Azərbaycan xalqı yenidən tarixi sınaqdan və ağır günlərdən keçir. Qulaqlarımız səksəkəli, həyəcanlı xəbərlər alır. Bir gözümüz ordumuzun düşməni susdurduğuna, geri oturduğuna görə gülür, o birisi isə mərd igidlərimizin şəhid olmasına ağlayır. Mənfur qonşularımız ermənilərin növbəti təxribatı cəbhədə qan tökülməsiylə, neçə-neçədə igidimizin şəhadətə qovuşmasıyla nəticələndi. Şəhid sayının artmaması üçün dualar edirik, şəhadət zirvəsinə yüksələnlərin ruhunu əziz tutmağa çalışırıq, onların yaxınlarına dəstək oluruq.
Tribunalarımızda da bu ab-hava hiss olunur. UEFA "Qarabağ” – "Nant” qarşılaşmasında rəsmi şəkildə bir dəqiqəlik sükut elan edilməsini əngəllədi. Amma tribunaları dolduran azarkeşlərimiz şəhidlərimizin xatirəsini UEFA-sız da əziz tutdu, hakimin start fitindən əvvəl igidlərimizin xatirəsinə ehtiram göstərildi. Bununla da həm UEFA-ya, həm də dünyaya çox ciddi mesaj ünvanlamağı bacardıq. Xalqımız gərəkdiyi anda düşmənə qarşı yumruq kimi birləşməyə qadirdi. "İmarət” fan-klubunun tribunada açdığı pankartda "Qəhrəmanlar can verir yurdu yaşatmaq üçün” sözləri də bu ismarıcın davamı idi. Əminəm ki, hər kəs bu mesajı aldı, Azərbaycan xalqının birliyini və gücünü bir daha gördü.
Dünəndən start götürən Misli Premyer Liqasının 7-ci turunun oyunlarında da şəhidlərimiz unudulmadı. "Sabah”–"Turan Tovuz” qarşılaşmasının 44 və 77-ci dəqiqələrində fanatlar şəhidlərimizi andılar. Tovuz klubu oyundan əvvəl heyətləri təqdim edərkən 77 igid əsgərimizin adını paylaşmışdı. Görüşdən qalib ayrılan "Sabah”ın futbolçuları isə hakimin finalt fitindən sonra azarkeşlərinin önünə gedib, əsgər salamı verdi. Elə "Səbail”lə "Neftçi”nin görüşü də oxşar görüntülərlə müşayət olundu. Meydanın mərkəzində futbolçular "Torpaq – əgər uğrunda ölən varsa, vətəndir” pankartını açdılar. Qarşılaşmaya ev sahibliyi edən "Səbail” rəhbərliyi azarkeşlərə üçrəngli Azərbaycan bayrağı paylamışdı. "Forza Nefttçi” ağ-qara rənglərə könül verən şəhid azarkeşlərin fotolarını tribunalardan asmış, qaldırdığı pankartın üzərinə "Bünövrəsi millət olan evdə şəhidlər dayaqdır” sözlərini yazmışdı. Çılğın fanatlar şəhidlərin ruhuna ehtiram əlaməti kimi 90 dəqiqə ərzində susdu, sevimli komandalarının qollarına və qələbəsinə ürəkdən sevinə bilmədi.
Heç şübhə etmirəm ki, bu gün və sabah keçiriləcək oyunlarda da şəhidlərimiz unudulmayacaq, tribunalar cəbhədə yaşananlara biganə qalmayacaq. Azarkeşlərdən bir xahiş etmək istəyirəm. Bütün şəhidlərimiz bizə əzizdi, o cümlədən də futbol azarkeşi kimi tanıdığımız qəhrəmanlarımız. "Neftçi”yə könül verən mayor Rüfət Əsgərli Afiq Qulamlı bizim ürəyimizin bir parçasıdı, "İmarət”çi əsgər Məhəmmədəli İbrahimli ilə Teymur Məcidzadə də. Həmçinin "Keşlə”nin azarkeşi kimi tanıdığımız İsrail Cəfərov, "Qəbələ”yə könül verən Təbriz Qasımov, Tapdıq Ağayev, Elməddin Mustafayev, Tural Cəlilov, Rüstəm Atakişizadə. "Kəpəz” tribunasının şəhidləri Anar Məmmədovla Əhram Rəcəbov da bu vətən yolunda şəhid olublar. Ziyadxan Əliyevlə Fərid Dursunov da bizim şəhid azarkeşlərimizdi. Çox istərdim ki, tribunalarımızda onların hamısının adlarını çəkək, şəkillərini asaq. Komanda ayrımçılığını, rəng seçimini bir kənara qoyaq. Əminəm ki, şəhidlərimizin ruhları da bundan şad olar.
Sözüm sizədi, əziz "İmarətçilər”, "Forza Neftçi”, "Xəmsə”, "Red Black Army”... Şəhidlərimizin ruhlarını tribunalarda birləşdirək!
Amal Abuşov
Şərhlər