Əgər Ukraynanın Baxmut müdafiəçilərinin yaxın günlərdə məğlub ola biləcəyini söyləsələr, demək, NATO vəziyyəti tam başa düşmür.
Qaynarinfo Pravda.com.ua-ya istinadla xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Şərq qrupunun nümayəndəsi Sergey Çerevatı milli telemarafonun efirində
deyib.
"Mənim NATO-nun baş qərargahının ekspertləri ilə müəyyən təcrübəm var. NATO-nun daha sıx əlaqədə olduğu sonuncu müharibə keçmiş Yuqoslaviyadakı müharibələr olub. Bu müharibələr qoşunların həcmi və istifadəsi baxımından xeyli kiçik olub və sair. Onlar sabitləşdirmə, təlim və ya sülhməramlı missiyalara daha çox öyrəşiblər.
Düşünürəm ki, burada müharibənin məntiqini tam başa düşmək onlar üçün çətindir. Onlar buna sırf praqmatik olaraq quru hesablamalarla yanaşırlar, bəzən başa düşmürlər ki, ukraynalılar müharibədə bir il ərzində daha böyük sabitlik, qeyri-standart hərəkətlər və taktiki qərarların gücünü əldə ediblər. Ona görə də hesab edirəm ki, başqaları bunu öyrənməlidir. Artıq öyrənirlər də.
Düşünürəm ki, bu cür bəyanatlara hörmətlə yanaşılmalı, lakin bütün vəziyyəti tam dərk etmədikləri anlayışı ilə yanaşmaq lazımdır”.
Çerevatı qeyd edib ki, müharibənin başladığı vaxt Kiyevin bir neçə saat ərzində təslim olacağının proqnozlaşdırılması bunun bariz nümunəsidir.
O, əlavə edib ki, düşmən cəmi bir gündə Baxmut istiqamətində 128, Baxmutun özündə isə 20 hücum təşkil edib. 41 toqquşma olub, onlardan 19-u Baxmut ərazisində baş verib. 127 düşmən öldürülüb, 135-i yaralanıb.
Xatırladaq ki, NATO-nun baş katibi Yens Stoltenberq martın 8-də Ukraynanın Baxmut müdafiəçilərinin yaxın günlərdə məğlub ola biləcəyini, lakin bunun müharibədə mütləq dönüş nöqtəsi olmayacağını bildirib.
Alpər
Şərhlər