Xəbər lenti

Seymur Baycan
Sənət 12:00 15.06.2015

"Bəyin ağzını ...lər"

Seymur Baycan 

Tam səmimi deyirəm, mənsub olduğum xalqın, yəni azərbaycanlıların sevincləri və kədərləri, eləcə də yaşadığım ölkədə baş verən hadisələr mənim üçün artıq tam maraqsızdır. Yaxın dost-tanışı nəzərə almasaq, zəruriət yaranmayıbsa, heç kimlə ünsiyyətə girmirəm. Mən təkcə azərbaycanlıların dilini bilirəm, qalan bütün əlaqələr kəsilib. Könül Kərimovanın təbirincə desəm, öz balaca dünyam var. 

Dəli bütün gün öz penisiylə oynayan kimi (atalar məsəlidir və təbii ki, atalar məsəlindeki  sözü penis sözüylə əvəz etmşəm) mən də bütün günü öz balaca dünyamla oynayıram. Lakin bəzən bu balaca dünyamla  rahat oynamağa da imkan vermirlər. Bəy, filan hadisəyə niyə münasibət bildirmədin? Bəy, filan şey haqqında niyə yazmadın? Bu cür suallarla adamı narahat edib, öz balaca dünyamla rahat oynamağa maneçilik törədirler.  Bəyin ağzını ...lər , bəy bəyəm hər hadisəyə münasibət bildirmək öhdəliyi götürüb?  

Əvvəla, hamının yazdığı mövzu haqqında yazmaq və danışmağı sevmirəm. Ona görə yox ki, özümü qəsdən kənara çəkib, fərqli görünmək istəyirəm. Xeyr. Ona görə ki, hamının yazdığı mövzu haqqında yazmağı, xorda oxumağı sevmirəm. Həmişə gündəmdən qaçmışam. O hadisə haqqında ki, hamı yazır və danışır, həmin hadisə haqqında yazmağa ehtiyac duymamışam.  Iqtidar, muxalifət, xalq – bu məhəbbət üçbucağının gərək işinə qarışmayasan. "Yenilməz batalyon” filmində deyildiyi kimi – matroslar dalaşanda, gərək yaxına getməyəsən. Darıxmayın, vuruşarlar, dalaşarlar, sonra sakitləşərlər… 

Əlbəttə, istər fərd olsun, istərsə də xalq, reallıq hissini itirmək acı nəticələrə gətirib çıxarır. Qurbanolduğum hərənin ağlını bir cür alır. Ruslar demişkən- Каждый сходит с ума по-своему. İstəklərlə iddialar üst-üstə düşməyəndə, arzularla imkanların sərhədini müəyyən edə bilməyəndə, əvvəl-axır karikatura yaranır. Müxtəlif motivli yüzlərlə miflərin və əfsanələrin əhatəsində yaşayırıq və həqiqətlə rastlaşanda aciz duruma düşürük. Çaşırıq. İki yoldan birini seçmək lazım gəlir. Həqiqəti həzm etmək çətin olur. 

Qalır ikinci yol. Özünü arsızlığa qoyub əfsanələrə və miflərə inanırmış kimi göstərmək... Bu, ayrıca bir yazının mövzusudur. Başqa bir yazıda bu haqda daha geniş danışarıq, həm də o yazıya görə əlavə qonorar alarıq.  Mövzunu korlamayaq və qonorarı da itirməyək. Nə gizlədim, qonorar olmasa, çətin əlim yazı yazmağa qalxar. Bu, sadəcə bir kiçik anons idi.

İndi belə bir vəziyyət yaranıb.  Adamlar gərək seriallardan çıxıb, təzədən həyata qayıtsınlar. Adam danışırdı, amma onu diqqətlə müşahidə edəndə, ona diqqətlə qulaq asanda görürdün ki, danışan özü deyil, serial qəhrəmanıdır. Həyatda yox, serialda yaşayırdı. Elə bilirdilər, hər şey  beləcə də davam edəcək. İndi gərək adamlar həyat tərzlərində təzədən dəyişiklik etsinlər. Artıq xərcləri ixtisara salsınlar. 

Məsələn, əvvəllər bağlarda, həyətlərdə meyvə çürüyürdü, camaat oturub, seriallara baxırdı, laqqırtı vururdu. Yüngülvari zəhmət çəkib kompot hazırlamaq imkanı varkən, gedib mağazadan tərkibi şübhəli şirələr alırdılar. İndi gərək qadınlar tənbəllik etməsinlər. Əllərinə keçəni doldursunlar bankalara. Turşular, mürəbbələr, kompotlar, cemlər... Hər halda, yavanlıqdı. Evdə heç nə olmasa da, çörəyi mürəbbəyə batırıb  yemək olar. Kişilər də gərək tənbəllik etməsinlər. Əllərinə keçəni, nəyi qıcqırtmaq mümkündürsə töksünlər boçkalara qıcqırtsınlar. Çünki bu qış çox ağır gələcək. Baş verənləri ayıq başla həzm etmək çox çətin olacaq. Ona görə də çalışıb, bacardıqca mümkün qədər çox meyvə qıcqırtmaq lazımdı. 

Həmçinin bəzi xanımlar pizza-mizza, salat-malat sifariş vermək söhbətlərinə  və  bu kimi digər söhbətlərə xitam versələr, çox yaxşı olar. Qurtarın bu komediyanı. Artıq yemək bişirməyi öyrənməyin, bütöv götürəndə, arzularla imkanların sərhədini müəyyən etməyin  zamanıdır. (Zəruri qeyd: müəllif bu sətirləri yazarkən, qətiyyən cinsi ayrı-seçkiliyə, seksizmə yol vermir, sadəcə Azərbaycan xalqının məişət spesifikasından, bu sahədəki stereotiplərdən çıxış edərək, sadalanan məişət işlərini qadınlara aid edir. Red.) Onsuz da şərait sizə yemək bişirməyi öyrədəcək, amma yaxşı olar ki, özünüz bəribaşdan könüllü surətdə öyrənəsiniz. 

Hə, bir də paltarlarla, ayaqqabılarla  ehtiyatlı davranmaq lazımdı. Daha əvvəlki kimi onları hara gəldi tullamaq , necə gəldi geyinmək olmaz. Ümumiyyətlə tarix göstərir ki, serialdan təzədən həyata qayıtmaq nə qədər maraqlı bir proses olsa da, həm də çox ağrılı prosesdir. Hər  adam serialdan  həyata qayıda bilmir. Bu barədə müxtəlif səpkili çoxlu əsərlər yazılıb. Bu əsərlərdən belə bir nəticə hasil olur ki, insan deyilən bir varlıq gərək heç vaxt reallıq hissini itirməsin. 

Qərəz, gərək ayağını yorğanına görə uzadasan. Ümumilikdə götürəndə hamımıza çətindi. Lakin bütün bu baş verənlərə baxmayaraq müsbət enerji verən, adama yaşamaq və yaratmaq həvəsi ötürən  mənbələr, movzular  da axtarıb tapmaq mümkündür. Məsələn, bu il nədənsə pomidorlar çox dadlıdır. Buna çox sevinirəm. Həm də ona görə sevinirəm ki, bu tək mənim fikrim deyil. 

Ağzının dadını bilən bir neçə adamdan bu haqda eşitmişəm.  Onlar deyirlər: - deyəsən bu il pomidor çox dadlıdır.  Öz növbəmdə həmsöhbətimin fikrini təsdiq edirəm – hə düzdür,  bu il nədənsə pomidorlar çox dadlıdır. İki adamın fikri üst-üstə düşür və biz bu il pomidorların çox dadlı olmasına ürəkdən sevinirik. Özündən  savayı başqa bir adamın da bu il  pomidorların dadlı olmasıni derk etmesi ve buna  inanması nə qədər gözəldir.  Özümü tanıyıram və dəqiq bilirəm ki,  nə baş verirsə versin, bu il yaddaşımda dadlı pomidor mövsümü kimi qalacaq. 

Meydan.tv

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->