Xəbər lenti

Murad Musayevin “Sabah”ı - Qürub edən günəş, yoxsa...
Amal Abuşov
İdman 09:51 23.12.2022

Murad Musayevin “Sabah”ı - Qürub edən günəş, yoxsa...

Bu Misli Premyer Liqasında 18-ci turun oyunları keçiriləcək. Bununla da Azərbaycan klubları "qış yuxusu”na yollanacaq. Gözlərini bir də növbəti ildə, Antalyada açacaqlar. İstirahət öncəsi əhval-ruhiyyənin necə olacağı da bu günkü nəticələrdən asılıdır.

"Sumqayıt”la qarşılaşacaq "Sabah” üçün bu turun əhəmiyyəti daha çoxdur. Çünki Masazır təmsilçisi sözün əsl mənasında böhran yaşayır, klubun daxilində nələrsə baş verir. Beləsini heç kim proqnozlaşdıra bilməzdi. "Sabah” üçün əla başlayan mövsüm elə o cür də davam edirdi. 
"Neftçi”ni iki oyunda məğlub edən "Sabah” elitadakı rəqiblərinin əksəriyyətindən üstün görünür, çempionluq mübarizəsində "Qarabağ” üçün əsl başağrısı sayılırdı. Elə ilk dövrədə "Azərsun Arena”da keçirilən qarşılaşma da bunun sübutudur. Həmin qarşılaşmada Murad Musayevin komandasının sərgilədiyi oyun neytral azarkeşlərin də qəlbini fəth etdi, məhz bu görüşdən sonra "Sabah”a rəğbət bəsləyənlərin sayı sürətlə artmağa başladı. 

14-cü turda "Qarabağ”ı Masazırda büdrədən "Sabah” öz iddialarını bir daha ortaya qoydu. Növbəti tur qeydə alınan nəticələr isə masazırlılar üçün yağla bal kimi idi. "Sabah” Tovuz səfərindən 3 xalla qayıtdı, "Qarabağ” isə ardıcıl ikinci oyunda da xal itirdi. "Köhlən atlar”ın "Zirə”ylə qarşılaşmasında qapılara qol vurulmadı. Bu isə o demək idi ki, "Qarabağ”la "Sabah”ın arasındakı xal fərqi üçə enmişdi. Bir çox ekspertlər belə düşünürdü ki, qış fasiləsində heyətini bir qədər də gücləndirəcək Murad Musayevin komandası həmin 3 xallıq fərqi də "əritmək” əzmində olacaq, biz yaya qədər nəfəskəsən mübarizə izləyəcəyik. Təəssüflər olsun ki, bu proqnozlar özünü doğrutlmadı...

Baxmayaraq ki, təqvim də "Sabah” üçün əlverişli idi. Masazır təmsilçisi evdə "Şamaxı”nı qəbul edib, səfərdə "Kəpəz”lə qarşılaşacaqdı. Hər iki rəqib elitanın autsayderlərindən sayılırdı. Buna görə də "Sabah”ın rahatlıqla 6 xal qazanacağını düşünürdük. Amma nəticə başqa cür oldu. Maraqlı təsadüfdür ki, hər iki görüşdə "Sabah” həm hesabı açan, həm də azlıqda qalan tərəf oldu. Bu oyunlarda Murad Musayevin komandası qələbəyə həsrət qaldı, heç-heçəylə kifayətləndi. 

Nə baş verdiyini demək xeyli çətindir. Məsələ ondadır ki, uğursuzluq təkcə çempionatda deyil. "Sabah” kubokun yarımfinalına da yüksəlməyi bacarmayıb. Özü də ordakı rəqib də turnir cədvəlinin "zirzəmisinin” sakinlərindən sayılan "Səbail” idi. Bu yerdə onu da xatırladım ki, Bayıldakı ilk görüşdə də "Sabah” azlıqda qaldı. Bütün bu məqamlar komandanın daxilində gərginliyin olmasının, nizam-intizamın aşağı düşməsinin göstəricisidir. "Səbail”lə cavab görüşü ərəfəsində faciəvi nəsə yox idi. "Sabah” Masazırda iki top fərqi ilə qalib gəlməklə adını yarımfinala yazdıra bilərdi. Qəribəsi odur ki, "Sabah” nəinki iki top fərqi ilə qalib gələ bilmədi, heç "Səbail”in qapısına yol tapmaq mümkün olmadı. Bu da azmış kimi, "Sabah”ın aradığı qolu "Səbail” vurdu və autsayder komanda hər iki görüşdə güclü rəqibini məğlub etdi.

"Sabah”ın oyununda mövsümün əvvəlindəki parlaqlıqdan, əzmkarlıqdan əsər-əlamət qalmayıb. Bir vaxtlar rəqiblərin qorxulu yuxusu, məğlubedilməz obrazlı komanda indi autsayderlər üçün asan yemə çevrilib. Bu mənada "Sumqayıt”la görüş "Sabah” üçün xeyli çətin keçəcək. Murad Musayevin yetirmələri zəif rəqiblərlə qarşılaşmalara konsentrasiya olmağa çətinlik çəkirsə, bu hal "Sumqayıt”la görüşdə də yaşanacaq. Çünki "Sumqayıt” "Kəpəz”in, "Şamaxı”nın, "Səbail”in qonşusudur. "Sabah” "Sumqayıt”la oyunda da qələbəyə həsrət qalsa, Murad Musayevə olan inam da ciddi zərbə alacaq. Deməli, rusiyalı çalışdırıcı komandasını böhrandan çıxarmağa qadir deyil. Belədə "Sabah”ın qış fasiləsindən sonra yola yeni mütəxəssislə davam etməsi də mümkündür. 

Yaşayaq, görək bu gün Murad Musayevin "Sabah”ı nə göstərəcək. Həmin nəticə elə Musayevin "Sabah”dakı sabahını da müəyyənləşdirə bilər.

Amal Abuşov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->