Albaniya millisi Canni De Byazinin rəhbərliyi ilə Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmışdı. İtalyan çalışdırıcı da bunu əlində bayraq edib, özünün yaxşı mütəxəssis olduğuna bizi inandırmağa çalışırdı. Dünən səfərdə Moldova ilə bərabərə qalan Albaniya millisinin E qrupunda ilk iki yerdən biri tutacağı rəsmiəşdi. Bu isə o deməkdir ki, Ansi Aqolinin həmyerliləri tarixlərində ikinci dəfə qitə çempionatının final mərhələsində iştirak edəcək xoşbəxtlər arasında olacaqlar.
Albaniya millisinin qazandığı növbəti uğurda hansısa sensasiya izi axtarmağa dəyməz. Avropanın cənub-şərqində yerləşən və təxminən 3 milyon nəfər əhalisi olan Albaniya özünün istedadları ilə məşhurdur. Onlardan bir neçəsi də zaman-zaman Azərbaycana qədər gəlib çıxıb, bizim zəngin klublarımızın formasını geyinib. O cümlədən də Ansi Aqoli Avropa çempionatının finalına "Qarabağ”ın futbolçusu kimi yollanmışdı. Zənnim məni aldatmırsa, Aqoli həmin vaxt finala yüksələrək tarix yazan millinin kapitanı idi. Sözümün canı odur ki, Albaniya millisinin həmin vaxtkı uğuru təkcə Canni De Byazinin adıyla bağlı deyildi, italyan zibildən konfet düzəltməmişdi. İstedadlı alban futbolçular milli komandanın formasıyla əzmkarlıq edib, sonadək döyüşmüşdülər və tarixi uğura imza atmışdılar.
Dünənki uğur da bu sistemli işin, əzmkarlığın davamı idi. Bu dəfə Albaniya millisinin sükanı arxasında Canni De Byazi, yaxud da onun kimi hansısa italyan çalışdırıcı dayanmayıb. Uğurun memarı 49 yaşlı braziliyalı Silvinyodur. 2023-cü ilin yanvarından Albaniya millisinə başçılıq edən mütəxəssis güzəştsiz mübarizəyə hazır olan komanda hazırlayıb. Albanların oktyabrın 12-də əsas rəqibləri çexlərin qapısına üç cavabsız top vurublar. Bundan təxminən bir ay öncə isə Polşa millisi Albaniyaya 0:2 hesabıyla uduzub. Çexiyaya səfərdə də uduzmayan albanlar məhz bu üç oyundakı uğurlu nəticələrlə final mərhələsinə doğru əhəmiyyətli addım atıblar. Nəticəsi də göz önündədir.
İmkanınız olsa, Silvinyonun bu böyük uğurun sevincini necə yaşadığına baxın. Adam qitə çempionatının finalına vəsiqəni sona bir tur qalmış təmin edib, amma heç kimə təpik atmır, heç yeri vurub-sındırmır. Silvinyo Albaniya millisinə dəstək verən azarkeşlərə yaxınlaşır, onların əllərini sıxır, təbrikləri qəbul edir, sevincini bölüşür. Sadə və əsl peşəkara yaraşan şəkildə. Yaxşı başa düşür ki, Albaniya millisinin Avropa çempionatının finalına vəsiqə qazansa da, bu uğurdan başgicəllənmə olmamalıdır. Hələ böyümək, daha da güclənmək, inkişaf etmək lazımdır. Bundan sonrakı hədəflər final mərhələsində yaxşı çıxış etməkdir.
Azərbaycan millisi nəticəsi turnir cədvəlində heç nəyi həll etməyən oyunda İsveçi 3:0 hesabıyla üstələdi. Əlbəttə, bizim üçün böyük qələbədir. Bu qələbənin miqyasını kiçiltmək fikrində deyiləm. O cümlədən də Emin Mahmudovun vurduğu gözəl qolun bizə bəxş etdiyi sevincin. Amma ki, biz nəinki final mərhələsinə vəsiqə üçün mübarizə aparmırıq, heç buna çalışmamışıq da. De Byazi ilk gündən "Belçika, Avstriya, İsveç milliləri qrupumuzun favoritidir, onlarla mübarizə apara bilmərik” deyərək, bizi alçaldıb. Buna baxmayaraq, AFFA italiyan qocanın başına sığal çəkib. Nə bu sözlərinə görə, nə də millinin böyük hesablı yenilgilərindən sonra ondan hesabat soruşan olmayıb. De Byazi də öz saymamazlığına davam edib. İş o yerə gəldi çatdı ki, Eminin qolundan sonra hisslərini cilovlaya bilməyən italyan Azərbaycan futbolunun dəyərlərindən, tarixdə iz qoyanlarından biri olan Arif Əsədova təpik atdı. Bir anlıq düşünürsən ki, De Byazi Silvinyo kimi bizə final mərhələsinə vəsiqə qazandırsaydı, təpiyi başımıza vurmazdımı?!
Deyək ki, insan halıdır. De Byazi də harda olduğunu unudub, Arif bəyə təpik atıb. Heç olmasa, oyundan sonrakı mətbuat konfransında üzr istəyərdi, səhv etdiyini dilə gətirəydi. Bunu etməyib. Çünki heç lazım da bilmir. Arif Əsədov susur, AFFA susur. Amma biz susmamalıyıq. De Byazinin təqaüd vaxtıdır, cənablar. Belçika ilə oyunun nəticəsindən asılı olmayaraq, onunla müqavilə yenilənməməlidir. Adamın təkcə məşqçiliyi bitməyib, artıq hərəkətlərini idarə edə bilmir, emosiyalarının əsirinə çevrilir. Ondan qurtulmağın əsl zamanıdır.
Amal Abuşov
Şərhlər