Xəbər lenti

Deputatın şirkəti piratçılıqda ittiham edilir - Cavanşir Feyziyevin “Dokta”sı müəlliflik hüququnu pozub
Ekonomiks 14:31 20.08.2022

Deputatın şirkəti piratçılıqda ittiham edilir - Cavanşir Feyziyevin “Dokta”sı müəlliflik hüququnu pozub

Əczaçılıq şirkəti olan "Dokta” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 185-ci (Müəlliflik hüququnun və əlaqəli hüquqların pozulması) maddəsi ilə inzibati iş başlanıb. 

Qaynarinfo xəbər verir ki, iş Gəncə şəhər Məhkəməsinin hakimi Orxan Cəfərlinin icraatındadır. Avqustun 24-nə məhkəmə baxış iclası təyin edilib.

İnzibati Xətalar Məcəlləsinin 185-ci maddəsində müəlliflik hüququnu və əlaqəli hüquqları pozmağa görə (az miqdarda ziyan vurduqda) - pirat nüsxələr, həmçinin pirat nüsxələrin hazırlanmasında (istehsal edilməsində) və yayılmasında istifadə olunan materiallar, avadanlıqlar və hüquqpozmaya səbəb olan digər vasitələr müsadirə edilməklə səksən manatdan yüz əlli manatadək məbləğdə cərimə nəzərdə tutulur.

"Az miqdarda ziyan vurduqda” dedikdə, min manatadək olan məbləğ başa düşülür.

"Dokta” MMC 22 sentyabr 2008-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 1000 AZN olan şirkətin qanuni təmsilçisi Sadıqov Elçin Ağasadıq oğludur.
Araşdırmalarımız zamanı məlum olub ki, Elçin Sadıqov həm də "Vital aptektləri” MMC-nin qanuni təmsilçidir.
Onun barəsində açıq mənbələrdə hər hansı məlumat yoxdur.

Elçin Sadıqov "Dokta” MMC-nin qanuni təmsilçisi olsa da, sahibi deyil. Şirkətin sahibi deputat Cavanşir Feyziyevdir. "Dokta” MMC onun əczaçılıq sahəsində təsis etdiyi ilk şirkətdir. Cavanşir Fyeziyev həm də dərman bazarının əsas oyunçularından olan "Avromed”in sahibidir. 

"Dokta” MMC-nin Cavanşir Feyziyevə məxsus olması faktı Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Jurnalistika Layihəsinin araşdırma materiallarında əks olunub. Həmin materiallarda qeyd edilir ki,  "Dokta” yaradıldığı il - 2008-ci ildə Vergilər Nazirliyi bir pəncərə sisteminə keçmişdi deyə, şirkətlərin təsisçiləri haqda məlumatlar o vaxt ictimaiyyətə açıq olub. Ona görə də "Avromed”dən fərqli olaraq, jurnalistlər köhnə Vergilər Nazirliyinin məlumat bazasında "Dokta”nın təsisçiləri haqda məlumatları tapa biliblər. 

Cavanşir Feyziyev 2010-cu ildən Milli Məclisin deputatıdır. O, keçmiş deputat Rafiq Məmmədhəsənov ilə qudadır.
Feyziyev 2019-cu ildə ölümlə nəticələnən yol qəzası ilə gündəmə gəlmişdi. Həmin vaxt yayılan məlumatlarda bildirilirdi ki, 15 fevral 2019-cu il tarixdə Xəzər rayonu Qala qəsəbəsi ərazisində Cavanşir Feyziyevə məxsus 90 FC 111 dövlət qeydiyyat nişanlı "Porsche Cayenne GTS” markalı 40-45 yaşlı qadını vurub. Zərbənin gücündən yolun əks istiqamətinə düşən qadın "Wolksfagen Passat” markalı, 99 CD 689 nömrə nişanlı avtomobilin altında qalıb və yerindəcə keçinib.

Əvvəlcə sükan araxasında Cavanşir Feyziyevin sürücüsünün olduğu bildirilsə də, sonra mediada yayılan məlumatlara görə, avtomobili deputat özü idarə edirmiş.

2021-ci ildə isə Böyük Britaniyanın Cinayətkarlıqla Mübarizə Agentliyi (NCA) Westminster Magistrates Məhkəməsinin qərarı ilə Cavanşir Feyziyevin həyat yoldaşı, oğlu və qardaşı oğluna məxsus bank hesablarında olan vəsaitin 5,6 (12,9 milyon AZN) milyon funt-sterlinqini müsadirə edilməsi gündəmə çevrilmişdi. 

Seyid

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->