Xəbər lenti

Seymur Baycan: Qanadı qırılmış quş da uçarmış (HEKAYƏ)
Seymur Baycan
Sənət 13:37 03.12.2017

Seymur Baycan: Qanadı qırılmış quş da uçarmış (HEKAYƏ)

Seymur Baycan


(Səviyyəsiz hekayə)

Qanadı qırılmış quş da uçarmış

Qanad sarımaqda çətin nə var ki?

Yaxşı bax qanadın altında bəlkə

Qanını içəcək bitin də var ki?!

Günel Mövlud

Sünbülün yöndəmsiz görünüşü vardı. Təbiət ona bir qram da cazibədarlıq verməmişdi. Arpaya qatsaydın at yeməzdi. Sifəti kələ-kötür, çiyinləri enli, döşləri yekə, dalı balaca və düz, ayaqları nazik idi. Saçı tez-tez yağlanırdı. Orta məktəbdə oxuyanda həm oğlanlar həm də qızlar ona yağlıbaş deyirdilər. Başı yanlardan sıxılmış, alnı qabağa çıxmışdı.  Rəcəbin də görkəmi qaydasında deyildi. Boynu heyrətamiz dərəcədə nazik, başı isə yekə idi. Elə bil bu yekə baş bu nazik  boyuna güclə yapışdırılmışdı. Elə bil bu baş başqa adam üçün düzəlibmiş, səhvən gəlib Rəcəbə düşüb. Maraqlıdır, görəsən belə nazik boyun bu yekə başı necə saxlayır?  Rəcəbin saçı çox seyrəlmişdi, amma tökülmüşdən daha çox yolunmuşa oxşayırdı. Saç adına yalnız başının yanlarında, biri balaca, biri yekə olan qulaqlarının üstündə bir qədər tük qalmışdı. O, bu tükləri hər iki tərəfdən yuxarıya doğru darayaraq dazlığının üstünü örtməyə çalışırdı. Köhnə modalı eynək taxmağı onu yaşlı göstərirdi. Çəkmələri ütüyə oxşayırdı. Onlar yanaşı addımlayırdı. Küçədə adam çox deyildi. Ağaclardan tökülən xəzəllər adamların çiynində, papağında ilişib qalırdı. Hovuzlarda suyun üzünü xəzəllər örtmüşdü. Buludlar bir-birinin dalınca düzülmüşdü. Bəziləri lap yaxında, bəziləri isə lap uzaqda görünürdü. Hava elə rütubətli idi ki, hər bir söz bu rütubətdən ağırlaşıb bir neçə addım uzaqda yerə düşürdü. Qısa fasilələrlə yağış yağırdı. Səkilər əməlli-başlı qurumağa imkan tapmamış, yenə islanırdı.

- Payız gecələrini çox sevirəm. Payiz gecələrində ürəyin dərinliklərində gizlənmiş istəklər, sözlər cəsarətlə üzə çıxır.

- Payız gecələrini kim sevmir ki?

- Niyə elə deyirsən, payız gecələrini sevməyən nə qədər adam var! İnsanlar təbiətdən çox uzaq düşüblər.

- Məncə, bütün dövrlərdə təbiəti duyan adamların sayı az olub.

- Bu gecə  həyatın xoşbəxtlik qapıları üzümə açılıb.

- Kim açıb xoşbəxtlik qapılarını?

- Doğurdan bilmirsən?

- Yox bilmirəm!

- Həyat özü açıb xoşbəxtlik qapılarını. Bəlkə də indi dünyada bu payız gecəsinin gözəlliyini mənim qədər hiss edən yoxdur.

- Nə mücərrəd danışdın. 

- Həyat özü mücərrəddir.

- Yox, həyat konkretdir.

- Yenə yağış yağır.

- Yağır yağsın da. Yağışdan qorxursan? Qənd deyilsən ki, əriyəsən.  

- Sən gələcək haqqında düşünürsən?

- Nəzakətli suala həmişə hörmətlə cavab verməyə hazıram. Məncə, insan indiki həyatda elə şeylər axtarıb tapmalıdır ki, gələcəkdə ondan bir şey yaşasın. Bilmirəm necə deyim? Həmişə tarixin irəliyə doğru hərəkət etdiyi yerdə olmaq lazımdır.

- Doğrudur, amma bu resept hər adam üçün yaramaz.

- Sənə elə gəlmir ki, bu amansızlıqdır? 

- Elə təhlükələr var ki, onların dik gözünün içinə baxmaq lazımdır, onların qabağından qaçmağa başlasan, mütləq tələf olacaqsan. Labüd olan şeyi mərdliklə qarşılamaq lazımdır.

- Ağıllı adam uçmaqda olan bir qayanın qabağını kəsməyə çalışmaz.

- Görürəm ki, sən məcazi mənalarda danışmağı xoşlayırsan.      

Onların hər ikisi təmtəraqlı və aydın olmayan ifadələr işlətməkdən yorulmurdular.  Belə boş-boş, gic-gic danışa-danışa gəlib Sabir bağına çatdılar. Danışdıqları o qədər boş və mənasız idi ki, hətta müəllif kimin nə dediyini qeyd etməyə əsla ehtiyac görmədi. Hər ikisi özünü romantik, hissiyyatlı və ağıllı göstərməyə çalışırdı. Yağış Sabirin heykəlini yuyub təmizləmişdi. Dirəklərdən ətrafa səpələnən işıq selinin altında heykəl parıldayırdı. Qarğalar ağaclarda dinməz oturmuşdular.  

- İnsan sabah başına nə gələcəyini əvvəlcədən necə duya bilər? Kim öz həyatı haqqında əvvəlcədən konkret bir söz deyə bilər?

- İnsan şüurlu varlıqdır. O yaşamalı və başqalarını da yaşatmalıdır. Gələcəkdə xeyirxahlıq adamların mənəvi tələbatına çevriləcək.

- Mənə elə gəlir ki, həyatımda hələ yaxşı bir iş görməmişəm.

- Özünə böhtan atma. Sənə böhtan yaraşmır. Qoy bu qara böhtanı başqaları desin.

Sünbül üzünü Sabirin heykəlinə tərəf çevirib kədərlə dedi:

- Sabirə bax!   Sabir sağlığında  hardan bilərdi ki, vaxt gələcək onun heykəlini qoyacaqlar. Axı hər şeyi qabaqcadan bilmək olmur.

- Məncə Sabir əbədiləşəcəyini bilirdi.

Sünbül özünü bir az əsəbləşmiş kimi göstərib tez cavab verdi:

- Yox, bilmirdi, bilə bilməzdi. Uzağı görən adamlar çox vaxt özlərinə aid olan hadisələri qabaqcadan görə bilmirlər.

- Başqalarının dərdi Sabiri öz dərdlərindən daha çox ağrıdırdı. Onun dövründə həyat çox miskin, insanlar isə aciz idi. İnsanların acizliyi, həyatın miskinliyi Sabiri əsəbləşdirirdi. Təqsiri olmadığı halda özünü günahkar hesab etmək ali duyğudur.  Ürəyi geniş adamlar böyük hadisələri xırda-xuruş hadisələrdən ayırmağı bacarırlar.  Gələcək nəsillərin həyatını düşünməyən insanın həyatı mənasızdır.  

- Mənim Sabirə həmişə yazığım gəlib. Bax, hətta onun heykəlindən də yazıqlıq yağır. Onun şeirləri məni kədərləndirir. Ümumiyyətlə,bu payız çox kədərli keçir, mənə elə gəlir ki, ömrümdə belə kədərli payız görməmişəm. Ürəyim nəsə çox narahatdır. 

- Kədər xatirələrdən qidalanır. Ancaq bir şey pisdir. Başqalarının xatirələrinə qulaq asmaq istəyən fədakar adamlar azdır.

- Tarix boyu qadınların nəsibi səbr etmek və qəm çəkmək olmuşdur.

- Sünbül, səninlə olanda vaxt  necə də sürətlə gəlib keçir. Səndən ayrılandan sonra tək qala bilmirəm. Hər şey sönür, sevincin yerini dərin bir qüssə tutur. Gecəm bir il qədər uzanır.

- Etiraf edim ki, səndən ayrılandan sonra mənə də çətin olur. Əlim heç bir işə yatmır.

Rəcəb Sünbülün qolundan tutdu. Elə ehtiyatla tutdu ki, elə bil Sünbül dolu qab idi və cüzi hərəkətlə onu dağıda bilərdi. Qız üzünü turşudub qolunu çəkdi.

- Lazım deyil.

Rəcəb pərt oldu, ancaq pərtliyini büruzə verməmək üçün etinasızlıqla dedi:

- Necə istəyirsən...

Onların yanından bir küçə iti keçdi.

- Bu gün sənə nə olub? Nəsə özünü birtəhər aparırsan. Özünü niyə belə yığmısan?  Bəlkə sənə soyuqdur? 

- Yox, soyuq deyil. Havadan heç bir şikayətim yoxdur.

- Bəs onda de görüm nə olub sənə? 

- …

- Niyə susursan? Bu susmağı necə başa düşək? Belə gecədə, belə bir aləmdə susarlarmı? Bəlkə bir şey olub, mənim xəbərim yoxdur?

- Heç özüm də bilmirəm mənə nə olub. Danışmağa söz də tapmıram... Rəcəb, biz yeddi aydır görüşürük. Bu yeddi ayda sən mənim üçün çox doğmalaşmısan. Yadındadır, ilk vaxtlar sən mənə təkidlə demişdin ki, özümdən, həyatımdan danışım.

- Bəli, demişdim.

- Ancaq mən o vaxt özümdən yox, ağaclardan, sərçələrdən, itlərdən danışıb əsas söhbətdən qaçırdım. Çünki o vaxt mən səni yaxından tanımırdım. Hələ sənə belə ürəkdən bağlanmamışdım.

- Səni narahat edən nədir?

- İndi artıq ciddi söhbətimizin vaxtı gəlib çatıb. Bu gün  ömrümün ən çətin günlərindən biridir. Sən gərək mənim barəmdə hər şey biləsən. Bu gün mən sənə özüm haqqında danışacam və sən də qəti qərar verməli olacaqsan. Amma qərar verməyə tələsmə. Qəzəb çox pis məsləhətçidir.

Rəcəb udqundu və güclə eşidiləcək səslə dedi:

- Danış…

- Ancaq səndən xahiş edirəm, eşidəcəyin sözlər məni sənin gözündən salmasın. Mənə çoxbilmiş qız kimi baxma. Söhbətimi edəndən sonra istəsən bu sirrimi səndən niyə gizlətdiyimin, əvvəlcədən niyə açıb söyləmədiyimin səbəbini də izah edərəm. Həyatda rola girmək lazım deyil. Necə varsansa elə də görünməlisən. Dili bir, ürəyi ayrı şey deyən adamlar təhlükəli olurlar. Mən, məsələn, həmişə nə düşünmüşəmsə, o da dilimdə olub.      

- Sən məni qorxudursan. 

- Adamın gərək əvvəldən taleyi qara gəlməsin. İnsanın taleyi öz əlində olsaydı, ömrünə başdan-başa səadətli, xoşbəxt günlər yazardı. Hər halda özünü ələ al, indi eşidəcəklərni həzm etmək, əlbəttə asan olmayacaq. Ümidim onadır ki, sən kişisən. 

- Sən həmişə ikibaşlı söz deməkdən həzz alırsan. Axı mən bilmirəm sən bu sözləri nə üçün deyirsən? Ürəyimi niyə  üzürsən? Axı de görüm nə olub? Biz də açıq danışmasaq, onda kim bir-biriylə açıq danışacaq? Bəlkə məndən utanırsan? 

Sünbül başını aşağı salıb səsinin yumşaqlığı ilə sözlərinin təsirini azaltmağa çalışaraq yavaşca dedi:

- Mən bakirə deyiləm.

Bu son dərəcə güclü sarsıntı idi. Ölüm qərarını üzünə oxusaydılar Rəcəb bu qədər sarsılmazdı.  Rəcəb hər iki əlini qaldırıb yekə başına çırpdı. Qolundakı saat heyrətdən dayandı. Eynəyi isə burnunun ucuna qədər sürüşdü. Onun hirslənməyi məzəli olurdu. Boyun-boğazı hinduşka boyun-boğazı kimi qızarırdı. Damarları elə şişirdi ki, çırtma vursaydın qan çıxardı.

- Aman Allah! Qulağım necə kar olmadı? Hər şeyi gözləyə bilərdim, bir bundan başqa. Danış… Bəlkə mən yalnış eşitdim? Bəlkə qulaqlarım məni aldatdı? Bu necə baş verib? Kimlə olub?

- Detallara girməyin heç bir mənası yoxdur.

- Kimdi o əclaf? Kimdi? Adın de… Adın de sənə deyirəm… Onun başını it başı kimi kəsməsəm, mən heç kişi deyiləm. Heyif ki, indi duel yoxdur. Bilirəm, utanırsan, amma həqiqəti üzə çıxarmaq xətrinə suallarıma cavab verməlisən. 

- Hər şey sən düşünən kimi asan deyil. Hər bir adamın həyatında bir dəfə belə səhv ola bilər. Bunu da mənim səhvim hesab et. Baxanda bu dünya üzündə ən ağıllı  adamin da asanlıqla ağılsız hərəkəti olur. Addımlarını nə qədər ölçə- ölçə, asta-asta atsan da, yenə də görürsən, budur, gözlənilməz müsibət baş verdi. Kaş insanda elə bir istedad olaydı ki, başqasının üzünə baxan kimi necə adam olduğunu biləydi. Özü də dərhal. Əgər mən bunu bacarsaydım onun yalan dillərinə aldanmazdım. Deyirdi, mən sənsiz yaşaya bilmirəm. Gecələr də sənin xəyalın məni yatmağa qoymur. Nə bilim bir kitab belə sözlər. Mən də inandım. Mən günahkaram. Bütün həyatım boyu vicdanım mənə əzab verəcək. Bu dünyada elə bir yer yoxdur ki, orda insanlar zülm çəkmədən yaşaya bilsinlər.

- Günahı özgəsinin üstünə atmağa nə var?

- Sənin hər kəlməndən istehza yağır. Bu istehza mənimçün ölümdən də betərdir.

Araya dərin sükut çökdü. Sünbül arxayınlaşmışdı, məsələnin ən çətini arxada qalmışdı. İstədiklərini demişdi, indi ürəyi tamam yüngülləşmişdi. Bir qədər keçdi, Sünbül ehtiyatla dilləndi:

- İstəyirsən bunu sənə əvvəldən nə üçün demədiyimi izah edim. 

- Danış… Hamısını danış. Mən daşdanam, dəmirdənəm, dözərəm, danış! Mən acı həqiqətləri dinləməyi bacarıram.  Mənim vəziyyətimdə olan bir adam üçün həqiqət qiymətlidir.

- Mən fikirləşdim ki, münasibətimiz bu dərəcədə dərinləşməz. Fikirləşdim ki, hər söhbətin öz məqami var. Mən, hər hansı həqiqət aşkar görünəndə də qərar verməyə tələsmirəm. Ona görə də hərəkətlərimdə  və qərarlarımda lənglik əmələ gəlir. 

- Düz danışmırsan. Axı sən niyə hər şeyi mənə əvvəlcədən açıb deməmisən? Vaxtında desəydin mən də öz başıma bir çarə qılardım. Fikirləşdin ki, oğlanı özümə bağlayım, sonra qalsın çabalaya-çabalaya. Hə? Bu nə zülmdür mənə verirsən? Mən sənə nə pislik eləmişəm? Doğurdanmı insanın ən müqəddəs hisslərini bu qədər asanlıqla təhqir etmək olarmış? Bir insanın həyatında bu qədər də uğursuzluq olar?

Sünbül anlamaz şagirdin başına dərs yeritməyə çalışan müəllimə kimi sözə başladı:

- Son söz sənindir, Rəcəb. Nə cür istəyirsən elə də elə. Ancaq fikirləş ki, mən də dəmirdən, betondan düzəlməmişəm. Mən də insanam və səndən ayrılmaq mənə çox çətin olacaq. Yadında saxla ki, əgər səni sevməsəydim bu sirri heç vaxt açmazdım.  Mən əvvəlcədən bilirdim ki, bu söhbətin nəticəsi belə olacaq. Mən əvvəlcədən bilirdim ki, bu çox ağır, çətin söhbət olacaq. Ona görə də günü-günə satır, sirri açmağa ürək eləyə bilmirdim. Belə… Hər şey bitdi, hər şey qurtardı. Əlvida, Rəcəb! İndən belə sənlə danışmağa bir sözüm yoxdur. Görünür, taleyim belə imiş. Allah verməyəni zorla almaq olmaz. Nə edim? Bəxt satılmır ki, gedib bazardan alasan. Hamı xoşbəxt ola bilməz! Bütün insanlar üçün eyni dərəcədə xoşbəxtlik yaratmaq olmaz. Ətrafda gör nə qədər bədbəxt qızlar var! Mən də onlardan biri!  Mən öz xoşbəxtliyimi tapa bilmirəm. Görünür mənim alnıma səadət yazılmayıb. Buna necə dözəsən? Allah nə üçün məni bədbəxt yaradıb? Gizlində ağlamaqdan aşkarda gülümsəməkdən üzülmüşəm. Söz ver ki, sənə dediklərim burda qalacaq. Mən heç özüm də bilmirəm ki, nə cəsarətlə bu sözləri sənə dedim. Bəlkə də ona görə deyə bildim ki, birinci dəfədir sənin kimi yaxşı oğlana rast gəlirəm. Xahiş edirəm bu söhbət öz aramızda qalsın. Mən qorxuram. Elə hesab et, elə bil ki, mən sənə heç nə deməmişəm. Sirr saxlamayan adamlardan zəhləm gedir. Sən yaxşı oğlansan. Əvvəl gündən hiss eləmişəm ki, sən heç kəsə oxşamırsan. İlk gündən mən sənə inanmışam. Özün də bunu bilməmiş olmazsan! Ürəyimi səndən qeyri kimə aça bilərdm ki, mən? İnanılmış adama dərdini açmaq yüngüllük gətirir. Sənə olan hisslərimdən danışmaq bu saat məndən ötrü çətindir. Başımı o qədər itirmişəm ki, hisslərimi aydın dərk edə bilmirəm.

Sünbül birdən susdu. Ona elə gəldi ki, uzun danışdı. 

Həmin anlarda göz yaşı  Rəcəbin boğazını tikan kimi cırır, göz qapaqlarını göynədirdi. O, udqunaraq göz yaşlarını güclə saxlayırdı.       

- Sən mənə etibar eləməkdə yanılmamısan.

- Səndən yenə xahiş eliyirəm, nə danışmışıqsa öz aramızda qalsın. Bəlkə, allahın mənə yazığı gəldi, özü bir şey elədi. Məgər dünyada yaxşılığa, səadətə, adamlara inanmaq pis şeydi? Həyatımız nə üçün pis keçməlidi? Nə üçün pis yaşamalıyıq?  Mən xoşbəxt olmaq istəyirəm, ancaq kimdir mənim istəyimlə hesablaşan. Doğurdanmı mən bu qədər günahkaram?     

Rəcəb Sünbülün sualına sualla cavab verdi:

- Bəs bunun axırı necə olacaq?

- Heç nə, gedib özümü dənizə atacam.

- Yekə qızsan, bu nə sözdür deyirsən? Hansı dövrdə yaşayırsan?

Sünbül əlini üzünə tutub hönkürdü və elə əli üzündəcə hönkürə-hönkürə iti addımlarla Rəcəbdən uzaqlaşdı. Rəcəb çaşıb qalmışdı. Çünki o, əlini üzünə tutub hönkürə-hönkürə uzaqlaşan qızla necə rəftar etmək lazım olduğunu bilmirdi. 

Sünbül evə gələndə Rəcəbdən tez uzaqlaşmağının peşmançılığını çəkməyə başladı. Divanda uzanaraq ağzındakı vaflini siçan kimi xırçıldadaraq düşündü:

"Axı mən niyə tələsdim? Gərək çıxıb getməyəydim, gərək gözləyəydim. Bir az hövsələsizlik elədim. Ancaq o da düşüb arxamca gəlmədi. Gələ bilərdi, gəlmədi. Ya da bir söz deyib saxlaya bilərdi məni, onu da eləmədi. Demək, doğurdan da hər şey bitdi”

***

Rəcəb yoxa çıxmışdı. Sünbülün gözü yollarda, qulağı səsdə idi. Öz taleyi onu qorxutmağa başladı. Günü-gündən artan nigarançılığı, gəlin paltarı geyinmək arzusu onun əsəblərini sıradan çıxartmaqda idi. Sünbül gəlin paltarı geyinmək üçün lap şeytanın özünə də ərə getməyə hazır idi. Bir tərəfdən də rəfiqəsi Aytəkin  onu elə hey qorxudurdu: "Az, yatma, belə şey olar? Öyrən gör hardadı? Hərəkət elə. Bir oyun qur qayıdıb gəlsin. Bir də gördün birdəfəlik çıxdı getdi. Gedər başqasını tapar, qalarsan yana-yana…”

Sabir bağında baş verən söhbətin üstündən bir aydan artıq vaxt keçmişdi. Sünbülun hesablamalarına görə Rəcəb mütləq qayıtmalı idi. Ağlına nələr gəlmədi, fikri haralarda dolaşmadı. Ürəyinə qara qurdlar doldu. Bəlkə Rəcəb kimisə tapıb? Bu fikir onu sarsıdırdı. Sünbül fikirləşirdi ki, görəsən hansı dərd daha ağır olardı, Rəcəbin ölməsi, yoxsa gedib başqa qadın tapması? Çox düşünəndən sonra o, Rəcəbin ölməsinə üstünlük verdi. Qoy Rəcəb ölsün, amma başqasını tapmasın. Bu daha ağır dərddir. Elə həmin vaxtlar xəyalən geri qayıdan Rəcəb Sünbülün hər bir sözünü, hər bir baxışını yada salmağa çalışır və bu yadasalmalar ona həqiqətdəkindən daha güclü təsir edir, mehriban qəlbi mərhəmətlə dolurdu. Sünbüllə bir yerdə olanda ağlına belə gətirmirdi ki, sonradan o anları dönə-dönə xatırlamalı olacaq. İndi belə çıxırdı ki, Sünbüllə keçirdiyi anlar həyatının ən müqəddəs anları imiş. Sünbüllü  anlar Rəcəbə o qədər şirin görünürdü ki, bezen o, bu anların doğurdan da baş verməsindən şübhələnir, belə şirin anlara özünü layiq bilmir və amansız bir sualla üz-üzə gəlirdi: bunlar həqiqətən də olmuşdumu? Rəcəb həyat, alın yazısı haqqında düşünür, düşündükcə qarşısına cavabı tapılmayan çoxlu suallar çıxır və bilmirdi ki, çırpınan ürəyini necə sakitləşdirsin. Onun cavan beyni həyat hadisələrini təhlil edəcək halda deyildi.   

Bir gün Sünbül dərsdən çıxanda Rəcəbi universitetin darvazası qarşısında gördü. Rəcəbin görkəmindən artıq hər şeyə hazır olduğunu başa düşmək çətin deyildi. Sünbül səssicə güldü. O, başqaları görmədən gülməyi bacarırdı.  Onlar üz- üzə durdular.   

- Rəcəb sənsən?

- Mənəm Sünbül. 

- Gəldin?

- Gəlməyə bilmədim.

- Gözləyirdim. Ümid tərk etmirdi məni. Ancaq son günlər… Son günlər dəhşətli bir həyəcan bürümüşdü qəlbimi. Fikirləşirdim, doğurdanmı Rəcəb gəlməyəcək, doğurdanmı gözləməyim əbəsdir? Bəyəm bilmirdin ki, mən səndən necə nigaran idim? Günləri sayırdım. Gözləmək necə dəhşətli şey imiş.

Yağlanmış saçlarını başının ortasına yığmış Sünbül neçə vaxtdır hazırladığı sözləri bir-birinin ardınca deyirdi:

- Mən sənsiz yaşaya bilmirdim. Dözə bilmirdim sənsizliyə. Çox çətin idi. Getsin o günlər bir də qayıtmasın.

Rəcəb yekə başını tərpətdi. Yəni ki, doğru deyirsən, getsin o günlər gəlməsin.

- Səni çox istəyirəm, Sünbül!

- Elədirsə bəs məni niyə axtarmırdın?

- Mən fikirləşirdim. Qərar vermək mənim üçün çox çətin idi.

- Gəldiyinə peşman deyilsən ki? 

- Yox! Axı, mən səni sevirəm! Məni bura ürəyim gətirdi. Güclə məni heç fil də dartıb buraya gətirə bilməzdi.    

Rəcəbin sözləri Sünbülün ürəyini sevinclə doldurdu. Yeddi aylıq fəaliyyəti hədər getməmişdi. 

- Qızlara cavab verməkdən yorulmuşam. Kim görür soruşur ki, toyunuz nə vaxtdır? Onsuz da heç biri inanmır ki, bizim aramızda ər-arvad kimi heç nə olmayıb.

- … 

- Mən sənə yaxşı baxacam, Rəcəb! Səni balam kimi əzizləyəcəm! Çalışacam ki, mənimlə evləndiyinin heç vaxt peşmançılığını çəkməyəsən. Biz başqa cür yaşamalıyıq. Tamam başqa cür. Başımıza gələnlər bizim üçün dərs olmalıdır. 

- Nə deyirəm, təki elə olsun. Amma sən məni tələsdirmə. Özün görəcəksən hər şey yaxşı olacaq. 

Sünbül Rəcəbin acizlikdənmi, mütilikdənmi, əlacsızlıqdanmı, yoxsa böyük bir qəlbə malik olub hər şeyi bağışlamaq istədiyindənmi bu sözləri dediyini ayırd edə bilmədi. 

Mənim romantik quzum, səni xoşbəxt eləmək üçün əlimdən gələni edəcəm, amma qorxuram ki, buna bir ömür azlıq edə. Her şeyi həll edən budur - Sünbül əlini sinəsi üstünə qoydu. Bu olduqca ikimənalı hərəkət idi. Əlini sinəsinin üstünə qoyub "hər şeyi həll edən budur” deyəndə bilmək olmadı o nəyə işarə edir. Döşlərinə, yoxsa sinəsində döyünən ürəyə?     

***

Qapının zəngi çalındı. Sünbül quş kimi qapıya uçdu.

- Mənim kişim, yenə qucağı dolu gəlmisən? Axı sənə dedim evdə hər şey var, özünə əziyyət vermə.

Rəcəb mətbəxə keçdi. Dolu paketləri masanın üstünə qoydu. Guya əsəbləşib dedi:

- Neçə dəfə demişəm sənin bazarlıq eləməyinə razı deyiləm.

- Nə olar bazarlıq edəndə?

- Bura bax, bu evin kişisi kimdi?

- Əlbəttə sən.

- Onda daha artıq-əksik danışmağa nə ehtiyac var, imkan ver xoşbəxt həyatımızı yaşayaq.

- Nə deyirəm, sən necə istəyirsən elə olsun. Mən yeri gələndə obyektiv ola bilirəm.

- Bax belə. Arvad  kişiyə ancaq belə cavab verməlidir. Söz güləşdirən arvadlardan xoşum gəlmir.

- Sen varsan mən heç nəyin dərdini çəkmirəm. Sən heç ağlına da sığışdıra bilməzsən ki, mən səninlə nə qədər xoşbəxtəm.

- Gərək insanlar bir-birinin xoşbəxt olmalarına kömək eləsinlər.  Həyat o zaman dəhşətlidir ki, sən heç kimə lazım deyilsən. Küçədə dayanırsan və hamı yanından ötüb keçir.

- Heç inana bilmirəm ki, mən bu qədər xoşbəxtəm. Hər dəfə səninlə küçədə gəzəndə yanımdan ötən adamlara demək istəyirəm ki, baxın, görün biz nə qədər xoşbəxtik.  Mən heç vaxt həyatı bu qədər məhəbbətlə duymamışam. Mən o qədər xoşbəxtəm ki, bəzən bu xoşbəxtlik məni qorxudur.

- Qorxma. Hələ bu harasıdır? Sən o qədər, o qədər xoşbəxt olacaqsan ki… Bil ki,  sən taleyini mənə etibar eləməkdə heç də səhv etməmisən.

- Mən o qədər xoşbəxtəm ki, deməyə söz tapmıram. Mənə bu xoşbəxtliyi verən sən oldun.  Sən məni yenidən həyata gətirdin.

Rəcəb bu saxtalığı, artistliyi başa düşəcək ağılda deyildi. Sünbülün hər xoş sözündən xoşahllanır, əzilib-büzülürdü. 

Sünbül Rəcəbi qucaqlayıb nazik boynundan bərk-bərk öpdü. Öpüşün təsirindən Rəcəbin ürəyi şiddətlə çırpındı. Onun ürəyi xoşbəxtliyə çətinliklə tab gətirirdi. Ürəyi də qınamaq olmur, axı bu xoşbəxtliyə necə asanlıqla tab gətirsin? Bu Rəcəbin aylarla, illərlə arzusunda olduğu həyat idi. Bu həyat, axı, nə üçün onu bu qədər gec gəlib tapdı? Rəcəb sağ əlini xoşbəxtliyə çətinliklə tab gətirən ürəyinin üstünə qoydu. Əgər Rəcəb ürəyini tutub saxlamasaydı ürəyi xoşbəxtlikdən atılıb sinəsindən çölə çıxardı və Rəcəb ürəksiz qalardı. Ancaq Rəcəb yaxşı bilirdi ki, ürəksiz yaşamaq onun üçün çətin olardı. Ona görə də xoşbəxtlikdən şiddətlə çırpınan ürəyini bərk-bərk tutub saxlamışdı ki, ürəyi sinəsindən atılıb çölə çıxmasın.  

Qaynarinfo.Az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->