli cavabı olmayacaq. Adam konkret özü-özünü təkzib edir, məşqçilik bacarığını (o da varsa) şübhə altına salır. Ondan sonra da deyir ki, mənə komanda qurmaq üçün vaxt verin. Bir məşqçi ki, vacib oyun öncəsi Buxarestə gedə, orda qadına əl qaldıra, sonra da digər arvadından olan uşağını kilsə suyuna salmağa tələsə, ondan "Neftçi”yə xilaskar olarmı?!
Regenin məqsədi-məqamı bəllidir. Adam burda gününü keçirir, pulunu qazanır. Onun davranışları, nə işlərlə məşğul olması barədə yetərincə məlumatlıyıq, tərbiyəmiz yazmağa imkan vermir. Nə edirsə, etsin. Amma azərbaycanlı futbolçuların qüruruyla oynamasın, gənclərimizi məhv etməsin. Bu davranışlardan sonra hansı gənc futbolçu "Neftçi”də oynamağa can atacaq? Ümid edirəm ki, klub rəhbərliyi də məsələyə müdaxilə edib, futbolçularına sahib çıxacaq. Belə olmaz, cənablar. Rege özünə və futbolçularına hörmət etmirsə, siz "Neftçi”nin ad-sanına, gənc futbolçularına hörmət edin, dəyərlərinizə sahib çıxın!
Amal Abuşov
Şərhlər