"Öhdəliklərə əməl olunması üçün xüsusi bir mexanizmin yaradılmasına ehtiyac yoxdur”.
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Arif Əliyev Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun sülh sazişi ilə bağlı bəyanatını şərh edərkən deyib.
Ekspert bildirib ki, istənilən saziş tərəflər qarşısında onlara əməl etmək öhdəliyi qoyur:
”Burada söhbət öhdəliklərdən gedirsə, müqavilə hazırlanarkən onun müxtəlif mərhələlərində əsas müddəalar qeyd olunur. Bu, ərazi bütövlüyü və suverenliyin tanınması öhdəliyidir. Digər bir öhdəlik isə problemlərin həllində güc tətbiq etməməkdən ibarətdir. Yəni, bütün məsələləri sülh yolu ilə həll etmək öhdəliyi götürülür. Əsasən məhz bu iki öhdəliklər mövcud olur. Ehtimal ki, burada onlardan söhbət gedir”.
A.Əliyev qeyd edib ki, sazişdə kommunikasiyaların açılmasının da nəzərdə tutulduğunu demək çətindir:
”Birbaşa addımlar atılacaq. Ardınca diplomatik əlaqələrin, ticari əlaqələrin bərpası, kommunikasiyaların açılması gəlməlidir. Amma öhdəliklərə əməl olunması üçün xüsusi bir mexanizmin yaradılması məsələsinə Azərbaycan indiyə kimi o qədər də meyl gösdtərmirdi. Bunu daha çox Ermənistan tələb edirdi. Ona görə də danışıqlar prosesinə bu və ya digər formada üçüncü tərəfləri də qoşuldu. Son zamanlar Ermənistan prosesə Fransanı qoşmağa cəhd edirdi ki, bu ölkə Avropa İttifaqının üzvü olaraq qarant rolunu oynasın və nəzarət etsin. Rusiya isə bu rola da özünü təklif edirdi”.
Ekspert vurğulayıb ki, Azərbaycanın daha çox meyl etdiyi variant Tiflisdə ikitərəfli qaydada məsələnin həlli variantıdır ki, burada Gürcüstana heç bir xüsusi rol ayrılmır:
”Tiflis yalnız xoş niyyət nümayiş etdirən ölkə olmaqla bir məkan kimi götürülür”.
Qeyd edək ki, İtaliyanın "Adnkronos” nəşrinə müsahibəsində Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov sülh sazişinin yalnız Ermənistanın ciddi öhdəliyi ilə mümkün olduğunu bildirib:
"Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması ancaq İrəvan hökumətinin sülh prosesində öz iştirakını imitasiya etməyi dayandıracağı, Azərbaycanın bir il əvvəl təqdim etdiyi və beynəlxalq hüququn beş əsas prinsipinə əsaslanan layihə üzərində konstruktiv şəkildə məşğul olacağı halda mümkün olacaq”.
Rüfət Sultan
Şərhlər