- Salam, Alp. Necəsən? Kanadada işlərin necədi?
- Salam, Hacılı, yaxşılıqdı. İşlər qaydasındadı, qardaş. Sən nətərsən?
- Qağa, mənim işlərim bir ildən çoxdur yaxşı getmir. Nə cəhd edirəm faydası tərsinə olur. Bilmirəm nə edim... Heç cür əmələ gətirə bilmirəm. Bəlkə bir təklifin ola...
- Sıxıntı dövlətlədi?
- Yox, işlərimlə. Borclu duruma düşmüşdüm. Şişə-şişə gedir. O vaxt sənə demişdim axı. Aldadıldım və 80 min ziyan etdim, hətta daha çox. Bax, o söhbətdən sonra heç cür toparlaya bilmirəm.
- Hacılı, mən sənə ancaq bura gəlsən kömək edə bilərəm. İşlər var. Birgə çox şey edərik. Kredit götürərik, borcları verərsən, daha sonra işləyib yavaş-yavaş qaytararsan. Səni tanıyıram, bilirəm ki, alındırarsan və mən sənə belə kömək edə bilərəm. Bir yolun tap, gəl Kanadaya. Qalanı mənlikdi. Vizan da var.
- Yaxşı, görüm nə edirəm, Alp. Sağlıqla qal.
Təxminən 15 may tarixində Kanadada yaşayan uzun illərin dostu, mərdliyinə zərrə qədər şübhəm olmayan dostumla bu dialoqdan sonra Kanadaya getməyin yolunu axtarmağa başladım. Ən ağlabatan təklifi o etmişdi. Dialoqu qısa yazdım və detalları qeyd etmədim. Sərhəddən keçidlə bağlı məhdudiyyətim vardı. Həmin vaxt İstanbulda yaşayan bir dostum məhdudiyyətə baxmayaraq 5 min ABŞ dollarına bu "stop”u aradan qaldırmağın mümkün olduğunu dedi. Azərbaycanda hər şey pulun başındadı dedi. Düşündüm ki, gedib görüm sərhəddə ümumiyyətlə vəziyyət necədi. Həm də sıxıntım çox idi. Şəhərdən uzaqlaşmaq istəyirdim.
Heç kimə heç nə demədən iyun ayının 1-də dostum Fəxrəddinlə danışıb Zaqatalaya getdim. Hətta ondan "bir tanışımız Zaqataladan Gürcüstana keçmək istəyir, mümkündürmü?” soruşdum. O da təhlükəli olduğunu dedi. Qonaqlamağa ev təşkil etməsini istədim. İyunun 3-ü axşam saatlarında Zaqatalada idim. Fəxrəddin məni qarşıladı və dayısıgilin evində qonaq etdi. Bir daha söhbət əsnasında sərhəddən keçməyin yolunu bilmədiyini dedi.
Ertəsi 4 iyun tarixində səhər biz Fəxrəddinin dayısıgildə görüşdük. Ona Balakəndə Mazımçay kəndə getmək üçün taksi təşkil etməsini xahiş etdim. Adıçəkilən kəndi tanımadığını dedi və biz yola çıxıb taksiyə yaxınlaşdıq. Taksi sürücüsü yalnız Mazımçay Keçid Məntəqəsini tanıdığını dedi. Mən "Google Map”dən baxdığım üçün bilirdim ki, kənd həmin keçid məntəqəsinə yaxındı. Hər halda "google map”də harasa baxmaq cinayət deyil. Söhbət hər kəsin istifadə etdiyi "google map”dən gedir. Xəritəyə baxanda kimdənsə icazə almaq kimi öhdəliyimiz də yoxdu. Çantamı Fəxrəddinin dayısıgildə qoyub 20 AZN-ə taksi ilə gediş-dönüş danışıb yola çıxdıq. Yerli taksi sürücüsü də icazəli yer olduğu üçün normal şəkildə qiymətdə razılaşıb yola düşdü.
Balakən ərazisindən Gürcüstana keçid üçün nəzərdə tutulmuş Mazımçay Keçid Məntəqəsinə çatdıq. Orda maşından enib iki xanımdan "Mazımçay kəndə necə gedə bilərik” soruşduq. Onlar yolun kənarında dayanmış taksiləri bizə göstərib "bir az aralıdı, bu taksilərin birinə əyləşib, gedin” dedilər. Biz öz taksimizə əyləşib göstərilən yolla hərəkət etməyə başladıq.
Yolun kənarında sərhəd simləri, sıx ağaclar və daha sonra çay vardı. Azərbaycan ərazisində idik və yol boyunca başqa maşınlarla da qarşılaşırdıq. Təxminən 300-400 metr getdikdən sonra iki əsgər bizi saxlayıb hara getdiyimizi soruşdu. Mazımçay kəndə getdiyimizi dedim. Əsgərlər bizə qarşıdakı postda sənədləri təqdim etməli olduğumuzu bildirdilər.
Yolumuza davam edib 200-250 metr getdik. Bolsulu çayı, sıx ağacları, hündür və bir-birinə yaxın telləri görüb düşündüm ki, mən hətta istəsəm belə burdan keçmək mümkün deyil. Mazımçay kəndi görməyi də lazım bilmədim. Taksi sürücüsünə geri dönməsini dedim. Biz geri dönüb 250-300 metr qayıtdıq. Həmin əsgərlər qarşımızı kəsdilər. Niyə geri qayıtdığımızı soruşdular. Sualı anlamadıq. Necə yəni niyə geri qayıtdız? Geri qayıtmalı olduğumuzu dedik. Onlar bizə "bura rejim zonasıdı və mütləq hərbi hissəyə getməliyik” dedilər. Biz maşını hərbi hissəyə sürdük. Orda mənim şəxsiyyət vəsiqəmi götürüb yoxladılar və sərhəddən keçmə məhdudiyyətimi görüb "yuxarıya” məruzə etdilər.
Bir müddət sonra hərbi hissəyə təhqiqatçı, əməliyyatçı, komandir deyə çağırılan şəxs gəldi. Bizi ilkin sorğu-sual etdilər və taksi sürücüsünü sərbəst buraxdılar. Mən və Fəxrəddin barədə 24 saatlıq saxlama qərarı çıxardıqlarını deyib, gecəni hərbi hissədə saxladılar. 5 iyun səhər saatlarında Bakıya – Dövlət Sərhəd Xidmətinin istintaq idarəsinə gətirdilər. İstintaqda mən hadisələri olduğu kimi danışdım və burda cinayət tərkibi olmadığını bildirdim. Saatlarla prokurorluqla və baş müstıntiqlə məsləhətləşən istintaq qrupunun rəhbəri Elçin Abuzərli mənim zəif yerimdən tutdu. Dedi "Əgər sən təqdim olunan izahat və ifadəni imzalasan, Fəxrəddini sərbəst buraxacağıq”. Mən ondan dəfələrlə Fəxrəddinin heç bir günahı olmadığını və mənə qonaqpərvərlik edən birinin əziyyət çəkməsini istəmədiyimi bildirmişdim. Məcburiyyət qarşısında qalıb Fəxrəddin Qasımov və mən bizdən tələb olunan bütün işarələnmiş yerləri imzaladıq. Bundan sonra Fəxrəddini sərbəst buraxıb məni Səbail Rayon Məhkəməsinə aparıb iki ay müddətinə həbs etdilər. Əvvəl Xətai Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Məntəqəsinə, oradan isə 7 iyun tarixində 1 saylı Bakı İstintaq Təcridxanasına gətirdilər.
Təcridxanada rəis müavini Orxan İsayev, sonra isə rəis Elnur İsmayılov məni qəbul edib nə işlə məşğul olduğum barədə anket məlumatları topladı. Daha sonra mənim üçün hazırlanmış kartoçkanın üzərindən üç qırmızı xətt çəkdilər. Bu o deməkdir ki, görüş, zəng və kənardan pay qəbul edə bilmərəm. Bunun səbəbini soruşanda təcridxana rəhbərliyi bildirdi ki, Respublika Prokurorluğu İstintaq səbəbindən belə bir qadağa qoyub. Əvvəla burda saxlanılan hər kəsin istintaqı gedir. 3 minə yaxın məhbusun içində 30 nəfərə belə qadağa qoyulub, ya yox. İkincisi burda nə istintaq təlaşı var?! Heç kim sumkasını tanımadığı bir evdə qoyub, 3 telefon üzərində, kostyumla, maşınla, günorta saatlarında, tanımadığı bir yerdən sərhədi qaçıb keçməz. Bilirəm, medal almaq, mükafatlandırılmaq, vəzifə qazanmağın yolunu çoxu öz həmvətəninə tələ qurmaqla qazanmaq istəyir. Bəlkə də mövcud sistemdə başqa yol yoxdur. Mənə çoxunuz sual verirsiz "Müxalifətçisən?”. Belə vətəndaşların uğur üçün bir-birini əzdiyi sistemə müxalifətəm, bəli. Ümumiyyətlə, səhv və düz var. Müxalifətçi həmişə səhv ola bilməz. Hazırkı duruma boyun əyib qul olanlar da var. Hazırkı durumdan faydalananlar var. Bir də hazırkı durumla barışmayıb, düzəltmək istəyənlər var. Mən hazırkı duruma, mövcud sistemə qarşıyam. Sadəcə klassik müxalifətlə də fikir ayrılığına səbəb mövcud durumun düzəlməsi üçün təklif edilən yoldu. Mən inqilab yox, təkamül (evolution) tərəfdarıyam. Zamanla vətənimizdə ideala yaxın, insanların xoşbəxt olduğu cəmiyyətin qurulması üçün çalışmaq tərəfdarıyam.
Bu mövzuya qayıdacam.
İkinci, məsələ üzərimdəki icbari işlə bağlıdı. 2016-cı ilin payızında ABŞ-ın Azərbaycandakı səfirliyinin viza şöbəsinin fəaliyyətini və Azərbaycan vətəndaşlarına qarşı olan miqrasiya siyasətini tənqid edən bəyənatla çıxış etdim. Sitat: "Niyə ABŞ-ın Azərbaycan Səfirliyi bizim tələbələrdən çox maaşlı iş arayışı tələb edir? Bilmir ki, 20-25 yaşlı bir gənc rəsmi olaraq 1000 AZN-dən çox əmək haqqı ala bilməz?! Niyə konsul "sən mənim xoşuma gəlmədin” deyib, sənədlərə və ərizə formasına yox, fiziki görünüşə əsasən qərar verir?! ABŞ səfirliyi podiumdu? Niyə gürcüyə, türkə 10 il, rusa 3 il, iranlıya 5 il, Azərbaycan vətəndaşına 12 adda sənəd alandan sonra cəmi 1 illik viza verilir?”
Bundan sonra səfirlik mənim ərizə formalarını doldurmağa və konsulluğun tələbinə uyğun sənədləri düzgün toplamağa yardım etdiyim şəxslərin sənədlərini "şübhəli” sənəd kimi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə göndərdi. Türkiyədə idim. Xəbər gəldi ki, DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən mənə cinayət işi açılıb. Çoxları ordan qayıtmayıb, ABŞ, Kanada və ya Avropaya getməyimi tövsiyyə etdi. Heç kimə verəcəyim yox, qısa müddətdə ailəmi də yanıma gətirə bilərdim. Lakin mən 2 aydan çox Avropada, 1 aydan çox ABŞ-da yaşamış biri kimi əminliklə bildirdim ki, yalnız vətəndə xoşbəxt oluram. Qoy başıma nə iş gəlirsə gəlsin, vətənimdə gəlsin. Üstəlik, özümü cinayətkar hesab etmirdim. Niyə qaçmalıydım?!
11 dekabr 2016-cı il tarixində İstanbuldan Bakıya döndüm. Və DİN BMCMİ-nin müstəntiqi ilə əlaqə saxlayıb 12 dekabr tarixində yanına getdim. 2017-ci ilin iyun ayınadək davam edən istintaqın nəticəsi Nəsimi Rayon Məhkəməsinə göndərildi. Dövlət ittihamçısı mənə qarşı iki maddə ilə ittiham irəli sürdü. Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə və saxta sənəd hazırlama ilə 5 il müddətinə azadlıqdan məhrum edilməyimi tələb etdi. Demə, istintaq belə bir nəticəyə gəlib. Əvvəla hansı vəzifədən sui-istifadə etmişdim, məlum olmadı. Hansı rəsmi sənədi saxtalaşdırmışdım – o da bilinmədi. Bunu hələ də izah edən yoxdur. İkincisi, mən saxta dövlət sənədi və ya möhür hazırlamamışam, ABŞ səfirliyinin tələblərinə uyğun formada ərizə formasını doldurmuşam, iş yerindən arayışın formasını öz kompüterimdə ingilis dilində hazırlayıb vətəndaşa təqdim etmişəm ki, "bu formadı, apar müdir və ya müsahibin imza möhür etsin”. O da aparıb, möhürlədib, imzaladıb gətirib.
İstintaq iddia edirdi ki, həmin iş arayışlarındakı əmək haqları həqiqəti ifadə etmir. Bəli, Azərbaycan reallığında çox rast gəlinən haldır. 1500 AZN maaş alan şəxslər 150 manata imza atır. Rəsmi qurumlarda belə "paket” sistemi ilə işləyirlər. Vergidən yayınmaya görə kim məsuliyyət daşıyırsa, ona sual vermək lazmdı. Hamı bilir ki, Səfirliyə 150 AZN göstərilsə viza verilməyəcək. Buna görə mənmi məsuliyyət daşıyıram? Bəli, mənə müraciət edən şəxslərə deyure deyil, defakto aldıqları maaşları yazmağı tövsiyyə edirdim. Həmin sənədlər ABŞ ərazisində istifadə olunub. Bu, Azərbaycan yox, ABŞ qanunları ilə ittiham veriləsi işdi. Daha vacibi isə sənədlər geri qaytarılmışdı. Cinayət tərkibi olsaydı belə baş tutmamış sayılırdı. Həmin sənədlərlə heç bir şey əldə olunmayıb və ən əsası, həmin sənədlərin hüquqi cəhətdən dövlət və ya vətəndaşlara zərərverici xarakteri yox idi. Sənədlər nazirliyə araşdırılmaq üçün yollanmışdı. Məlumatlar doğru olduğu halda geri göndərilməli, yanlış olduğu halda ya cərimə edilməli, ya səfirliyə sənədlərin doğru olmadığı haqda məlumat çatdıılrmalıdı. Nəticədə də adama viza verilmir. Bizim hüquq-mühafizə orqanlarında çalışanlara elə gəlir ki, əllərinə kiminsə adı keçdisə, mütləq onu süründürmək, ondan rüşvət almaq, onun özünün, ailəsinin, əzizlərinin həyatını qaraltmaq lazımdı. Biz başqa cür münasibət görməmişik. Bunu yəqin bütün ölkə təsdiqləyər.
Nəhayət məhkəmə mənə 3 il müddətinə icbari iş verdi. Əsas kimi də ABŞ səfirliyinin təzyiqini gətirdi. Hansı ki, məhkəmə və istintaq dövründə nə qarşı tərəf kimi, nə şikayətçi kimi, nə də şahid kimi kimsə iştirak etdi. Hətta həmin ərəfədə səfirliyin əməkdaşı mənlə əlaqə saxlayıb "biz səni həbs etdirmək niyyəti ilə sənəd yollamamışıq, burda nəsə anlaşılmazlıq olub” dedi.
Məhkəmə qərarından sonra susdum. İstintaq zamanı da susmuşdum. Yalnız bir səbəbə səsimi çıxarmırdım. Azərbaycan dövləti adına xələl gəlməsin! Həmin dövrdə Avropa Məhkəməsinin qərarı açıqlandı. Qərara əsasən 2013-cü ildə "Əsgər ölümlərinə yox” adlı aksiyanın təşkilatçısı kimi şərlənərək məhkəmə tərəfindən cərimə olunmağıma görə Azərbaycan Dövləti mənə 7500 avro məbləğində təzminat ödəməlidir. Mən həmin məbləğdən imtina etdiyimi və büdcədən pul ummadığımı dedim. Buna cavab olaraq hökumətin bir qoluna yaxın KİV mənə hücum edir, barəmdə verilmiş icbari işi tirajlayırdı. Yenə susur, heç bir açıqlama vermirdim. Məsələni daha da şişirtmirdim. "Onlar dövlət maraqlarını düşünmür, bizə nə olub?” deyirdim.
2015-ci ildə eyni formada, həmin KİV mənim X.İ. deyilən şəxsə pul ataraq gizləndiyimi iddia etmişdi. Türkiyədən gəldim və "kimdi X.İ.? Harda gizlənmişəm? " soruşdum. Yazını sildilər. Həmin X. İ. də tapılmadı. 2015-ci ildəki başıma gələnləri tam çılpaqlığl ilə yazdım və hətta ünvanları göstərdim. Yazının çap olunduğu sayt haker hücumuna məruz qaldı, yayımlanan yazı saytdan silindi. Saytın rəhbərliyi bunu yenidən bərpa etdi. Ardınca sayt tamamilə hakerlər tərəfindən dağıdıldı. Bu nə deməkdi, yəqin hər kəs bildi! Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət etdik, onlar bu məsələdə kömək edə bilməyəcəklərini dedilər...
Bu ləyaqətsizlikləri edənlərə öz saytlarını yaratmağa şəxsən köməklik etmişəm. Amma bir tikə çörəyi (bir tikə çörək simvolikdi- özünüz bilirsiz nələri...) insanlıqdan əziz tutdular. O tikəni xarici dövlət versə, vətənlərini də satarlar, əzizlərini də. Biz 1920-ci ildə dövlətimizin işğalı nəticəsində nələrin olduğunu bilirik. Biz torpaqlarımızın 20 faizinin işğalı nəticəsində başımıza nələrin gəldiyini də bilirik. Fars diplomat İ. Stalinin qəbuluna dizi üstə girir və deyir: "Mənim şəxsiyyətimdən ucadır vətənimin bütövlüyü. Qoymayın İran parçalana!” Bəli. Dövlətimizi qorumalıyıq. Sevməliyik. İnkişafına fayda verməliyik. Öz canımızı, imicimizi heç vaxt dövlətimizdən, vətənimizdən üstün tuta bilmərik. Başqalarını bilmirəm, mənim baxışım belə olub həmişə.
Təkcə fəaliyyətimizin bir ilini 2016-cı ilini xatırlatmaq istərdim, əzizlərim.
2016-cı ilin fevral ayında Fransa Xarici İşlər Nazirliyinin dəvəti ilə Parisə səfər etdim. Bir çox aparıcı Fransa mediasına Azərbaycanla bağlı müsahibələr verirdim. Vətəndaş Cəmiyyəti ilə əlaqələr qurur, Fransa Avropa Hərəkatının təşkilatçılığı əsasında hərəkatın üzvləri ilə görüş keçirirdik. İkitərəfli sıx əməkdaşlıq barədə memorandum imzaladıq. Nəhayət Fransa Xarici İşlər Nazirliyində nəzərdə tutulan 1 saatlıq görüş 4 saata yaxın davam etdi. Mən bir məcburi köçkün kimi mühasirədə qalmağımızdan tutmuş, doğmalarımızı itirməyimizə, yüz minlərlə insanın doğma yurdlarından didərgin düşməsinə qədər hər şeyi danışırdım. Sonda "yetər ki, ermənilər torpaqlarımızı tərk etsinlər, bütün məhrumiyyətlərə baxmayaraq vətəndaşlarımız və dövlətimiz sülhə hazırdı, biz öz torpağımızı istəyirik” dedim. Bu məqamda Azərbaycan mediasında yazı çıxır ki, Ramin Hacılı mühacirətə gedib (Yenə həmin KİV).
Həmin ilin may ayında Beynəlxalq Avropa Hərəkatının illik konqresinə qatılmaq üçün hərəkatımızın funksionerləri olan Şəmşir Tərlanov və Kənan Rəfiyevlə Niderlanda yola düşürük. Burda Niderland Krallığının Xarici İşlər Naziri ilə, BAH-ın rəhbərliyi və Avropa Parlamentinin üzvləri ilə görüşlərimiz olur.
Hər iki səfərə maddi yardımı Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası edir. Bununla yanaşı öz daxili büdcəmizdən də istifadə edirik. Hamısının hesabatı Şuraya təqdim olunub. 2016- cı ilin 15-25 oktyabr tarixlərində ABŞ-a səfərə gedirik və 18 oktyabr Azərbaycanın Müstəqillik Günü münasıbəti ilə Nyu York şəhərində tədbir təşkil edirik. Noyabr ayında isə BAH-ın ölkələr üzrə olan nümayəndəliklərinin toplantısına qatılmaq üçün 5 nəfərlik heyətlə Belçikanın paytaxtı Brüssel şəhərinə səfər edirik. Azərbaycanı təmsil edir və BAH-ın fəaliyyətləri ilə bağlı təkliflər verir, 43 ölkədən gələn nümayəndə qarşısında çıxışlar edirik. Tədbirlərə qatılıb geri dönürük. Dekabr ayında yenidən İstanbula gedirik. Bu dəfə daha önəmli məsələ ilə bağlı. Tusi adına xəstəxanada yoldaşıma başında kista ocağı olması ilə bağlı diaqnoz qoyulmuşdu. Bunu dəqiqləşdirmək üçün İstanbulda tibbi müayinədən keçdik. Məlum oldu ki, yanlış diaqnozdu və şiş barədə yazılan hansısa məqsədlər üçündü. Bundan sonra İstanbulda Türkiyə Avropa Hərəkatının rəhbəri professor Gül Turan xanımla görüşdük və Azərbaycanla ikitərəfli əlaqələri gücləndirməyi, həmçinin BAH-ın idarə heyətində Türkiyənin təmsil olmasına yardımçı olmağı üzərimizə götürdük.
2017-ci ilin yanvar ayından mənim ölkədən çıxışıma qoyulan qadağa səbəbindən Avropa fəaliyyətlərimin effektivliyi azaldı. Sizə son bir ilin nəticəsini dedim. İndi özünüz baxın, kimə lazımdı mənim fəaliyyətsizliyim?!
Hələ mən Dublin konfransında qazandığımız uğuru, Eurovision ilə bağlı BAH-ın (Beynəlxalq Avropa Hərəkatı) bəyanatını, Avropa Oyunları ilə bağlı tutumunu, Ramil Səfərovun Bakıya ekstradisiyası ilə bağlı mövqeyini, Qarabağla bağlı biz hərəkata qoşulduqdan sonrakı mövqelərini demirəm. Bir xatırlatma edim: 2012- ci ilin fevral ayında Azərbaycan Avropa Hərəkatı yarananda BAH-ın platforması çərçivəsində fəaliyyət göstərən Qarabağ Avropa Hərəkatı vardı. İlk işimiz həmin qondarma qurumun ləğvi oldu. 2012-ci ilin may ayında BAH-ın Federal Assambleyasına qatılıb öz çıxışımızla buna nail olduq.
Bundan sonra öz aktiv fəaliyyətimizlə ən çox gözə girən ermənilərin aktivliyini kölgədə qoyduq.
Gürcüstan Avropa Hərəkatının prezidenti dünyasını dəyişdikdən sonra BAH-ın baş katibliyi bizdən yenidən formalaşan Gürcüstan Avropa Hərəkatına dəstək olmağı xahiş etdi. Bu işə 2016-cı ildə start verdik və 2017-ci ildə tamamlamalı idik. Hələ də yarımçıq qalır...
2017-ci ilin planlarında İngiltərə Avropa Hərəkatı ilə müştərək fəaliyyət, BAH-ın iki konfransında iştirak, BAH-ın rəhbərliyinə olan seçkilərə qatılmaq, Avropa Şurasında Azərbaycanla bağlı keçirilən dinləmələrə qatılmaq, Avropa İitifaqı rəhbərliyi ilə görüş, BAH-da təmsil olunan Avropa Parlamenti üzvləri ilə Azərbaycanla bağlı müzakirələr...
Mənim Ermənistan səfərim və orada Azərbaycanın dövlət maraqlarına xidmət edən çıxışlarım və Avropadan gələn nümayəndələrin bizim barəmizdə gəldiyi qənaəti bütün fəaliyyətlərim dövründə ən uğurlu akt hesab edirəm. Baxmayaraq ki, bu işimə kölgə salmaq istəyənlər oldu, amma qazandığımız uğur ləkələrdən sığortalıdır.
2017-ci ili Azərbaycan Avropa Hərəkatı olaraq "Həmrəylik ili” elan etdik. Məqsəd xüsusən xaricdə yaşayan Azərbaycanlıları dövlət maraqlarımız ətrafında birləşdirmək idi. Dilqəm Əhmədov, Şahbaz Quliyevin əsirlikdən azad olunması, Qarabağdan məcburi köçkün olanların və bunun əziyyətini çəkənlərin müraciəti əsasında Ermənistan dövlətini Avropa Məhkəməsinə vermək üçün (hətta bunun üçün Həcər Abbaslı ilə özümün rəhbərliyi ilə işçi qrup yaradırdıq) ABŞ-da, Avropada, Böyük Britaniyada və Kanadada ümumi prosesə rəhbərlik edəcək şəxslər müəyyənləşdirilmişdi, iki dildə (az və ing.) jurnal hazırlanması, Avropa məktəbi təsis edilməsi və bununla da yeni ictimai kadrlar hazırlanması planları var idi. 2017- ci ildə baş tutacaq bu fəaliyyət planı əsasında işlərdən sonra 2018-ci ildə yaşanan "virtual savaş” olmayacaqdı. Əksinə, ümumxalq həmrəylik şəbəkəsi olacaqdı ki, bu da dünyada yaşayan Azərbaycanlıların birliyi şəklində təşviqat aparılmasına səbəb olacaqdı. Bunu kim istəmədi və mənə mane oldusa, onlar da elə "söyüş dolu virtual savaşı” qızışdıran, dəstəkləyən və bununla da Prezident yanında öz əhəmiyyətlərini artırmaq istəyənlərdi. Yadıma 2013-cü il Prezident seçkiləri düşdü. Həmin vaxt seçkilərdə biz Azərbaycan Avropa Hərəkatı olaraq ATƏT- in müşahidə missiyasının yerli tərəfdaşı kimi layihə qazanmışdıq. Birinci mərhələni uğurla keçdikdən sonra Azərbaycan hakimiyyətinin içindəki "5- ci kolon” hərəkətə keçdi və bizə bu imkanı vermədi. Dəfələrlə bildirdik ki, ATƏT missiyası ilə yerli əməkdaşlıq peşəkar və mütəşəkkil təşkil edilməsə, hazırlanacaq hesabat obyektiv və əhatəli olmayacaq. Bütün cəhdlərimiz boşa getdi və nəticədə yenə biz deyən kimi oldu. ATƏT 2013- cü il seçkiləri ilə bağlı bir-birinə uyğun gəlməyən 4 bəyanat verdi. Nə iqtidar, nə müxalifət, nə də ictimaiyyət razı qaldı.
Hazırkı situasiyada haqsız olaraq həbsdə qalıram. Dövlət sərhədini pozmağa cəhd etdiyimi sübut edən heç bir dəlil olmadığı halda 29.318 maddəsi ilə həbs edilirəm və bu, təmtəraqla mediada işıqlanır. İnsanlar panikaya düşür. Ardınca bir neçə ay öncə işi uzandığı üçün ödənişini geri tələb edən iki şikayət (13 min manat) əsasında, öhdəlik götürüb ödənişi aybaay qaytarmağıma və bununla bağlı sənəd olmasına baxmayaraq dərhal 178.2.2 və 178.2.4. maddəsi üzrə cinayət işinə cəlb edilirəm. Müstəntiq demədiyim cümlələri ifadəmə əlavə edir. Daha sonra həbs müddətim uzadılır. Həbsdə olduğum müddətdə eyni məzmun və mətnlə əlavə şikayətlər işə cəlb edilir. İstintaq dövründə süni şəkildə həbsxanada saxlanılıram. Borcum varsa, istintaq müddətində təcridxanadan necə ödəməliyəm, yarımçıq qalan işləri necə yoluna qoymalıyam, hüquqda bunun bir məntiqi izahı olmamış deyil. Üstəlik, mən kimisə aldadıb pulunu almamışam. İş qarşılığında almışam və işlərini görməyə çalışmışam. Məndən asılı olmayan səbəbdən bəziləri alınmayıbsa, buna görə cinayət məsuliyyəti daşımıram.
Məhkəmələrim qapalı keçirilir, bu məqamdan istifadə edənlər, böhtan atanlar var. Bu heç fürsətçillik belə deyil. Sadəcə namərdlikdi. Namərdlik bizə keçməz, əksik xarakterlilər, özünüzü cırmayın, biz doğrunu hər şeydən üstün tutub düz yoldayıq. Həbsxanada olduğum ilk üç həftə ərzində bütün qadağalarla yanaşı eynəksiz qaldım. Qapalı keçirilən məhkəmələrə tək adamlıq hissəsində penitensiar xidmətin maşını ilə xəlvəti aparılıb gətirilirəm. Bu xüsusiləşdirmə mənə çox zövq verir. Məhkəmədə hakim qarşısına şüşənin arxasında qolu qandallı çıxarılıram. Vəkilim bu halı hakimə deyir, hakim isə başını aşağı salıb utanmaqla kifayətlənir.
Hələ üç əsr əvvəl Monteskyö dövlətin güc bölgüsünü izah edərkən deyirdi: "Əgər İcra orqanı İsa Məsihdisə, qərarverici orqan Tanrıdısa, məhkəmə də Tanrının evi – kilsə qədər müqəddəs yerdi. Məhkəmə hər kəsin yolunun düşdüyü yerdi, orada ədalətin olması cəmiyyətdə dayanıqlı və davamlı sabitliyin, sülhün, intibahın olması deməkdi”.
27 İyul 2018-ci il günorta saatlarında məni Bakı İstintaq Təcridxanasının hücrəsindən nəzarətçi səslədi ki, təcili gəl, maşın səni gözləyir, gedirsən. Nərimanov Rayon Məhkəməsinə apardılar və axşam saatlarında istintaq müddətində həbsimi daha 2 ay - 4 oktyabr 2018-ci il tarixinə qədər uzatdılar. Qarşı tərəf Daxili İşlər Nazirliyi Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi idi. Mövzu isə belə idi: Müstəntiq Şöhrət Hüseynov dedi: "Biz 13 iyun tarixində Ramin Hacılıya qarşı cinayət işi başlatmışıq. 2 epizod üzrə. Bunlardan biri Elvin Məmmədovun, digəri isə Şəhriyar Yunusovun şikayətidi. Cinayət işi başlatdıqdan sonra bildik ki, Ramin Hacılı Dövlət Sərhəd Xidmətinin vəsatəti əsasında həbsdədi. Və o işi də bizə birləşdirmələrinə müraciət etdik. Daha sonra təcridxanaya gedib Ramin Hacılının ifadəsini aldım və istintaq müddəti uzun çəkəcəyindən xahiş edirəm istintaq müddətində təqsirləndirilən şəxs kimi onun həbs müddətini daha iki ay artırasınız”.
Qeyd edim ki, müstəntiq Şöhrət Hüseynov mənim ifadəmi vəkillərimin iştirakı olmadan alıb. Ardınca söz aldım və dedim: "Möhtərəm hakim, məndən cəmi 3 şikayətçi olub həbsdən əvvəl. Biri Elvin Məmmədov. O əvvəl bizə 1000 ABŞ dolları ödəniş edib və bileti, oteli, viza xərcləri tərəfimizdən çəkilərək Avropaya səfərini təşkil etmişik. Gedib və gəlib. Daha sonra ABŞ-a getmək üçün 1200 ABŞ dolları ödəyib. Bu vəsait onun viza, bilet və otelinə xərclənəcəkdi. ABŞ səfirliyinin konsulluq şöbəsi ona imtina verdi. Elvin bizdən vəsaitin hamısını istədi. Biz ona 1040 ABŞ dolları qaytarıb bildirdik ki, öz kartından səfirliyə viza üçün 160 ABŞ dolları ödəmişik. O da bizdən şikayət edəcəyini dedi və etdi. Birincisi, bu məsələ mülkidi və cinayət tərkibi yoxdur. İkincisi, sonradan o, iddiadan geri çəkildi və şikayətini geri götürdü. Lakin İstintaq bu işi hansısa səbəbdən qabartmaqda maraqlıdı. İkinci ifadə verdiyim şikayətçi şəxs Təbriz Atamoğlanovdur ki, bizə Londona səfər etmək üçün 5.000 ABŞ dolları ödəniş etmişdi. Bu ilin fevral ayında ona Britaniya Səfirliyi viza verməkdən imtina etdi. Biz ona viza rüsumu, sığorta və tərcümə təsdiq xərclərini çıxmaqla yerdə qalan vəsaiti qaytarmaq istəsək də, o bizdən şikayət etdi. Bu günədək onun üçün xərclənən və geri qaytarılan xərc 3000 ABŞ dolları olub. Mart, Aprel, May ayları ərzində ona bu vəsaiti ödəmişəm və həbs olunmuşam. Yerdə qalan və özünün də razı olduğu 2000 ABŞ dolları miqdarında borcu da ödəyəcəkdim, əgər həbs olunmasaydım.
Üçüncü şəxs olan Yunusov Şəhriyar polis əməkdaşıdı və Avropaya 3 övladı, yoldaşı və özü getmək üçün 11.000 AZN ödədi. Bura gediş-dönüş bileti, otel, sığorta və viza xərcləri daxil idi ki, bunu edəcək olan şəxs həmin vəsaiti götürərək ölkədən qaçdı. Şəhriyar Yunusov Mart ayının əvvəlində məndən vəsaiti tələb edəndə ona real vəziyyəti desəm də, məndən şikayətçi oldu. Aprel və May ayları ərzində ona 2000 AZN ödədim. Bildirdim ki, yalnız bu şəkildə ödəyə bilərəm. Həbs olunmasam, indiyədək daha 2-3 min AZN ödəyəcəkdim. Göründüyü kimi irəli sürülən ittiham cəfəngdi və məni sərbəst buraxmağı Sizdən xahiş edirəm. Bununla həm şikayətçi olan şəxslərə, həm də mənə yaxşılıq etmiş olarsız. Əgər mən həbs olunandan sonra kimsə şikayət etsə, buna görə cinayət işinə cəlb oluna bilmərəm. Çünki qanunvericiliyə görə onların işini mən iradəm xaricində görə bilmirəm. O ki qaldı sərhədi pozmağa cəhd etməyimə, bu yalandı və bunu istintaq sübut edə bilmədi. Mənim "250 min borcum var, ona görə qaçırdım” açıqlamamdan yapışanlar bilsin ki, bunu mənə verəcəyi olan, amma bundan yayınan şəxslərə mesaj vermək üçün demişəm. Həmin gün mən sərhədə baxmağa getmişdim. Əgər ölkədən getmək qərarına gəlsəydim, Bakıya dönəcək və doğmalarımla, özümə böyük bildiyim şəxslərlə məsləhətləşib niyyətimi deyəcəkdim. Məsləhət olsa, gedəcəkdim. Niyyətə görə cinayət məsuliyyəti varmı?
Bu çıxışımdan sonra hakim fasiləyə getdi...
Və mənə hökm oxunanda gənc müstənqiqin üzünə qonan xoşbəxtlik təbəssümü...
***
Mən Bütöv Azərbaycan Ocaqlarının İdarə Heyətinin üzvüyəm. Buna qədər bizim ocaq Rəsulzadə-Elçibəy Ocağı idi. Bəli, mən Bütöv Azərbaycançıyam. Ən sevdiyim şeirin müəllifi də Elçibəydi.
Salam, ana, söylə görüm necəsən?
Dərdin mənə dağ olubdu, bilirsən?..
Bu yollardan karvan keçir, ay ana,
Qoşulmuşam bir sarvansız karvana.
Yollar haçalanır, hesabsız, saysız...
Gecə qaranlıqdı işıqsız, aysız.
Bir yurdum olaydı o tay, bu taysız
Arazda üzəydim, ana, ay ana.
Əziz güneyli həmvətənlərim, əmin olun, bir gün nə Araz bizsiz qalacaq, nə də biz bir-birimizsiz. Bu xalqın ürəyində Rəsulzadə sevgisi varsa, bu millət Elçibəy təmizliyinin vurğunudursa, mütləq Azərbaycanımız bütövləşəcək.
BAO-çu dostlarım, Tanrı sizə bu müqəddəs yolda yardımçı olsun. Rəsulzadənin heçdən bir dövlət qurmaq üçün inandığı çox az aydın silahdaşı vardı. Sayımız bizi çəkindirməsin. Mən insanın xislətini Elçibəyə münasibəti ilə kəşf edirəm. Böyük bəy təmizlik meyarımızdı. Bu təmizliyi qorumaq özü də vətənə xidmətdi. Uğurlu xidmətlər, ideyadaşlarım.
Əziz dalğaçılar! Sizləri sağ əlimin arxası ilə salamlayıram. Biz bu görüşlə sərhədlərə və tiranlara xidmət edən çərçivələrə "yox” deyirik. Biz gəncliyimizi Dalğa Gənclər Hərəkatı adı altında vətənimizə fəda etdik. Mənə inanıb çox fədakarlıq etdiz. Düz etdiz. Bu inama layiq oldum, Sizləri satmadım heç vaxt. Bu inamdan sui-istifadə etmədim. Biz azad fərd, məsuliyyətli vətəndaş və bütöv xalq şüuru üçün çarpışdıq. Biz güclü dövlətin azad vətəndaş sütunları üzərində qurulduğuna inanıb yolçuluq etdik.
Orda bir yol var uzaqda,
O yol bizim yolumuzdu.
Getməsək də, varmasaq da
O yol bizim yolumuzdu, dalğaçılar!
Bu gün getmirik, varmadıq arzumuza, fəqət hədəfimizi unutmamışıq. Çün əminik ki, bu düz, faydalı yol və müqəddəs hədəfi olan dəyərimizdi. Yeni nəsillərə ötürmək üçün qoruyun bu dəyərləri, Şərəfli dalğaçılar! Rica edirəm!
Öyrənib, sınayıb, əmin olduqlarım. İnanclı insanlar, dininizi qoruyun. Onu siyasi məqsədlər üçün istifadə etmək istəyənlər ən alçaq şarlatanlardı. Din bizim öz dəyərimiz kimi Tanrımıza bağımızdı. Bu, vicdanı oyaq insanların şərəfli yoludu. Bunu siyasi alət etmək istəyənlərlə vuruşun. Ateistlər onlardan yüz dəfə dürüstdü.
Əziz insan oğlu, səni pisliklərə vadar edən, kin, nifrət duyğunu yaradan eqosentrik xarakterindi. Bu xarakterə qarşı humanizm saçan iradəni qaldır. İnan, altruizm səni xoşbəxt edəcək. Başqalarında pislik axtarıb tənhalıq girdabında qalmayasan, özgələri ilə birləşdirən nöqtələri tapıb doğmalaşasan, bəxtəvər olub sevgi ilə yaşayasan. Başqalarına fayda verməyə başlayasan və bu sənin ruhunu gözündə böyüdəcək. Firavanlıq yalnız bu halda mümkündür.
Əziz kosmopolit, həmvətən, qlobalist, mühafizəkar, çağdaş, beynəlmiləl... fərd, mən "harda xoşbəxtsənsə, ora sənin vətənindir!” tezisinə inanmıram. Varlıq heç vaxt qərib yerdə xoşbəxt ola bilməz. Sadəcə rifahı düzələ, hüzur tapa bilər. Bir misal; hazırda həbsxanadayam və burada məhbuslar arasında olan ədalətli paylaşım, bir-birinə yardım məni məsud edir, ancaq burada xoşbəxt deyiləm. Rifah bəxtəvərlik deyil. Bəxtəvərlik özünü ifadə etmədən olmur. İnsan azadlığı uğrunda özünü ifadə etmək üçün mübarizə aparır. Kimsə vətənindən kənarda birinci sort insan kimi özünü tam ifadə etmədən, mütləq azadlığına çatmadan xoşbəxt ola bilməz.
Əziz, mühacir dostlar. Vətən nə qədər problem içində olarsa, o qədər çox sevgiyə ehtiyacı var. Ramiz Rövşənin bənzətməsi ilə desək, "zorlanmış qadın kimi olanda vətən”, onun daha çox nəvazişə ehtiyacı olur.
Köhnəlmiş, məntiqlə və ya elmlə izahı olmayan klişeləri atmaq, köhnəliklərdən xilas olmaq, xırda dərdlərdən uzaq durmaq, anlayışlı xarakteri formalaşdırmaq sağlam cəmiyyəti formalaşdıran fərdin işidi. Bu alma ilə simvollaşdırdığımız "xoşbəxtlik diyarı” üçün hər bir fərdin üzərinə düşən vacib vəzifədir. Risk edib, səhvdən qorxmayıb, fədakarcasına öz canını, ruhunu, şüurunu insanlığa həsr edənlər müqəddəs dəyərlər üçün gəncliyini xərcləyənlərdi. Bu halda Rafiq Tağı deyir: "Qopduğunuz budaqları deyil, sizlə qopan yarpaqları sevin” . Etdiyiniz əməldə niyyətinizin saflığına inanan müdrik, səhv axtaran budaqdı. Müdriklərin kamillik zirvəsi hədəfimiz, şəxsiyyətləri nümunəmizdir. Gənclik səhvi riskə olan marağından doğar və bu körpə təmizliyi geyimindədir. Əzizlərim, nə olur olsun, vətəndən, dövlətdən, ölkədən, həyatdan, insanlıq dəyərlərindən küsmək olmaz. Düşmən hesab etdiyimizlə mübarizədə şeytanla əməkdaşlıq da yolverilməzdi.
Əziz müxalifətçilər, həbsxanada kartoçkamın üzərinə xüsusi qeyd yazıblar - "müxalifyönlü”. İlk dəfə bunu görəndə yadıma Türkiyənin Bursa şəhərində keçirilən Türkiyə-Ermənistan futbol oyunu düşdü. Bursa rəhbərliyi Azərbaycan bayrağını qadağan etmişdi. 4 gün üç rəngli bayrağımızla Bursa küçələrini dolandıq, konfrans keçirib bunu yanlış qərar kimi izah etdik, KİV-də çıxışlarımız oldu və s. Nəhayət oyunun keçirildiyi stadiona bayraq keçirməyi bacardıq və onu düz Abdulla Gül və Serj Sarkisyanın qarşısındakı tribunada açdım. Türk polisi barəmdə araşdırmaya başladı və müxalifətçi olduğum üçün sərbəst buraxdı. "Dövlət görəvləndirməyib, zatən Bakıda da protestoçudu” dedi araşdırmanı aparan polis öz rəisinə. O səfərə maliyyə yardımı göstərmiş Voleybol üzrə yığmamızın üzvünə sonsuz təşəkkür edirəm. Hələ də bilmirəm o gözəl rus xanım məni bu qədər sevdiyindən, yoxsa Azərbaycana bağlılığından dəstək olurdu? Vəzifəmin öhdəsindən gəlib alnıaçıq Ankaraya gedib Rəsulzadəyə hesabat verib Bakıya dönür və birdən baxıram ki, müxalif cami bəyanat verir ki, Ramin Hacılını iqtidar böyük sərmayə xərcləyərək öz maraqları üçün Bursaya göndərib. Bu kimi olaylar çox olub.
Dostlar, bizi ayıran cəmi iki amil var. Birincisi, mən klassik metodologiya – inqilabla yox, təkamül – iştirakçı demokratiya ilə inkişafa tərəfdaram. Təki bu hakimiyyət getsin deyib şeytanla da əməkdaşlığa razı olmaq vətənə xəyanətdi axı. Niyə mən bu tezislərlə razı olmadığım halda sizinlə addımlamalıyam. Və ən əsası, fikir ayrılığına görə sizinlə olmayanı nə üçün ləkələməyə çalışırsız?! Bu ki bolşevik təfəkkürüdü.
Haşiyə: Bunu deyib deməməklə bağlı çox düşündüm. Amma bəlkə də bu son məktubumdu deyə açıqlamalıyam. Düzdü, açıqlamadığım, özümlə məzara aparacağım çox nüans var, ancaq bunu deməliyəm. 2011-ci ilin qışından etibarən Ərəb ölkələrində başlayan dəyişiklik dalğası Azərbaycana da təsir edirdi. Həmin vaxt yəni 2011-ci ilin fevral ayında ABŞ-ın Azərbaycandakı səfirliyindən mənimlə əlaqə saxlayıb təşkil olunacaq müxalif mitinqlərdə iştirakımız tövsiyyə olundu. Mən bundan imtina etdim və inqilablarla heç bir halda uğurun mümkün olmayacağını əsaslandırdım. Ertəsi gün "Seçdiyimiz rənglər” adlı yazı yazdım və musavat.com saytında 1 gündə 16 mindən çox oxundu. Baş verən 2011-ci il mart olaylarına dair öz fikirlərimi öncədən bəyan etdim. Ardınca 300 nömrəyə - o zaman bizim şəbəkəyə daxil olan, aktiv gənclər qrupuna sms yollayaraq mitinqlərə qatılmamağa çağırdım. Həmin günün sonunda Azadlıq Radiosunun "İşdən sonra” verilişinə dəvət aldım və aparıcı Xədicə İsmayıl sms göndərərək "Xalq Hərəkatı”na mane olmaqda ittiham etdi. Lakin zaman göstərdi ki, bizim mövqe daha doğru idi və proqnozlarımız özünü doğrultdu. Bu olaydan sonra ABŞ fondları bizə qrant verilməsini dayandırdı və iqtidara yaxın qüvvə kimi öz siyahısına əlavə etdi. Həmin ilin sonlarında biz də öz növbəmizdə ABŞ-la deyil, Avropa ilə əməkdaşlığın prinsiplərimizə daha uyğun olduğu qərarını qəbul edib Avropa Hərəkatının Azərbaycan nümayəndəliyini təsis etmək üçün hərəkətə keçdik.
Mənim ilk danışıqlarımdan sonra 2012-ci ilin Fevral ayında BAH-ın prezidenti, Avropa Parlamentarisi Cənab Co Laynen Bakıya gəldi, Konqresimizə qatıldı və idarə heyəti ilə qapalı görüş, şəxsi danışığımız sonrası 21 fevral tarixində Azərbaycan Prezidenti Cənab İlham Əliyevin qəbulunda oldu. Qəbuldan sonra mənimlə görüşdə bildirdi ki, bizim nümayəndəliyin fəaliyyəti üçün hazırladığımız fəaliyyət planını və heyəti bəyənib, bu barədə Cənab İlham Əliyevə məlumat verib. Bununla da rəsmi prosedurlara start verildi və bizim nümayəndəlik 3 səs hüququ ilə BAH-a 2012-ci ilin sentyabr ayında tam hüquqlu üzv oldu. Elə həmin il ATƏT-in Bakı ofisinin maliyyə yardımı ilə 14 bölgədə öz klublarımızı yaratdıq. Onlarla yerli və beynəlxalq layihələr etməyə başladıq. Bu gün də bu fəaliyyətlər davam edir. "Selektiv abortlara qarşı mübarizə”, "Erkən nigahlar”, "Azərbaycanı dünyada necə tanıtmalı”, "Avropa klubu” hazırda əsas layihələrimizdi. Bu istiqamətdə Maliyyə yardımını Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası və Avropa Komissiyası tərəfindən edilir. Vaxtınızı çox almamaq üçün hadisələri tam detallı yazmasam da, məncə, aydınlıq gələcək hər bir nüans qeyd olunub.
Əziz dostlarım! "Dost” deyəndə bu günədək qazandığım çiyindaşlarımı nəzərdə tuturam. Çiyinlərimizdə daşıdığımız bizim dəyərlərimizdi. O dəyərlər ki, bizi bir-birimizə bağlayır və çiyindaş edir. Sizlərin mənim barəmdə dedikləriniz, etdiklərinizdən qismən haliyəm. Minnətdaram hər birinizə. Əmin olduğunuzu bilirəm və bilə-bilə bir daha yazıram; Bizim dəyərlərimiz xəyanəti, qeyri-insanlığı, səmimi olmayan heç nəyi, sevgisiz yaşamı, pozitiv kökü olmayan inancları inkar edir. Bunu xarakterizə etmək üçün də delfini simvol seçirəm. Sizdən ricam, məni atamın məzarı yanında dəfn edin və başdaşıma delfin şəkli çəkdirin. Qoy bu, bizim əbədi bağımızın rəmzi olsun.
Sevgili dostlarım! Əgər hansınızınsa çağırışına fayda verə bilmədimsə, üzrlü sayın. Əmin olun obyektiv səbəb olmasa, qulluğunuzda olardım. Lütfən, əmin olun! Sizlərdən xahişim anamı, ailəmi tək qoymayın. Ruhum Sizlərin mələyi olmaq üçün çarpışacaq. "Mərdlik, cəsarət bəzən bizləri tək edir”. Bu cümləni oxuyanda qorxmuşdum. Yalnız yaşadığım 35 il əksini göstərdi. Nə qədər mərd olsan, iradən cəsarətlə davam etsə, bir o qədər cəsur, dürüst insanlar qazanacaqsan.
Bəzi virtual dostlarım ilə real çiyindaş ola bilmədik. Görünür, qismət deyilmiş. Bəlkə də Tanrı bizə bunun üçün şans verəcək.
Axı Tanrı sevgi dolu məqsədlər üçün şans verəndi.
Axı biz ülvi dəyərlər üçün çalışmaq, fayda vermək, vətənin övladlarına sahib çıxmaq üçün yaşayırıq.
Axı biz sevgi bəxş edib, insanlığa xoşbəxtlik daddırmağa görə yola çıxmışıq.
Tanrı Sizləri qorusun, insanlar, vətəndaşlar, sevgililər, ailəm, doğmalarım, dövlətim, dostlarım, məhbəs yoldaşlarım. Var olun! Hazırkı vəziyyətimlə bağlı bir mötərizəni xüsusi qeyd etməliyəm; Necə ki, bir dəfə Avropa Məhkəməsində qazandım və dövlət büdcəsindən vəsaiti qəbul etməkdən imtina etdim. Eləcə də həm icbari iş veriləndə, həm də indiki istintaq dövrü, həbs qərarı ilə bağlı Avropa Məhkəməsinə müraciət etməmək barədə vəkillərimə təlimat vermişəm. Dövlətimin mənə verəcəyi cəzanı da, vəzifəni də elə olduğu kimi qəbul edib, haqqım üçün əgər gücüm olsa, vətənimdəcə vuruşacam.
Əziz Anam, salam. Bağışla, səni tək qoymuşam. Sənə bir ev belə edə bilmədim. Elə bildim hər zaman yanında olacam, korluq çəkməyəcəksən. Rəhmətlik ata ilə düzəltdiyimiz o daxmanı belə qoruya bilmədim. Əşyaların – sevdiyin xatirələrin yandırıldı. Cəhd etdim, ana, çalışdım, amma qoruya bilmədim. Səni kirayələrdə qoyub həbsə getdim. Sən mənə "oxu” deyirdin a, dəstək olub həvəsləndirirdin. Ata xəstə yatırdı, gecələri işləyir, gündüzləri oxuyurdum. Fağır anam, bəs bilmirdin oxuduqlarım mənə dəyər qazandırır?! Avam anam, bəs bilmirdin təhsil tərbiyəsi insanlığa sevgi bəxş edir?! Sadəlövh anam, bəs bilmirdin insan oxuduqca həqiqətə bağlanır?! Rahat ol, ana, bağlandığım həqiqətin silahı sevgi, məlhəmi azadlıqdı. Ana tərbiyən öyrətdi ki; Sənin qədər sevməliyəm ki, vətənim sağlam olsun. Sənin qədər sevməliyəm ki, dövlətim qdrətli olsun. Xanımını anan qədər sev ki, faydalı övladın olsun. Adamları anan qədər sev ki, insanlıq xoşbəxt olsun.
Əziz anam, Karnegi deyir ki, nə qədər dostun varsa o qədər varlısan... Sən həm də mənim dostlarımın anasısan, onları məndən ayırmamısan. Tək təsəllim budur, mənə nəsə olsa dostlarımdan mənim xoş xatirələrimi eşidib fərəhlik tapacaqsan. Özünü qoru, anam. Sənin oğlun şərəflə yaşayıb, mərdliyini həyat tərzinə çevirib. Başını dik tut, qürurla xoşbəxt yaşa.
Canım, Sevgilim Əlizadə, mən səni işlərimdən uzaq tutmağa çalışmışam. Çətinliyə düşən kimi səndən qaçır, problemlərimi həll etməyə çalışırdım. Sən heç bir sorun yaşamayasan, İzelimizə köklənib vətənimizə yaxşı övlad verəsən, yaradıcılığında pozitiv notlara üstünlük verib, optimizm yayasan. Saxtakarlıqları çox gördüyündəndi cəmiyyətimiz bizim evliliyə məqsədli və müvəqqəti kimi yanaşırdı. Artıq 4 ildi davam edən ailə həyatımız, beş ili keçən münasibətimiz boyu mənə yaşatdığın gözəl xatirələrə görə sənə çox minnətdaram. Əgər sənə qarşı hansısa səhvim olubsa, haqqını halal et. Bil ki, səni səmimi qəlbdən sevmişəm hər zaman. İnanmışam ki, bir gün problemlərimi həll edib düzənli həyat yaradacam və daha bir övladımız olacaq. İzelin mənə ata deməsi, məktəbdə fəxrlə atasından danışması ruhumu sığallayıb. Halımdakı bütün gülümsəməmi İzelə borcluyam. Onun şən halı ilə mənə "Yamin” deyib nəsə istəməsini yadıma salıb gülümsəyirəm indi. Sən güclü qadınsan, Aysel. Bütün gücünü övladlarımıza yönəlt. Bağışla ki, sənin yanında ola bilmirəm... bağışla. "Uca Tanrım, etdiyim bütün yaxşılıqların əvəzində doğmalarıma xoşbəxtlik bəxş et!” Tək duam budur. Üzündə hər zaman gülüş olsun, Əlizadə. Sənin ərin heç kimə, nə də sənə xəyanət etməyib. Xainlik etməyib. Buna əmin ol, Xatunum! Sağ ol.
Əziz qardaşım, Emin! Biz çox xoş günlər yaşamamışıq. Səni xatırlayanda atamızın cənazəsini Bakıdan Füzuliyə dəfn üçün apararkən maşının kuzasında cənazəni qucaqlayıb ağlamağımız canlanır gözlərimin qarşısında. Sənə sevdiyin işdə xoşbəxt olasan deyə kompüter aldım, dizayner kursuna yolladım, ali təhsil aldın, işə düzəldin, ailə həyatı qurdun, övladın oldu. İstədim vətənində xoşbəxt olasan. Ola bilmirdin. Çalışır vuruşur, normal saatdan çox işləyirdin, amma haqqını ala bilmirdin. Səni Almaniyaya yola saldım. Yoldaşında olan sağalmaz xəstəliyə görə humanitar oturum aldınız. Alman həkimləri ona yardım edir. Alman dövləti sizə sahib çıxdı. Himayəsinə aldı. Sən çox təəccüblənirdin ordakı münasibəti görüb. İnsana olan sevgini və hörməti görüb heyrətlənirdin. Hə, belə də olur, Emin. Mən belə olacağını, sənin orada xoşbəxt olacağını, mənim burada xoşbəxt olmayacağımı bilirdim. Mən adamlar bu ölkəyə "xaraba” deyəndə əsəbləşirdim. İndi "xaraba” deyən o qədər çoxdu ki, əsəbləşə bilmirəm. İnsanlar vətənlərinə "xaraba” deyirlər, Emin. Təsəvvür edirsən? İnsanlar özlərini xarabazarlıqda hiss edirlər. Sən neçə dəfə dedin ki, get oradan. Vətənimi qoyub gedə bilmədim. Mənə Azərbaycansız yaşamaq çox çətin olardı. Səni də orada rahat buraxmadım. Gah Novruz şənliyi, gah Həmrəylik günü, gah da Müstəqillik günü təşkil etməyi, azərbaycanlıları bir araya toplayıb vətən üçün təşkilatlanmağı istədim səndən. Etdin, çox sağol! Beynəlxalq Avropa Hərəkatının toplantılarına göndərib Azərbaycan üçün çalışmanı istədim səndən. "Gərək biz elə edək ki, övladlarımız da, yeni nəsil də səhhəti üçün xaricə üz tutmasın!” deyirdim sənə. Bax, bunu unutma, qardaşım. Hər addımında Azərbaycanımızı düşün. Vətənimizə fayda ver. Anamızı sevdiyin qədər sev Azərbaycanı. Mənə görə pis olma. Sən zəhmətkeş, təmiz və yaxşı insansan. Sənə görə Tanrıma minnətdaram. Mənə yaxşı qardaş bəxş edib. Gözüm sənə görə arxada qalmayacaq deyə var ol, qardaş. Əziz qardaşım, Emin, necə ki, anamıza, eləcə də mənim ailəmə qayğı göstər. Göz bəbəyin kimi bu vəzifəni yerinə yetir. Tanrım sənə yardımçı olacaq, əminəm. Gül balan Fatimə həbsxanaya gəlib əmisini gördü və ona ürək şəkli şəkib hədiyyə etdi. İzel də sənə əmi desin istərdim. Qızımı qoru. Əmi olmaq gözəl duyğudu.
Əziz müştərilərim, bilirəm ki, məndən şikayətçisiz. Haqlısız. Bəli, mənə güvənmisiz. Əmin olun ki, yanılmamısız. Düz etmisiz. Səhvim onda oldu ki, mən də güvənib işləri görmək üçün başqalarına həvalə etdim. Bu bir ildə başıma çox iş gəldi. Çox böyük çətinliklərə düşdüm. Çox aldandım, müflis oldum. Üstəlik, mənə inanan insanların yanında pis vəziyyətdə qaldım. Mən bu inamı illərlə, zəhmətim, ağlım və savadımla qazanmışdım. Çox adamın dəstəklə, geniş imkanlarla edə bilmədiyi böyük işlər gördüm. Maneələr olmasaydı vəziyyət bu yerə çatmayacaqdı. Borca düşdüm və borcumu qaytarmaq üçün çox riskə getdim. Yalnız etdiyim xəyanət, aldatma deyil, səhv oldu. Sizlər bəzən çox aqressiv olub küyə gedirsiz. Düşünmürsüz ki, bu günədək heç kimin haqqını yeməyən Ramin sizin üçün vətənindən uzağa gedib işləməyi planlaşdırıb. Sizlər yaxşı bilirsiz ki, edilən təkliflərə baxmayaraq mən sizi ayağa vermərəm. Susaram... Ən yaxşı bildiyiniz isə odur ki, əgər yaşasam, vicdanım qarşısında təmiz olum deyə sizə kömək etmək üçün öhdəmə götürdüyüm, lakin yarımçıq qalan, edə bilmədiyim işlərə görə etdiyiniz ödənişi mütləq geri qaytaracam.
Əzizlərim, bunu kiminsə təzyiqinə görə yox, vicdan rahatlığı üçün edəcəm. Tanrı vicdanımızı qorusun!
Əziz qohumlarım! Siz şahidsiz ki, mən babamı, nənəmi, tək əmimi, sevimli bibimin övladını və yoldaşını, atamı, ana babamı 7 ilin içində ard-arda, gəncliyimin ilk illərində itirdim. Sevimli əmimdən doydummu? Bibim oğlu Şahinlə doyunca oynadımmı? Babalarımın, nənələrimin söhbətləri qulağımı bəslədimi yetərincə? Atamın böyüklüyünü daddımmı ürəyimcə? Bibimin yoldaşına Exi əmi deyib kifayətləndimmi? Mən onlar qədər darıxdığım qədər onlar da mənsiz sıxılır, əminəm. Necə ki, həbsdə olanda sevdiklərinin dadına çata bilmirsən, eləcə də məzarda...
Mən sizi daha yaxşı anlayıram indi, cansız sevimlilərim. Bir də çox istərdim sizi bir yerdə xoşbəxt görüm, qarşılayım, qulluğunuzda durum, doğmalarım.
Dəyərli qrup yoldaşlarım! Biz 11-ci qrupda oxuyurduq. 4 il ərzində 11-ci qrupu sıradan olmayan, öz haqqı və hüquqları uğrunda savaşan, təhsilə önəm verən, ən əsası, elmi, dəyərləri, prinsipləri olan tələbələrin necə olduğunu göstərdik. Biz İz qoyduq. Tək özümüzün yox, bütün tələbələrin rüşvətsiz, çağdaş təhsil sistemi üçün vuruşurduq tələbə canımızla. Dostlaşdıq, çiynimizi bir-birimizə söykəyib imtahanlara birgə, bir evdə hazırlaşaraq, nəyimiz varsa, paylaşaraq bütöv olduq. Çox təəssüf ki, məzun olduqdan sonra çoxunuz xarici ölkələrə iş dalınca getdiniz. Tez-tez toplana, xoşbəxt anlar yaşaya bilmədik. Sizlərlə olan o gözəl xatirələrə görə sonsuz minnətdaram. Bu gün də davam edən mehribanlığımız, dostluğumuz var. Nə gözəl ki, Sizlə məni qovuşdurdu Tanrım. Var olun! Bəli, 11-ci hər zaman birincidi.
Əziz əməkdaşlarım! Siz yaxşı bilirsiz ki, mən heç vaxt sizə "işçim" deməmiş və işçim kimi baxmamışam. Biz bütün fəaliyyətimiz boyu mərdliyimizi qorumağa, verdiyimiz sözü tutmağa müvəffəq olmuşuq. Son vaxtlar "qara palasa” adlandırdığımız çətin günlər yaşadıq. Çox təəssüf ki, düşdüyümüz vəziyyətdən çıxış yolu tapa bilmədik. Nəticədə 16 nəfərin işsiz qalması mənim ən çox təsirləndiyim amillərdən biridir. Bir dostunuz kimi haqqınızı halal etmənizi, qazandığınız təcrübəni vətəninizin inkişafı üçün istifadə etmənizi rica edirəm. Tanrı Sizlərə yar olsun.
Vətənimin sahibi, sevimli dövlətim! Mən amorf deyimləri qəbullanmıram. "Vətən” deyəndə torpağı, daşı yox, üzərindəki vətəndaşı, "dövlət” deyəndə idarə qurumlarını deyil, vətəndaşların məsuliyyətini çiynində daşıyan şəxsiyyətləri nəzərdə tuturam. Həmişə inanmışam ki, "hüquqi dövlət” deyəndə prezident məmurlardan qanunlarla yanaşı vətəndaş və dövlət maraqlarını da əsasa almalarını tələb edib. Qanunlar dövlətindən fərqli olaraq hüquqi dövlətdə insanın şəxsiyyəti, ailə vəziyyəti, cəmiyyətə və bəşəriyyətə faydalılıq dərəcəsi də nəzərə alınır. Tanıdığım və əvvəllər yaxın münasibətim olduğu üçün əminliklə deyə bilərəm ki, bu gün Azərbaycana müxalif olanların çoxu məmur təzyiqlərindən cana gələnlərdi. Bunu yaxın dostlarım olan media sahiblərinə də demişəm hər zaman. Dəyərlərində davamlı olmağı xahiş etmişəm. Bəlkə bir də imkan düşməyəcək, ölümü seçərəm, amma heç kim məni Azərbaycana müxalif edə bilməz. Hətta vətənimə xidmət yolundan döndərə bilməz. Düşmənləri çox olan ölkəmizə sahib çıxmaq şərəf məsələmizdi. Qeyrətimizin ölçü meyarıdı. Əminəm ki, öz vəzifəsini, biznesini yox, dövlətimizi düşünən şəxsiyyətlər nə demək istədiyimi bilir.
Bu sözlər Sizlərə intihar təsiri bağışlaya bilər. Yox, xanımlar və bəylər, bu, sadəcə ola biləcək bir ölüm öncəsi demək istədiklərimdi. Hər birimizin dadacağı ölümdən öncə demək istədiklərimiz var.Mən olnları dedim. Tam olmasa da, bacardıqca yazdım.
Özümü güclü insan hesab edirəm. Həmişə düşünmüşəm ki, Tanrı bir insana güc veribsə, başqalarına kömək üçün şanslandırıb demək.
Başqalarına xidmət üçün istifadə etdiyimiz gücümüz özümüzü xoşbəxt edir hər durumda. İntihar bu xoşbəxtliyin qarşısında acizdir!
Heç ağlıma belə gəlməzdi ki, Nitşe, Kafka, Ceyms Coyse ... pessimizmini dadacam. Nə yaxşı ki, nihilist yanaşmaya Turgenevin Arkadisi kimi qədəm qoymadım. İntihar, sevdiklərindən qaçış, özünü ittiham, yaxşılığa inamsızlıq, humanizmin eqosentrizmə məğlubiyyətini labüd sanma kimi fikirlər ruhuma hakim kəsildi. Çıxış yolunu ideya savaşında görüb yeni yola çıxıram. Yol qapıları bərk bağlı olan həbsxanadan başlayır mənim üçün. Bəlkə də bunun simvolizmi əlavə güc verir, bəlkə də həbs olunmasam, bu qədər düşünə, sevdiklərimi xatırlaya, "son sözünü demək üçün hər zaman vaxt azdı" düşünməyəcək, ölümün gözlə qaş arasında olduğunu bu qədər çılpaq dərk etməyəcəkdim.
İlk işim sevdiklərimə ruhumun ritmini çatdırıb, bildiyim həqiqətləri olduğu kimi qələmə almaq oldu...
Həbsxana çətinlik dadmış insanlara məşəqqət yaşatmır, sevdikləri insanlara fayda verə bilməmək iztirabı çəkdirir.
Bu ruh halımla yazdıqlarım barədə verdiyim qərarı doğru hesab edirəm. Çünki hörmət etdiyimiz şəxsiyyətlərin üstün cəhətləri də səmimi ola bilmələridi.
P. S.: Bu məktubu Bakı İstintaq Təcridxanasından yazıram. İnanıram ki, həqiqət bizi müflis edə, tükədə və hətta öldürə bilər. Yalnız biz doğruları deməkdən çəkinməməli, bunun verəcəyi faydanı canımızdan üstün tutmalıyıq.
Sayğılarla, Ramin Hacılı.
Bakı, İstintaq Təcridxanası.
Şərhlər