Xəbər lenti

Azərbaycan futbolu üçün “dütdülü” təbriki
Amal Abuşov
İdman 12:54 05.01.2024

Azərbaycan futbolu üçün “dütdülü” təbriki

"Eh, Surxayzadə, nə qoyub-nə axtarırsan? Dünyanın işinə bax, gör məni nəynən təbrik edirlər... "dütdülü”! Vaxt var idi məni böyük-böyük vəzifələrlə, alovlu çıxışlar, fundamental qələbələrlə təbrik edirdilər...” 

"Evləri köndələn yar” televiziya tamaşasındakı həmin məşhur səhnəni hamımız yaxşı xatırlayırıq. Keçmiş nazirin keçmiş müavini Şakir Şəkəroviç Şirinov ötən günlərin həsrətini çəkir, Surxayzadənin "dütdülü” təbrikindən sonra əməlli-başlı kövrəlir. Bu yeni il günlərində Azərbaycan futboluna könül verənlər, futbolumuzun uğurunu səmimi qəlbdən istəyənlər məhz Şakir Şəkəroviç Şirinovun vəziyyətindədir. Ötən günlərin həsrətini çəkirik. Futbolumuz adına uğurlu transfer xəbəri, xoş hadisə sorağındayıq.

Ramil Şeydayev, Emin Mahmudov, Mahir Emreli, Musa Qurbanlı... siyahı elə də uzun deyil. Gözümüz onları görür. Milli komandamızda forma geyinən yeni nəsil gənclər bu futbolçulardır. Hərgah ki, 31 yaşını tamamlayan Emin Mahmudov gənclik dövrünü arxada qoymaq üzrədir. Elə Ramil Şeydayev də 28-ə doğru addımlayır. Mahir Emreli isə 27 yaşın içindədir. Yəni ki, "gözümüzün önündə böyüyən uşaq” olduğunu düşündüyümüz bu futbolçular o qədər də gənc sayılmazlar. Bərkə-boşa düşmüş, püxtələşmiş futbolçu nəslidir. Amma hələ də onlardan gözlədiyimiz xoş xəbəri eşidə bilməmişik.

Tətil günlərində Mahir Emrelinin sorağı Dubaydan gəldi. "İnstagram”da paylaşılan şəkillərdən belə başa düşmək olardı ki, Mahirin tətili heç də pis keçməyib. Proseslərin gedişatı onu göstərir ki, Emreli tezliklə "Dinamo”dan da ayrılacaq. Heç də yaxşı günlərini yaşamayan, tarixi əzəmətini itirən Zaqreb klubu azərbaycanlı hücumçunu heyətdə saxlamaq fikrində deyil. Halbuki, indiki zəif rəqabətdən yararlanmaq, ortabab futbolçuların toplaşdığı heyətdə möhkəmlənmək üçün üçün yaxşı şans var idi. Mahir bunu bacarmadı. 

Ramil Şeydayev haqqında da bir neçə dəfə yazmışıq. Uzaq Taylandan elə də xoş xəbərlərini almırıq. Klubu da, özü də ortabab durumundadır. Onunla bağlı eşitdiyimiz yeganə qürurverici xəbər o oldu ki, çinli futbolçulara təkbaşına meydan oxudu, onları sosial şəbəkə vasitəsiylə duelə çağırdı. Azərbaycan oğluyam, Babəkəm, Koroğluyam... Vəssalam! Emin Mahmudov da bundan sonra çətin ki, "Neftçi”ni tərk edə. Çünki gözlədiyi təklifləri heç yayda da almadı. Zəif keçirdiyi mövsümdən sonra ona təklif edilən pulun daha da azalacağı heç şübhə doğurmur. Qalır "Neftçi” rəhbərliyinin səxavətinə şükr etmək. 

İsveçin "Yurqorden” klubunun rəsmiləri Musa Qurbanlıya ümid bəslədiklərini ifadə edib, ona yeni mövsümdə də inandıqlarını deyiblər. Bizim kimi onlar da düşünürlər ki, gənc hücumçu uyğunlaşma dövrünün gətirdiyi çətinlikləri yaşadı. Qalır o dövrü arxada qoyub, istedadını sərgiləmək. Yəni ki, komandasını qələbəyə daşıyacaq qolları sıralamaq. Musa digərlərinə nisbətən gəncdir və onun Avropada özünü göstərmək, daha səviyyəli çempionatlara yollanmaq şansı çoxdur. Düşünürük ki, o da bu ümidləri doğruldacaq.

Ümumi mənzərə belədir. Siyahını uzatmaq, ayrı-ayrı futbolçuların üzərində daha çox dayanmaq mümkündür. Amma dəyişən bir şey olmayacaq. Acı reallıq ondan ibarətdir ki, bizim futbolçularımız ya legioner həyatı yaşayıb, daha çox "artırmaq” (eyni zamanda da daha çox qazanmaq) həvəsində deyillər, ya da ki, onlara təlabat yoxdur. 

10-15 il bundan əvvəl İlqar Qurbanov, Vaqif Cavadov kimi futbolçularımız "Boluspor”da oynayırdı. Bizim üçün "Boluspor” səviyyəsi bir növ keçilmiş yoldir. Amma Avropanın qərbinə lap yaxınlaşmış, Albaniyanın "Eqnatiya” klubunda özünü göstərməyi bacaran Vüsal İsgəndərli üzünü o tərəfə yox, bərilərə çevirdi. Yeni ilin ilk günlərində Vüsalın Türkiyinin səviyyəsə ikinci liqasından mübarizə aparan "Boluspor”a transfer olunduğunu eşitdik. Ukraynadan Azərbaycanda gələn Aleksey İsayev isə səviyyəsini də, qiymətini də yüksəltdi, bunun da qarşılığında "Qarabağ”a keçdi. 

Bütün bunları nəzərə alanda yeni 2024-cü ildə də Azərbaycan futbolundan elə də böyük gözləntilərə düşməyə dəyməz. Amma yenə də yaxşıya ümid edək, bir də gördük ki, futbolçularımız bizi xoş sürprizlə sevindirdilər.

Amal Abuşov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->