Millimiz sabah AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində növbəti matçına çıxacaq. Bakıda İsveç yığmasını qəbul edəcək yığma, sonuncu matçını bundan bir neçə gün sonra səfərdə Belçikaya qarşı keçirəcək. Təbii ki, komandamızın cari qrupdakı yeri aşağı-yuixarı demək olar müəyyənləşib. Daha doğrusu, nə İsveç, nə də Belçika üzərində qələbə De Byazinin rəhbərlik etdiyi millini final mərhələsinə çıxaracaq. Bəs belə alan halda nəyə ümid edə bilərik? Ümumiyyətlə milli bu qrupda nəyəsə nail ola bilərdi?
Bu suallar ətrafında yığmamızın sabiq futbolçusu Ceyhun Sultanov fikirlərini bölüşdü. Veteran pleymeyker Qaynarinfo-ya açıqlamasında bu nəticələrə cavabdehlik daşıyanları tənqid etdi:
"Ümid etmək nə deməkdir? Tutaq ki, xal götürdük. Mən ümumiyyətlə hansısa tsikldə qrupdan çıxa bilməyəcəyimiz müəyyənləşəndən sonra xal götürmək barədə danışmağı xoşlamıram. Gözləyirik ki, nə vaxt xal qazanacağıq. Nə qədər olar? Hər il boş-boşuna hansısa rəqibdən xal qopardırıqsa, bu gediş deyil axı. Sonra da məni qınayırlar ki, yığmaya inanmıram. Hər il eyni şey davam edir. İsveçi məğlub etmək, bizə nə verəcək? Robert Prosineçki bundan daha çox xal toplamışdı. Geriləyirik axı, irəliləmirik. Mən də millinin irəli getməsini istəyirəm. Sadəcə, həqiqətləri qəbul etmək istəmirlər. Hamı deyir ki, xal alsaq yaxşı olar. Bəs sonrası? Bu, sadəcə, müsahibələrdə olur, turnir cədvəlinə təsir etmir axı. Əlbəttə, millinin reytinqinin yüksəlməsi mənə də xeyirdi. Çünki işimlə əlaqədar olaraq, istər-istəməz milli komandaların reytinqinə baxırlar. Necə deyə bilərəm ki, udmayaq? Hamı kimi mən də bunu istəyirəm. Amma bir dəfə udmaqla reytinqdə irəli gedə bilməzsən. Gözləyirik ki, bir oyunda qələbə qazanıb, reytinqimizi saxlayaq. Belə olmur”.
Sultanov baş məşqçinin çoxdan göndərilməli olduğunu söylədi:
"AFFA baş məşqçi ilə sonuncu dəfə müqavilə imzalayanda, bəzi insanlar De Byazinin tərəfini tuturdular. Ona vaxt vermək lazım olduğunu, komandanı daha yaxşı tanımağa başladığını deyirdilər. İndi həmin adamlardan soruşmaq lazımdır ki, "Bəs nə oldu?”. İndi onu göndərmək də düzgün deyil. İki oyun qalıb, niyə təzminat ödəsinlər? Bu oyunlardan sonra onunla sağollaşmaq lazımdır. Çünki faydası olmayacaq. Bir il əvvəl, qrupumuza hansı rəqiblərin düşdüyünü öyrəndikdən sonra De Byazi ilə müqavilə bağlayıb-bağlamamaq haqqında fikirləşmək lazım idi. Onsuz da De Byazinin yerinə kim gəlsəydi belə, bu qrupdan çıxa bilməyəcəkdik. Artıq xərc çəkdilər. Ondansa, bir il yerli məşqçi çalışsaydı, daha faydalı olardı”.
Keçmiş futbolçu baş məşqçinin son açıqladığı heyətə də toxundu:
"Nə futbolçumuz var ki? Ola bilər bir-iki nəfəri çağırmayıblar. Gənc Səbuhi Abdullazadəni dəvət ediblər. Lap yaxşı, amma bu heyətlə qrupdan çıxmaq şansımız yoxdur. Baxın, gələcəyimiz sayılan U-19, U-17 millilərimiz öz yaşıdlarına böyük hesabla uduza-uduza gedir. Sizə bir misal çəkim, səhv etmirəmsə, 1994-cü ildə U-16 millimizin qrupuna Estoniya və Rumıniya düşmüşdü. Estonlara üç qol vurduq. Hətta qollardan birinin müəllifi mən oldum. Rumıniya ilə oyunda isə penaltidən fərqlənə bilmədik. Ancaq onlar bizi əks-hücumda yaxalayıb, penaltidən qol vurub keçdi. İndi Slovakiya kimi komandalar bizim 16-17 yaşlı futbolçulara beş qol vurub gedir. Daha da geri gedirik. Sonra da deyirik xarici məşqçi gəlsin. Xarici məşqçi o vaxt fayda verər ki, sənin başqa ölkələrdə 10-15 legionerin olsun. Yəni 70-80 nəfərin arasında seçim etmək imkanın olsa, qrupdan çıxmaq şansı da yaranar. Bu gün heyətdəki futbolçuların 80 faizi Azərbaycan çempionatında oynayır”.
O, ölkədə kadr və futbolçu çatışmazlığı olduğunu vurğuladı:
"Çox şey çatışmır. Daş atrısan məşqçiyə dəyir. Amma onların nə qədəri keyfiyyətli, bacarıqlı və savadlıdır? Belələri barmaqla sayılacaq qədərdir. Halbuki hamısının lisenziyası var. Futbolçu baxımından ümumiyyətlə qıtlıqdır. Aşağıdan gələnlər hər oyunda öz yaşıdlarından 3-5 qol buraxırsa, deməli, yuxarı qalxdıqca daha pis olacaq. Çünki rəqiblər Avropada daha yaxşı klublara gedəcək, bizim futbolçular isə Azərbaycan çempionatında oynayacaq. Heç beş ildən sonra da qrupdan çıxa bilmərik. Çünki əsas mərhələyə çıxmaq üçün kökümüz, fundamentimiz yoxdur. Futbolçularımız var, amma bizi qrupdan çıxaracaq keyfiyyətdə olmayacaq. Bunun isə bir yolu var - azərbaycanlı futbolçular legioner həyatı yaşamalıdır. Başqa cür mümkün olmayacaq. Bu bizim mentalitetimizə xasdır. Çünki öyrəşmişik ki, pul alıb yerli çempionatda oynayaq. Futbolçularımızın beynindəki budur. Hazırda Mahir, Renat Dadaşov, Coşqun Diniyev və Bəxtiyar Həsənalızadə legionerdir. Coşqunla Bəxtiyar Türkiyənin aşağı dəstəsində oynayır. Bu oyunçularla qrupdan çıxmağı düşünürük? Mən belə nağılları nəinki oxumuşam, onların kitabını yazıram. Əfsuslar olsun ki, başbilənlər də həmin nağıllara qulaq asırlar. Çünki o "kitabdan” xəbərləri yoxdur”.
Səbuhi Həsənov
Şərhlər