Adrian Mutunun "Neftçi” üçün uğursuz seçim olduğunu hələ yayda demişdik. Kluba rəhbərlik edənlər tələm-tələsik seçim etmiş, məşqçi kimi heç bir uğuru olmayan rumıniyalı mütəxəssisə "Neftçi”ni böhrandan çıxarmağı tapşırmışdı.
Mutunun təyinatının xaotik baş verdiyi prosesin gedişatında hiss olunurdu. Buna qədər Mutunun türk nümunəsi olan Sərgən Yalçını Bakıya gətirmək üçün özəl təyyarə göndərilmiş, onu paytaxtımızda padşahlara layiq şəkildə qarşılamışdılar. Gördüklərinə heyran olan Sərgən də "Neftçi” rəhbərliyindən sərvət istəməkdən çəkinməmişdi. Yalçının istəkləri o qədər yüksək dərəcə oldu ki, onu Bakıya dəvət edənlər tələm-tələsik geri addım atmalı oldular.
Keçmişə əbəs yerə səyahət etmirəm. İstəyirəm sizinlə birlikdə o günləri xatırlayaq, klub rəhbərliyinin necə təlaş içində adlı-sanlı, eyni zamanda da bahalı məşqçi axtarışında olduğunu bir daha gözümüzün önünə gətirək. Sanki ölkənin ən qocaman klubunu idarə edənlər tez-tələsik əcnəbi baş məşqçi tapmaq, bununla da hamıya əzələ və maddi imkanların böyüklüyünü nümayiş etdirmək həvəsində idilər. Bu həvəs Sərgənin tezbazar Bakıya gətirilib-qaytarılmasından sonra Adrian Mutunun baş məşqçi postuna ildırım sürətli təyinatında özünü göstərdi. Atalarımız "tələsən təndirə düşər” demişdilər. Elə "Neftçi” rəhbərliyinin başına gələnlər də bu "təndirə düşmə” prosesinin eynisidir.
Mutuyla "Neftçi” nə qazandı? Tam əminliklə "heç nə” demək mümkündür. Rumıniyalı çalışdırıcı tarixinin zəif dönəmlərindin birini yaşayan "Beşiktaş”a asanlıqla məğlub olmaqda "Avropa dəftəri”ni açılmamış qapatdı. Halbuki, "qara qartallar” Mutunun dediyi kimi, heç də Çempionlar Liqası səviyyəsində rəqib deyildi. Ona qarşı daha yaxşı oynamaq, hətta turu keçmək mümkün olardı. Həmin vaxt düşündük ki, çalışdırıcı yenidir, qısa müddətdə əlinin altındakı heyəti tanıyacaq, futbolçuların potensialını öyrənəcək. Bundan sonra ortaya yaxşı bir əsər, yəni ki, komanda çıxacaq. Avrokuboklarla erkən vidalaşma da "Neftçi”nin "bir cəbhədə” mübarizə aparmasına şərait yaradacaqdı. Deməli, Mutu da, onun futbolçuları da diqqətlərini yalnız daxili çempionata yönəldəcəkdi. Bu isə komandanın özünü daha yaxşı göstərməsinə şərait yaradacaqdı.
Bəs Mutu və onun "əsəri”, yəni "Neftçi” neydədi? Açılış turunda autsayder "Kəpəz”ə uduzan "Neftçi” növbəti oyunda "Səbail”i üstələyə bilmədi. Beləcə "Neftçi”nin uğursuzluqları sıralanmağa başladı. Mutuya da, onun komandasına da inam sarsıldı. Komanda deyəndə ki, Mutunun heç hansısa futbolçulara sabit güvəndiyini də, özü üçün ideal 11-lik formalaşdırdığını da görmədik. Daim axtarışda olan çalışdırıcı bir növ eskprement həvəskarına çevrilmişdi. Prosesləri diqqətlə izləyənlərə də bunun da səbəbini anlamaq olar. Mutunun önünə bir dəstə yararlı-yararsız legioner tökdülər, adam da bu legionerlərdən seçim etmək məcburiyyətindəydi. Klubun daxilində olmadığımız üçün hansı transferin kim tərəfindən gətirildiyini bilmirik. Amma dəqiq olan bir şey var ki, həmin o əcnəbilərin əksəriyyəti menecer Kamil Məmmədovun "tapıntısıdır”. "Legioner bazarı”nda rumınların pay sahibi olduğuna da şübhə etmirəm. Hərə bir tərəfdən komandaya legioner gətirib, özünə faiz qazanacaqdı, fürsətcil Mutu və onun işbirliyində olduğu menecerlər baxacaqdı? Əlbəttə ki, yox!
Sadaladıqlarım ümumi mənzərənin müəyyən nüanslarıdır. Bütün bu nüanslar isə "Neftçi”nin uğursuzluğunun səbəbləridir. Bu gün Mutu və onun köməkçiləri yola salınsa da, onu, eləcə də yararsız legionerləri "Neftçi”yə gətirənlər hələ də klubda söz sahibidilər. Ona görə də şəxsən mən Miodraq Bojoviçin gəlişiylə "ağ-qaralar”ın ağ günə çıxacağına inanmıram. Bəd gətirmiş olmayım, yaşayıb, görəcəyik. Sağlıq olsun!
Amal Abuşov
Şərhlər