Təxminən üç ay bundan əvvəl "Sabah” Futbol Klubunda baş verən daxili intiriqalardan bəhs etmişdik. Hələ həmin vaxt vurğulamışdıq ki, "Sabah”ın sabahı xeyli qaranlıqdır. Klubun prezidenti Maqsud Adıgözəlovla rusiyalı mütəxəssis Murad Musayev arasında yaranan soyuqluq, dərinləşən intiriqalar ölkənin ən zəngin üç klubundan birini sürətlə uçuruma aparırdı.
O yazıda "Sabah” şəxsi intiriqalara niyə qurban verilir?” sualına cavab tapmağa çalışmışdıq. Sonuncu abzası birlikdə xatırlayaq: "Günahkar kimdir? Maqsud Adıgözəlov, yoxsa Murad Musayev? Səbəb nəticəni dəyişmir. O nəticə də çox acınacaqlıdır. Ölkənin ən zəngin klublarından biri şəxsi intiriqalara qurban verilir”. İntiriqalar davam etdi, münasibətlərdəki sərinlik Arktika buzlaqlarının bənzəri olan şiddətli soyuqlarla əvəzləndi. Bu buzlaqlar sürətlə aysberqə çevrildi. Məlum oldu ki, kənardan görünənlər kiçik bir hissə imiş. Sən demə, əsas və daha təhlükəlisi "buz kimi sular”ın altında imiş. Maqsud Adıgözəlovun kapitanlıq etməyə çalışdığı "Sabah” adlı gəmi həmin o buzlaqların, aysberqlərin görünməz tərəflərinə sürətlə toxundu, qəzanın nəticələri ağır oldu.
"Misli” Premyer Liqasında 20 turdan sonra "Sabah” cəmi 26 xal toplayıb. Bu xalların sayəsində komanda 7-ci pillədə qərarlaşıb. Masazır təmsilçisi lider "Qarabağ”dan 21 xal geri qalır. Edilən transferlərin sayına və onların təxmini qiymətlərinə əsasən əminliklə söyləmək olar ki, Maqsud Adıgözəlovun ixtiyarında yetərincə geniş büdcə var. Qalır o büdcəni düzgün xərcləmək, komandaya fayda verən futbolçular transfer etmək. "Sabah”ın PFL-ə təqdim etdiyi iştirak ərizəsində 13 legionerin adı qeyd olunub. Amma bu legionerlərin böyük əksəriyyəti nəinki yerlilərdən üstün deyil, heç yerli futbolçulara ayaq uydura bilmirlər. Belə olmasaydı, "Sabah” bu mövsüm keçirdiyi 20 oyunun 8-də məğlub olmazdı. Ölkənin ən zəngin klublarından birinə doğma meydanda "Turan Tovuz”a 0:3 hesabıyla məğlub olmaq, "Kəpəz”ə bata bilməmək yaraşmırdı. Komandanın heyətində olan legionerlərin ən yaxşı bacardığı iş isə qapıların yerini dəyişmək, yəni "avtoqol” vurmaq idi.
Heyətə yararsız legionerlərin doldurulması, legionerlərin rəqib qapının əvəzinə öz qapılarını nişan alması, "Sabah”ın avrokubok zonasından xeyli uzaq düşməsi... Bütün bunlar komandanın xirtdəyəcən problemlərin içində olduğunun göstəricisidir. Bu problemlərin ən ciddisi isə klub prezidenti Maqsud Adıgözəlovla komandanın baş məşqçisi Murad Musayev arasındakı münaqişələr idi. Daha sadə dillə desək, Adıgözəlov rusiyalı mütəxəssisi yola vermirdi. Gec-tez münaqişə tərəflərindən biri məğlubiyyətə məhkum idi. Məlum məsəlidir ki, bu münaqişədə Maqsud bəy əli daha güclü olan tərəf sayılırdı, gec-tez Musayev qurban veriləcəkdi. "Sabah”ın "Qarabağ”a 1:7 hesabıyla məğlub olması isə Musayev üçün yolun sonu oldu. "Sabah”ı boğan problemlərdən çıxış yolu kimi Musayevin komandadan ayrılmasını gördülər, adamı elə vəziyyətə çatdırdılar ki, rusiyalı çalışdırıcı istefa ərizəsini rəhbərliyin masasının üzərinə qoydu.
Murad Musayev indiki məqamda qurban verildi. Kim təminat verə bilər ki, Musayevin yola salınmasıyla "Sabah”ın problemləri hamısı birdən həll olunacaq, komanda qələbələri sıralamağa başlayacaq? Tarixin səhifələrini vərəqləyəndə buna inanmaq çox çətindir. 2019-cu ilin dekabrında xorvatiyalı mütəxəssis Jelko Sopiç "Sabah”ın baş məşqçisi təyin olunmuşdu. Hələ o vaxt mütəxəssislər bu təyinatın komandaya fayda verməyəcəyini deyirdilər. Sonrasını bilirsiz, 2021-ci ilin yayına kimi "Sabah”da çalışması nəzərdə tutulan Sopiç bundan bir il əvvəl postunu tərk etdi. Xorvatiyalı Bakıdan gedəndən sonra Maqsud Adıgözəlovun "bostanına daş atmaqdan” çəkinməmişdi. Sitat: "Davit Volkov və Klesio Bauk mənim ən çox istədiyim futbolçulardan idi. Amma transfer edilmədi. Təsəvvür edin, Volkovu 500, Klesionu isə hardasa 1000 ABŞ dollarına görə əldən buraxdıq. Əlavə 500 - 1000 ABŞ dolları maaş vermək istəmədikləri üçün keçidlər baş tutmadı. "Sabah”ın pulu var idi. Sadəcə, həmin oyunçular mən istədiyim üçün alınmadı. Dedilər ki, bahadır və bizim bu futbolçulara ehtiyacımız yoxdur. Yeganə problem mənim baş məşqçi olmağım idi”. Bu yerdə onu da xatırlayaq ki, Davit Volkovu sonradan elə Maqsud Adıgözəlovun xeyir-duası ilə "Zirə”dən "Sabah”a gətirdilər.
Sopiç "Sabah”dan urvatsız yola salınandan sonra eyni aqibəti ispaniyalı Visente Qomes yaşadı. Onunla 2020-ci ilin iyul ayında 2 illik müqavilə bağlanmışdı. Maqsud Adıgözəlov Qomesi 2021-ci ilin martında, yəni, cəmi 8 ay yola saldı. Xorvatiyalı Sopiçin, ispan Qomesin başına gələnlərə baxanda Murad Musayev tanrıya şükr etməlidi. Çünki rusiyalı mütəxəssisə "Sabah”da daha çox vaxt verildi. Görünür, bu da onun nəticə qazanması ilə bağlıdır. Onu daha erkən qovmaq üçün bəhanə tapılmayıb. Musayev özü də dözüm nümayiş etdirib, son 5-6 ayda postundan ikiəlli yapışıb.
Maqsud Adıgözəlov növbəti əcnəbi baş mütəxəssisi yola salıb, özü isə postunda toxunulmazdır. Məntiqi anlamaq çətindir. Necə olur ki, həmişə baş məşqçilər günahkar olur, onları bu posta təyin edən, transferləri həyata keçirən Maqsud Adıgözəlov isə bu cür bulanıq sulardan həmişə quru çıxır? Bunu demək, səbəblər təxmin etmək çox çətindir. Dəqiq olan bir şey var. Adıgözəlovun bu cür "möhtəşəm qələbələri” "Sabah”ın sıralanan məğlubiyyətləri, uçuruma doğru sürətlə irəliləməsi sayəsində mümkün olur. Bəs, ona "dur” deyən tapılacaqmı?!
Amal Abuşov
Şərhlər