"Qüvvət elmdədir, başqa cür heç kəs
Heç kəsə üstünlük eyləyə bilməz”. (Nizami Gəncəvi)
"Qarabağ”ın baş məşqçisi kimi Azərbaycan futbolunun tarixində yeni səhifələr açan, adını bu tarix kitabına qızıl hərflərlə həkk edən Qurban Qurbanov Almaniyaya yollanıb. Çalışdırıcı hansısa futbolçuya göz qoymayacaq. Heç hansısa klubun rəsmiləriylə danışıqlar aparmaq da Qurbanovun planlarına daxil deyil. Bu səfərin məqsədi öyrənməkdir. Bəli, nə qədər qəribə görünsə də, Qurban Qurbanov Almaniyaya öyrənməyə gedib.
Almaniya Bundesliqasının lideri, Leverkuzen şəhərinin təmsilçisi "Bayer”in düşərgəsinə yollanan çalışdırıcı həmin komandanın məşq prosesini izləyib. Daha sonra Qurban Qurbanov "Bayer”in baş məşqçisi Xabi Alonso ilə görüşüb. Bu sətirləri "Qarabağ”ın rəsmi saytında oxuduqca xeyli təsirləndim. Yaxşı yadımızdadır ki, Qurban bəy baş məşqçi kimi ilk addımlarını atanda "Qalatasaray”ın düşərgəsində də olmuşdu. 2010-cu ilin yanvarında çalışdırıcı Antalyaya səfər etmiş, Türkiyənin bu kurort bölgəsində təlim-məşq toplanışı keçən "sarı-qırmızılar”ın məşqlərini izləmişdi. Yaxşı xatırlayıram ki, həmin vaxt Qurban Qurbanovu "Qalatasaray”ın düşərgəsində isti qarşılamış, klub rəhbərliyi səviyyəsində görüş də keçirilmişdi.
Qurbanov məşqçi kimi təkcə "Qalatasaray”ın düşərgəsinə baş çəkib, orda öyrənməyə çalışmayıb. 2012-ci ilin qışında Qurban bəy İspaniyaya, "Barselona”nın məşq prosesini izləməyə, Qvardiolanın məşqləri ilə də yerində tanış olmağa getmişdi. 12 il bundan əvvəl gerçəkləşən səfər zamanı Avropanın ən məşhur məşqçilərindən biri ilə görüşən Qurbanov "Barselona”nın "Osasuna” və "Betis”lə keçirdiyi görüşləri də canlı izləmişdi. Zaman sübut etdi ki, Qurbanov məşqçi kimi çalışmağa başladığı ilk illərdə yetərincə doğru addımlar atıb. O, "Qalatasaray”ın, "Barselona”nın düşərgəsində gördüklərini, tanınmış mütəxəssislərdən öyrəndiklərini "Qarabağ”da uğurla tətbiq etdi. Bütün bunların nəticəsi kimi, "Qarabağ” uğurları sıralamağa başladı. Bu gün "Qarabağ” Azərbaycanın Avropadakı qürurudur.
Bəli, "Qarabağ” təkcə Azərbaycanın ən güclüsü deyil. İllərin dəyişməz çempionu Avropada da ölkə futbolunu uğurla təmsil edir, daşıdığı adın məsuliyyətini yaxşı anlayır. "Roma”, "Çelsi”, "Arsenal”, "Atletiko” kimi məşhur klublar Bakıya məhz "Qarabağ”ın sayəsində səfər edib. Özü də yoxlama qarşılaşması keçirmək, yaxud da xeyriyyə oyununda iştirak etmək üçün yox. "Avropa nəhəngləri” Azərbaycana rəsmi avrokubok oyunu keçirmək üçün gəliblər, "Qarabağ” onlar üçün layiqli və ciddi rəqib sayılıb. Təsadüfi deyil ki, Qurban Qurbanovun çalışdırdığı komanda avrokubokların qrup mərhələsinin daimi iştirakçısıdır. Özü də bu iştirak elə-belə, sıradan qonaq kimi deyil. "Köhlən atlar” qrupdan çıxmağı, pley-off mərhələsində boy göstərməyi də bacarır.
Bütün bu uğurların müəllifi, uzun illər ərzində "Qarabağ”ı zirvədən-zirvəyə daşıyan Qurban Qurbanovdur. Klub rəhbərliyinin verdiyi dəstəyi, ona bəslənən inamı lazımınca dəyərləndirən çalışdırıcı bu illər ərzində həm özünü inkişaf etdirib, həm də çalışdırdığı komandanı. Onun yerinə olan istənilən digər mütəxəssis çoxdan "ulduz xəstəliyi”nə tutular, özünü hər şeyi bilirmiş kimi aparardı. Buna görə onu qınayan da olmazdı. Çünki Qurbanovun çalışdırdığı "Qarabağ” Azərbaycanın ən güclüsü, avrokubokların qrup mərhələsinin daimi iştirakçısıdır. Amma Qurban bəy bununla kifayətlənmir. 12-14 il bundan əvvəl olduğu kimi, öyrənməyə davam edir. Qurbanov Almaniyaya yollanıb, Alonsonun keçdiyi məşqçi izləyibsə, deməli, irəlidəki hədəflər daha böyükdür. Gözləməyə, "Qarabağ”ı maraqla izləməyə dəyər.
Amal Abuşov
Şərhlər