Emin Mahmudov yaxşı məktəb görmüş, istedadı və əxlaqı ilə seçilən futbolçularımızdandır. Bəli, bəxti onda gətirib ki, top oyununun sirlərini Rusiyada öyrənib, ilk addımlarını orda atıb, futbolçu kimi orda püxtələşib. Bu gün də Azərbaycan futbolunun sayılıb-seçilənlərindən olmasında yaxşı futbol məktəbi görməsi hiss olunur.
Amma bu günlərdə Emin Mahmudov mətbuatın gündəminə nə istedadıyla düşüb, nə də vurduğu qollarla. Onun kapitanı olduğu "Nefçi” heç də yaxşı günlərini yaşamır. Qış fasiləsindən sonra keçirilən ilk oyunda "Sabah”a 0:2 hesabıyla uduzan "ağ-qaralar”ın düşərgəsində vəziyyət heç də yaxşı deyil. Söhbət təkcə oyunun nəticəsindən, "Neftçi”nin məğlub olmasından getmir. Ümumilikdə ölkənin ən qocaman klubu tarixinin ağır dönəmlərindən birini yaşayır. Komandanın nə baş məşqçi seçimi uğurludur, nə də legionerləri faydalı. Görünən odur ki, bütün bunlar da Eminin əhval-ruhiyyəsinə təsir göstərib, kapitan gəmini tərk etməyə hazırlaşır. Bununla bağlı həm sosial şəbəkələrdə, həm də idman mətbuatında müzakirələr gedir. Yayılan xəbərlərdən belə başa düşülür ki, Mahmudovu heyətinə qatmaq üçün "Qarabağ”la "Sabah” qollarını çirmələyib. Yazılanlara inansaq, Eminə təklif olunan məbləğ bir milyon manata yaxınlaşıb.
Mən Eminə təklif olunan məbləği, onun bu pula dəyib-dəyməməsini müzakirəyə çıxarmaq fikrində deyiləm. Günümüzdə futbolun da özünün qanunları var və idmanın bu sahəsi də özünəməxsus biznes-marketinq qaydaları ilə idarə olunur. Diqqətimi çəkən başqa bir nüansdır. Sosial şəbəkələrdə yayılan məlumatların birinə azarkeşlərdən biri belə şərh yazmışdı: "İnanmıram ki, Emin Mahmudov "Qarabağ”a keçsin”. Heç şübhə etmirəm ki, bu cür düşünənlərin sayı çoxdur. Əgər belə bir keçid reallaşsa, ağ-qara rəngələrə könül verən azarkeşlərin böyük bir qismi bu gün alqışladığı kapitanı sabah eyni həvəslə söyməyə, təhqir etməyə başlayacaq, onu "satqın” çıxaracaqlar. Onlar haqlıdılarmı?
Dünya futbolunda bu cür keçidlərin sayı çoxdur. 2021-ci ilin avqustunda Milan küçələrində Romelu Lukakunun qrafitisi azarkeşlər tərəfindən boya ilə korlanmışdı. Səbəb belçikalı forvardın "İnter”i "Çelsi”yə dəyişməsiydi. Futbol tarixinin ən qalmaqallı keçidlərindən biri isə portuqaliyalı Luiş Fiqunun "Barselona”nı "Real”a dəyişməsidir. 2000-ci ilin iyulunda reallaşan bu keçiddən sonra "Barsa” azarkeşləri Fiquya nifrət etmək üçün milyard səbəb tapmışdılar. "Kamp Nou”dakı "El Klasiko” zamanı Fiquya atılan saysız-hesabsız əşyaların arasında donuz başı da var idi.
Vladimir Stoykoviçin "Partizan”dan "Srvena Zvezda”ya keçməsi, Mario Balotellinin "İnter”i "Milan”a dəyişməsi, "Fiorentina” azarkeşlərinin sevimlisi Roberto Bacionun "Yuventus”a yollanması da futbol tarixinin qalmaqallı keçidlərindən sayılır. Əmrə Bələzoğlu "Qalatasaray”da parlamış, Fatih Terim onu övladı adlandırmışdı. Sonrası nə oldu? Əmrə "Fənərbaxça”nın əsas futbolçularından birinə çevrildi, "Qalatasaray”la oyunlarda "sarı-qırmızı” azarkeşlərin ən yağlı söyüş və təhqirlərinin ünvanı oldu. İndi də onun "Qalatasaray”dakı günlərini xatırlayanların sayı elə də çox deyil, Türkiyənin futbol tarixinə Bələzoğlu "fənərbaxçalı” kimi ad qoyub.
Bu cür misalların sayı-hesabı yoxdur. Bəli, azarkeşlər belə keçidlərlə barışmır, futbolçuların əzəli rəqibin heyətində forma geyinməsini satqınlıq kimi qiymətləndirirlər. Amma futbolun da özünün yazılmış-yazılmamış qanunları var. Futbolçuların karyerası qısadır və onlar da bu qısa müddət ərzində daha çox pul qazanmağa, gələcəklərini təmin etməyə çalışırlar. Emin Mahmudovu da belə düşüncəyə görə qınamaq olmaz. Məsələnin digər tərəfi də var. Mahmudov "Neftçi”dəki ab-havadan, gərginlikdən də bezmiş ola bilər. Özü də başa düşür ki, zaman keçir, yaşı çoxalır. İndi pulla yanaşı mükafatlar, qələbələr qazanmaq, avrokuboklarda uğurlu çıxış etmək, böyük oyunların həzzini dadmaq zamanıdır. "Neftçi”nin indiki durumunda isə pulu bir tərəfə qoyuram, çempionluq qazanmaq, avrokuboklarda böyük uğurlara sevinmək belə real görünmür. Ona görə də Emin Mahmudovu qınamağa başlayanda tələsməmək lazımdır...
Amal Abuşov
Şərhlər