Xəbər lenti

Trampın 40 dollara neft strategiyası Ukraynada sülhə səbəb olacaqmı? (ŞƏRH)
Dünya 12:55 09.09.2024

Trampın 40 dollara neft strategiyası Ukraynada sülhə səbəb olacaqmı? (ŞƏRH)

"Trampın bu niyyətinin reallaşması mümkündür, lakin müəyyən zaman aparacaq".

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadi ekspert Natiq Cəfərli ABŞ-da prezidentliyə namizəd Donald Trampın neftin qiymətini 40 dollara salmaqla Kiyevlə Moskvanı sülhə vadar edəcəyi barədə səsləndirdiyi fikirlərini şərh edərkən deyib.

"Ümumiyyətlə, Trampın komandasının əsas strategiyası ucuz neft qiymətlərinə nail olmaqla Amerika iqtisadiyyatını rəqabətli hala gətirməkdir. Nə vaxt neftin qiymətləri ucuz olub, həmin dövrlərdə Amerika iqtisadiyyatı da daha güclü inkişaf edib. Trampın da belə bir strategiyası var. Düzdür, qısa müddətdə və asanlıqla neftin qiymətini 40 dollara salmaq mümkün deyil. Bununla belə, Amerika bu gücə malikdir", deyə Natiq Cəfərli bildirib. 
 


Ekspert düşünür ki, Tramp seçilsə strategiyasını məhz neftin qiymətini aşağı salmaq istiqamətində quracaq: 

"Bu fonda Amerikada neft istehsalı üzrə hasilat artacaq. ABŞ hazırda dünyanın ən böyük neft istehsalçısıdır. Bu göstəriciyə görə, Səudiyyə Ərəbistanını da keçib. Onun gündəlik neft hasilatı 13,4 milyon barreldir. ABŞ-ın gündəlik hasilatı 15-16 milyon barrelə qədər artırmaq potensialı var. Trampın komandası iş adamlarına neftlə bağlı vergiləri aşağı salacağı, dövlət dəstəyini həyata keçirəcəyi vədini də verib. Habelə, yeni yataqların işlənməsinə lisenziyaların verilməsi də asanlaşacaq. Sadəcə, neftin qiymətinin 40 dollardan aşağı salınması müəyyən zaman alacaq. 40 dollar olmasa da, 45-50 dollara qədər enə bilər. Belə bir vəziyyətin yaranması isə birmənalı şəkildə Rusiya iqtisadiyyatına ciddi zərbə vuracaq. Bu da Kremli sülh məsələsində müəyyən qədər yumşalmağa vadar edə bilər". 

Qeyd edək ki, Tramp prezident seçiləndən sonra başlıca planının enerji qiymətlərini yarıya qədər və ya daha çox azaltmaqdan ibarət olduğunu açıqlayıb. Onun sözlərinə görə, Putin 40 dollara olan neftlə mübarizə apara bilməyəcək.

"Həqiqətən, qələbəm məlum olan gecə mən iki nəfərə zəng edəcəm: Putin və Zelenskiyə... Biz 24 saat ərzində müqavilə bağlayacağıq", deyə Tramp əminliklə qeyd edib.

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->