Yeni dəlillərə görə, prokurorluq baş nazir Robert Fikonun həyatına sui-qəsd cəhdi ilə bağlı cinayəti "qəsdən adam öldürmə”dən terrorizmə tövsif olunub.
Qaynarinfo xəbər verir ki, bu barədə Slovakiyanın Baş prokuror Maros Jilinka bəyanatla çıxış edib.
Əvvəlcə Fikonun həyatına qəsd qəsdən adam öldürmə kimi araşdırılırdı.
İndi Baş Prokuror vəziyyətin dəyişdiyini və təqsirləndirilən şəxsə maddənin dəyişdirilməsi barədə məlumat verildiyini açıqlayıb.
"Alınan sübutlara əsasən, araşdırılan əməl gələcəkdə terror aktı şəklində xüsusilə ağır cinayət kimi tövsif olunacaq”, - o bildirib.
Maddənin dəyişməsindən asılı olmayaraq, hücum edən Yuray Tsintulanı ömürlük həbs gözləyir.
Bununla belə, bu qərar onun hərəkətlərini açıq şəkildə bəyənənlər üçün ciddi nəticələrə səbəb ola bilər: qanunda nəzərdə tutulur ki, terror aktının açıq şəkidlə bəyənilməsi "terrorda əlbirçilik” formasıdır və 3 ildən 10 ilədək həbs cəzası ilə cəzalandırıla bilər.
Xatırladaq ki, Robert Fikoya qarşı sui-qəsd mayın 15-də Qandlova şəhərində hökumətin iclasından sonra həyata keçirilib. Hücum edənin 71 yaşlı Yuray Tsintula olduğu müəyyən edilib. Dindirmə zamanı o, bildirib ki, Fikonu öldürmək niyyətində olmayıb, ancaq "sağlamlığına zərər vurmaq" istəyib. O, Fikonun yürütdüyü siyasətlə razı olmadığını bildirib.
Nizami Bağırov
Şərhlər