"ABŞ-ın yaxın gələcəkdə Kiyevin NATO-ya üzvlüyündə maraqlı olmaması Rusiya ilə müharibə şəraitində olması ilə əlaqədardır".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Rüstəm Tağızadə deyib.
Politoloq bildirib ki, iqtisadi və hərbi resurslar baxımından Ukrayna başqa ölkələr tərəfindən təmin edilir. Yəni onların dəstəyi olmasa Ukrayna tab gətirə bilməz:
"NATO-ya isə problemləri başdan aşan ölkə lazım deyil. Müharibə qurtarandan sonra belə Ukraynanın yenidən qurulması üçün Qərb böyük vəsaitlər xərcləməli olacaq. Ona görə də Ukraynanın NATO-ya üzvlük məsələsində fikir ayrılığı yaranıb. ABŞ-ın özündə belə bu məsələdə fikir ayrılıqları qabarıq şəkildə özünü göstərir. Həmçinin, indilikdə Kiyevin NATO-ya üzv olması, xüsusən də gələcəkdə Rusiya ilə siyasi münasibətləri hansı yöndə qurmaq məsələsi kimi digər faktorları da üzə çıxaracaq. Bu baxımdan da ABŞ Kiyevin NATO üzvü olması məsələsində tələsmir. Yaxın gələcək üçün bu mümkünsüzdür".
Ekspert qeyd edib ki, Kiyevin indiki məqamda NATO-ya qəbulu digər alyans üzvlərinin də birbaşa müharibəyə cəlb edilməsi demək olardı:
"İndiki halda Ukrayna NATO-ya qəbul olunarsa, müharibənin davam etməsi fonunda bu alyans üzrə müttəfiqlərin Kiyevi açıq şəkildə müdafiə etmələri demək olacaq. Ona görə də ABŞ və digər NATO ölkələri həmin məsuliyyəti bölüşməkdən qaçır. Yəqin bu amilləri nəzərə alaraq, Vaşinqton Kiyevin NATO-ya üzvlük məsələsində tələsmir".
Qeyd edək ki, ABŞ-ın Şimali Atlantika Alyansındakı daimi nümayəndəsi Culianna Smit Ukraynanın yaxın gələcəkdə NATO-ya üzv ola bilməyəcəyi barədə açıqlama ilə çıxış edib. "Hazırda Alyansın qısa müddətdə dəvət vermək barədə danışacağı mərhələdə deyilik", deyə Smit bildirib.
Rüfət Sultan
Şərhlər