Ağ Ev hələ ki, "Havana sindromu" adlandırılan hallar ilə Rusiya xüsusi xidmət orqanlarının hərəkətləri arasında əlaqə görmür.
Qaynarinfo "Yevropeyska pravda”ya istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pyerr danışıb.
"Kəşfiyyat orqanları bu qənaətə gəlməyib. Təbii ki, kəşfiyyat qiymətləndirmə hazırlayıb. Ona görə də mən bu sualı milli kəşfiyyat direktorunun kabinetinə yönəltməliyəm", deyə Karin Jan-Pyerr bildirib.
Ağ Evin sözçüsü qeyd edib ki, prezident administrasiyası "Havana sindromu" hallarını nəzərdən keçirməyə davam edir və prezident Co Bayden federal hökumətə "təsirə məruz qalan Amerika hökumət işçilərinin və onların ailələrinin dəstək və vaxtında tibbi yardım almasını" təmin etməyi tapşırıb.
Qeyd edək ki, bundan əvvəl araşdırmaçı jurnalistlər amerikalı məmurlar arasında ciddi sağlamlıq problemlərinin - "Havana sindromu" adlanan xəstəliyin Rusiya hərbi kəşfiyyatının (əvvəllər Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Baş İdarəsi) səbəb ola biləcəyinə dair yeni sübutlar açıqlayıblar.
ABŞ-ın Kubadakı səfirliyinin əməkdaşları 2016-cı ildə xəstəlikdən şikayət etməyə başlayandan sonra fenomen "Havana sindromu" kimi tanınıb.
Qurbanlar eşitmə və yaddaş problemi, yuxusuzluq və diqqəti cəmləyə bilməmək kimi bir sıra sirli sağlamlıq problemlərindən əziyyət çəkirlər.
Nizami Bağırov
Şərhlər