Xəbər lenti

Niyə evlənmirsən?
Seymur Baycan
Sənət 12:15 21.03.2015

Niyə evlənmirsən?

Seymur Baycan


Yaş otuza yaxınlaşdısa, camaatımız tərəfindən kütləvi terrora məruz qalırsan. Bu terrorun adı niyə evlənmirsəndir. Yaş otuz beşi keçəndən sonra terror daha da şiddətlənir. Yaş qırxa yaxınlaşanda vəziyyət dözülməz şəkil alır. 

Kişilər yenə də bu terrordan müxtəlif vasitələrlə özlərini birtəhər qoruyub sağ qala bilirlər. Qızlar və qadınlar üçün bu terrordan qorunmaq daha çətindir. Bunun çox sadə bir səbəbi var. Ona görə ki, bizdə qız xeylağı vaxtında ərə getməyəndə camaatımızın ağlına dürlü-dürlü pis fikirlər girir. Nəticədə qızlar bu terrora dözməyərək özlərini itirirlər. Başları pozulur. Dəli olurlar. İndi bizim ölkəmizdə ərə gedə bilmədiyinə görə nə qədər qız və qadın dəli olub. Zarafat etmirəm. Bir balaca ətrafı diqqətlə müşahidə edin. Ərə gedə bilmədiklərinə görə dəli olmuş nə qədər qız və qadın görəcəksiniz. 

Cəmiyyətimiz ailəsiz adama qarşı həddsiz dərəcədə qəddarlıq nümayiş etdirir. Onları ən faciəvi həyat süjetləri və sonluqlarla qorxudurlar. Caamatımız sözün həqiqi mənasında bekarçılıqdan böyük əziyyət çəkir. Bekarçılıqdan yaxa qurtarmağın isə onlar yalnız bir yolunu bilirlər. Onun-bunun həyatına müdaxilə etmək, hər şeyi xırda detallarına qədər öyrənmək, müzakirə etmək və məsləhət vermək. 

Peşmansan bir adamla iki dəqiqə söhbət edəsən. Ailəli olub-olmadığını soruşur. "Yox” cavabı aldıqda elə bil onlara vəhy gəlir. Əlbəttə, danışmaq və məsləhət vermək üçün bundan gözəl mövzu ola bilərmi?Bəh, bəh, bəh. Səni göydə axtarırdım, yerdə tapdım. Başlayırlar danışmağa. Özü də çox ilhamla danışırlar. Başqalarının həyatından misallar gətirirlər. Öz həyat fəlsəfələrini bölüşürlər. Atalar sözündən istifadə edirlər. Tez evlənənlə tez duran uduzmaz... 

Söhbətin hansı səviyyədə getməsi adamın özünün səviyyəsindən asılıdır. Əgər adam bir az savadlıdırsa yazıçılardan, filosoflardan sitat da gətirir. Bütün söhbətləri bu cür ümumiləşdirmək olar - yox, yox, evlənmək lazımdı. Ailə yaxşı şeydi. Bəs sən xəstələnəndə sənə kim baxacaq?

Bir dəfə Zaminlə bir tədbirdə iştirak edirdik. Dayanmışdıq. Vəzifəli ziyalılarımızdan biri yaxınlaşdı bizə. Başladı danışmağa. Danışdı, danışdı... Məsləhət verdi. Necə yaşamağın yolunu göstərdi. Əlbəttə ki, öz köləliyini əsaslandırmağa çalışırdı. Bizim böyüklərimiz köləlik haqqında təlimatlarına öyüd-nəsihət adı qoyublar. Bizi xeyli təlimatlandırıb getdi. O vaxtlar mən gənc idim. Müdrikləşməmişdim. Səbrin nə olduğunu bilmirdim. Mübahisə etməyə, söz güləşdirməyə adam axtarırdım. Zaminin susması, bizi təlimatlandıran adama cavab verməməsi mənə toxundu. Adam gedəndən sonra Zaminə dedim:

- Sən niyə ona cavab vermədin? 

Zamin dedi:

- Nə deyim ona? Mən utanıram, amma o utanmır.

Üstündən on il keçməsinə baxmayaraq mən bu söhbəti tez-tez xatırlayıram. Müxtəlif yerlərdə, müxtəlif şəraitlərdə azı yüz adama danışmışam. İndi mənə deyəndə ki, sən filankəsə niyə cavab vermədin, Zaminin sözlərini təkrar edirəm:

- Nə deyim ona? Mən utanıram, amma o utanmır.

Çox maraqlıdır, ömründə beş kitab oxumamış məxluqlar, görəsən, hansı haqqla yüzlərlə kitab oxumuş adamı qarşılarına qoyub məsləhət verirlər? Şüur sarıdan korluq çəkən bu varlıqlar hansı haqqla adama necə yaşamağı öyrədirlər? Onlarda bu qədər inam, bu arxayınçılıq hardandır? Mənbəyi nədir? Axı insan həyasızlığının da bir sərhəddi olmalıdır. Amma yox, şüur sarıdan korluq çəkən bu varlıqlar öz danışıqları və əməlləri ilə göstərirlər ki, insan həyasızlığının sərhəddi yoxdur. Onlara icazə var. Hara qədər istəsələr həyasızlıq edə bilərlər. Onların həyasızlığı və sırtıqlığı sonsuzdur. 

Sən danışmağa, cavab verməyə utanırsan, o isə bunu razılıq əlaməti kimi başa düşərək daha da iştahla danışır. Yas və toy bunların həyatında ən vacib hadisədir. Bir adam sürüyə qoşulmursa, rahatlıq tapa bilmirlər. Dəhşətli dərəcədə narahat olurlar. Onlar əslində ailənin gərəkliliyi haqqında danışanda öz mövqelərini müdafiə edirlər. Bir dəfə qatarda bir yol yoldaşım (heç bilmirəm ona yol yoldaşı demək nə qədər düzgündür) canımı boğazıma yığdı. Canımı qurtarmaq üçün nə səbəb göstərdimsə ona kar etmədi. Dedim:

- Evim yoxdu.

Dedi:

- Nə olsun yoxdu. Bəyəm hamının evi var? Adamlar var illərlə kirayədə yaşayırlar. Əsas mehribançılıqdı. İki qəlb bir olsa samanlıq seyran olar. Kirayədə yaşayarsan. Sonra torpaq alarsan. Yavaş-yavaş ev tikərsən. Qohumlar da kömək edər. Hamı belə edir...

Başladı tanıdığı adamların həyatından misallar gətirməyə. Filankəsin də evlənəndə evi yox imiş. Kirayədə yaşayırmış. Sonra torpaq alıb. Bir az da qız tərəfi kömək edib. Başlayıb yavaş-yavaş ev tikməyə. İndi əməlli başlı evi var. Gül kimi yaşayır.

Deməli, "evim yoxdur” bir səbəb kimi işə yaramadı. Dedim, qız tapmıram. Bu lap düşük səbəb oldu. Çünki Azərbaycanda itə daş atırsan, qıza dəyir. Milli adət-ənənələrə riayət etsən, qız tapmaq problem deyil. Onlara nə var, təki əyinlərinə gəlin paltarı geyinsinlər. Lap heç kişi olmasın, erkək milçək olsun, gəlin paltarı varsa əyninə taxmağa mütləq qız tapılacaq. Ona görə də "qız tapmıram” səbəbi onun daha iştahla danışmasına şərait yaratdı. Başladı danışmağa. Bu mövzuda da xeyli danışdı. Halal süd əmmiş zad və sairə və ilaxır... Həyasız olmasın. Başı aşağı olsun. Yaxşı ailədən olsun. Hər tərəf qızdı. İstəsən, taparsan. Özün istəmirsən. Sual verdi:

- Valideynlərin durur? 

Dedim:

- Anam durur. Atam rəhmətə gedib. 

Dedi:

- Allah rəhmət eləsin. Bəs ana nə üçündü? Denən, sənə yaxşı bir qız tapsın.

Yeri gəlmişkən, necə qız tapmaq məsələsində fikirlər çox müxtəlifdi. Hərə öz mövqeyindən çıxış edir. Bəziləri deyir ki, əsas odur, qız başı aşağı qız olsun. Bəziləri deyir ki, zirək, evdar qız almaq lazımdı. Bəziləri deyir ki, yetim-yesirin, cındırından cin hürkənin qızını almaq lazım deyil. İmkanlı ailənin qızını almaq lazımdır ki, dar gündə sənə arxa dayansınlar. Ev-eşik sahibi etsinlər. Bəziləri deyir ki, qızın sir-sifətinə fikir vermək lazım deyil. Əsas qızın mərifətidir. İstəsən gedib kənarda kefini çəkərsən.

Qayıdaq yol yoldaşımın söhbətinə. Qərəz, nə səbəb dedimsə, adama kar etmədi. Bütün səbəblərə cavabı vardı. Əl çəkmirdi. Söhbətdən yayınmaq üçün gedib tamburda siqaret çəkirdim. Qayıdanda söhbətə təzədən başlayırdı. Dedim axı, bu məxluqatlar öz söhbətləri və davranışları ilə sübut edirlər ki, həyasızlığın sərhəddi yoxdur. İndi mən nə edim? Qatardan düşüm, piyada gedim? Axırda dedim ki, mən impotentəm. Evlənə bilmərəm. Bu da işə yaramadı. Zarafat kimi qəbul etdi. Bu adamın qarşısında aciz idim.

Bəyəm bunların, bu şüur sarıdan korluq çəkənlərin, ölü canların, məxluqatların sayı birdir, ikidir,üçdür? Bekarçılıqdan əziyyət çəkən, öz ailələrindən danışanda üzr istəyirəm deyən, arvadın adını çəkməyi, dilə gətirməyi qəbahət hesab edən bu tərbiyəsizləri necə dayandırmaq olar? Gərək kobudluq edəsən, ağır cavab qaytarasan. Bir az da həvəsin olsa, onun özünün mənasızlığını özünə sübut edəsən. Həyasızlıqları sərhəd tanımayan bu məxluqatlar ailənin gərəkliliyi, vacibliyi haqqında elə iştahla danışırlar ki, guya belə çox əməlli-başlı ailə sahibidirlər. Özlərini elə aparırlar, özlərini elə göstərirlər, elə danışırlar, guya daha bunları tanıyan, necə yaşmaqlarından xəbəri olan yoxdur. 

Tərbiyə verdikləri, böyütdükləri uşaq göz qabağındadır. Saxladıqları ailə də göz qabağındadır. Toyları, nişanları da göz qabağındadır. Yəni mən o qədər aciz adam oldum ki, bu boyda ölkədə bir qız tapıb, özümə arvad düzəldə bilmədim? Ümumiyyətlə, sənə nə isti-soyuğu var evlənməməyimin?

Canın yanır? Səmimiyyətinizə inanmıram. Bir başqasının yaxşılığını bu qədər israrla istəməyinizi düşünmürəm. Belə insani kefiyyətlər sizlər üçün deyil. Bəs nədir sizi narahat edən? Bekarçılıq. Niyə evlənməliyəm? Kreditlə mebel, paltaryuyan maşın, qabyuyan maşın və bir sürü zir-zibil alıb bankların əsirinə və girovuna çevrilmək üçün? Yazı nədir, sənət nədir, ədəbiyyat nədir qanmayan bir civiyə hər gün beynimin ətini yedizdirmək üçün? Hansısa bir rüşvətxorun, yaltağın, səviyyəsizin birinin mənə nümunə göstərilib, "bax gör ailəsini necə saxlayır?!” sözünü eşitmək üçün? Bütöv bir tayfanın, bötüv bir nəslin mənasız mərasimlərində, söhbətlərində iştirak etmək üçün? Hər bir hərəkətimə görə bir sürü adama hesabat vermək üçün?

Lazım deyil. İstəmirəm. Məsləhətiniz özünüzə qalsın. Bizdə bir adamla ailə qurmursan. Bütöv bir nəsillə, bütöv bir tayfayla ailə qurursan. Boşananda da gərək bütöv bir nəsildən, bütöv bir tayfadan boşanasan. Gətirdikləri su tökdükləri zibili yuyub aparmır. Ətrafınıza baxın. Bəyəm onlar xoşbəxtdirlərmi? Mehribandırlarmı? Yalandan klipə çəkilməklərini, yalandan özlərini göstərməklərini qoyun kənara, həqiqətdə onlar necə yaşayırlar? İt-pişik kimi. İntriqalar. Söz-söhbətlər, dava-dalaşlar. Bunu da norma kimi qəbul edirlər. Ər-arvadın dalaşı, yaz gününün yağışı. Axı bu adət-ənənələrlə, bu mentalitetlə necə xoşbəxt yaşamaq olar? Bu qədər adamın nəzarətində necə rahatlıq tapmaq mümkündü? Mümkün deyil. Amma onlar özlərini elə göstərirlər, guya mümkündür. Hətta nə qədəri bu xoşbəxtliyi tapıb. İstəyir ki, sən də kənarda qalmayasan. Sən də onlar kimi xoşbəxtlik tapasan. Sən də onlar kimi xoşbəxt olasan.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->